Ramiz Yediyarovun saxtakarlıq üslubu
Tarix: 13-10-2015, 09:54 | Çap et
Ramiz Yediyarovun saxtakarlıq üslubu
Birmənalı olaraq demək olar ki, Ramiz Yediyarov Gədəbəyə rəhbərlik etməyə başladığı vaxtdan bəri bu rayonun idarə olunmasında tətbiq edilən ən populyar üsullardan biri də məhz saxtakarlıq olub. Nə qədər acınacaqlı olsa da etiraf edilməlidir ki, bu gün Gədəbəydə baş verən istənilən hadisə, gedən bütün proseslər məhz Rayon İcra Hakimiyyəti rəhbərliyinin müdaxiləsi nəticəsində böhtan, yalan və saxtakarlıqla müşayiət olunmaqdadır. Ramiz Yediyarov üçün fərq etməz. O, bu üsullardan sadiq məmurlarının təqsiri üzündən baş vermiş ölüm hadisəsinin ört-basdır olunması üçün də istifadə edə bilər və yaxud da eyni “uğurla” bu üsulları hər hansı namizədin seçki kampaniyasını əngəlləmək üçün tətbiq edər. Əsas odur ki, bu üsullar başçının öz işinə yarayır, onun öz tələblərinə cavab verir. Bu dediklərimizi əsaslandırmaq üçün ötən saylarımızda dərc etdiyimiz sadəcə iki materialı bir daha sizlərə xatırlatmaq istərdik. İlk növbədə qəzetimizin 26.08.2015 tarixli sayında dərc olunmuş “İcra başçısının məsuliyyətsizliyi daha bir faciəyə səbəb oldu” başlıqlı məqaləyə nəzər salaq. Materialda qeyd olunmuşdu ki, bir müddət əvvəl Gədəbəydə su təchizatı ilə bağlı yaranmış son dərəcə böhranlı vəziyyət şəhərin su və kanalizasiya xətlərinin yenilənməsi üzrə işlərin bərpa olunması zərurətini ortaya qoymuşdu. Bundan sonra sonra, cari ilin fevral ayından etibarən həmin işlər yerli şirkətlərdən birinə həvalə edildi. Maraqlıdır ki, şəhər sakinləri bu şirkətin nə adı, nə rəhbərliyi, nə sahibi, nə də indiyədək hansı layihələrin həyata keçirilməsində iştirakı olması barədə heç bir məlumata malik deyillər. Eyni zamanda da bu şirkət aldığı sifariş üzrə işləri bir sıra ciddi qanun pozuntuları ilə həyata keçirir. Mənbələr bildirirlər ki, şirkət işlərə cəlb etdiyi usta və fəhlələrlə heç bir əmək müqaviləsi bağlamır. Eyni zamanda da fəhlələrin əməyini qul əməyi kimi dəyərləndirən şirkət rəhbərləri, heç bir təhlükəsizlik tədbirləri də həyata keçirmirlər. Bunun nəticələri isə, çox ağır olur. Aldığımız məlumata görə, avqust ayının son günlərində aparılan qazıntı işləri zamanı bədbəxt hadisə baş vermişdir. Belə ki, tikintidə işləyən Tağıyev Rüstəm Cəlal oğlu hansısa işi icra etmək üçün yeni qazılmış xəndəyə düşüb. Bu zaman xəndəyin kənarında qalaqlanmış torpaq qatı sürüşərək, fəhlənin üzərinə tökülüb. Nəticədə Rüstəm Tağıyev hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı yeni əldə etdiyimiz məlumatda isə, bir sıra ilginc açıqlamalar təqdim olunur. İlk növbədə bildirilir ki, mərhum Rüstəm Tağıyevin atası Cəlal Tağıyev baş vermiş olaya görə Rayon İcra Hakimiyyətinin rəhbərliyindən şikayətçidir. Məsələ bundadır ki, RİH-nin sifarişini icra edən şirkət tərəfindən işə cəlb olunmuş Rüstəm Tağıyevlə də bir çox digərləri kimi heç bir müqavilə bağlanmayıb. Faciə baş verdikdən sonra əl-ayağa düşən şirkət rəhbərləri məsuliyyətdən yaxa qurtarmaq üçün köhnə tarixlə əmək müqaviləsi hazırlayıblar. Sənədlərin tərtibatı zamanı isə məlum olub ki, Rüstəm Tağıyev sən demə Rusiya vətəndaşıdır. Bax elə bu məqamda məsələyə qarışan Ramiz Yediyarov, mərhumun Azərbaycan vətəndaşı olduğunu təsdiqləyən müvafiq saxta sənədin əldə olunmasını təmin edib. Rüstəm Tağıyevin atasına isə vəd ediblər ki, əgər o, bu hadisə ilə bağlı şikayət etməzsə, bu zaman onun oğlunun ailəsinə maddi kompensasiya ödəniləcək. Lakin icra başçısının bu vədi də adi yalan çıxıb. Aradan xeyli müddət keçsə də, mərhumun ailəsinə heç bir yardım olunmayıb. Qeyd edək ki, baş vermiş faciə nəticəsində Rüstəm Tağıyevin iki azyaşlı övladı ata qayğısından həmişəlik məhrum olublar. Lakin bütün bunlar əlbəttə ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyini qətiyyən maraqlandırmır. Xüsusən də, Milli Məclisə seçkilər ərəfəsində, icra başçısının bütün diqqətinin namizədlərin seçki kampaniyaları ilə bağlı növbəti maxinasiya və saxtakarlıqların tətbiqinə yönəldiyi bir zamanda. Elə xatırlatmaq istədiyimiz ikinci materialda da məhz bu mövzudan bəhs olunurdu. Belə ki, 18.09.2015-ci tarixli sayımızda dərc olunmuş bu məqalə “Ramiz Yediyarov Milli Məclisə seçkiləri əngəlləyir” başlığı altında işıq üzü görmüşdü. Materiallarda yerli mənbələrə istinadən qeyd olunmuşdu ki, Ramiz Yediyarov qarşıdan gələn Milli Məclisə deputat seçkilərini də artıq öz korrupsiya hədəfinə çevirib. Belə ki, aldığımız məlumatlara görə, RİH başçısı tərəfindən namizədlərin qeydə alınması prosesi ciddi nəzarətə götürülüb və yalnız müəyyən şərtlərə əməl edən vətəndaşlar Gədəbəydə öz namizədliklərini irəli sürə bilərlər. Elə bu günlərdə mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət etmiş Ülvi Kazımın açıqlamaları da bizim yazıda Gədəbəy RİH rəhbərliyinin ünvanına səsləndirilmiş ittihamları bir daha təsdiqləmiş oldu. Qeyd edək ki, Gənclər təşkilatının sədri Ülvi Kazım 103 saylı Gədəbəy seçki dairəsindən parlament seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb. Bu xüsusda namizəd mətbuata verdiyi açıqlamasında bildirib ki, o Gədəbəydə rayonun rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalıb: “Mən seçicilərimlə görüşə bilmirəm. Rayonun icra numayəndələri, bələdiyyə sədrləri seçiciləri üstümə salırlar ki, guya onlar artıq öz seçimlərin ediblər. Yəni həmin ərazidən sonuncu 5 ili deputat seçilən Sevinc Hüseynovanı yenidən seçiblər. Halbuki, 5 il müddətində bu deputat bir-iki dəfə mətbuata nəsə açıqlama verib. Mən isə aktiv gəncəm və mənim gələcəyim var. Yaşım cavan olsa da, ölkəmizin ictimai-siyasi həyatında özümə məxsus yerim və yolum var. Ancaq buna baxmayaraq mənə qarşı doğma Gədəbəy rayonumda rayonun rəhbərliyi tərəfindən təzyiq günü-gündən artır”. Bundan sonra kütləvi informasiya vasitələrinin imkanlarından yararlanaraq, Ülvi Kazım gənclərə müraciət edib və ölkə başçısından kömək istəyib: “Salam hörmətli gənclər! Bildiyiniz kimi mən 103 saylı Gədəbəy seçki dairəsindən parlament seçkilərinə namizədliyimi irəli sürmüşəm! Nəzərinizə çatdırmaq istəyirəm ki, burda mənə təzyiqlərlə, icra nümayəndəliyinin biganə və öncədən düşünülmüş xoşagəlməz hərəkətləri ilə üzləşirəm. Gədəbəy rayonu icra aparatı hörmətli prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi demokratik siyasətin əksinə olaraq, seçki prosesinə kobud müdaxilə edir. Mən sivil qaydada imza toplama prosesində iştirak edə bilmirəm. 103 saylı seçki dairəsinin ərazisinə aid olan bütün kəndlərin bələdiyyə sədrləri, icra nümayəndələri və onların əlaltıları birbaşa mənim seçicilərimə hədə-qorxu gələrək, mənim imza

vərəqəmə imza atmalarına mane olurlar...” Sonda bilavasitə ölkə rəhbərliyinə müraciət edən namizəd, Gədəbəy RİH-nin rəhbərliyi tərəfindən istinad edilən siyasi motivasiyalara da olduqca obyektiv və dügün qiymət verib: “Sizi əmin edirəm ki, bu məmurlar YAP vəsiqəsi ilə Sizin yürütdüyünüz parlaq siyasətə kölgə salan ən təhlükəli müxalifətçilərdir. Mənim Sizə, ailənizə və mərhum prezidentimiz Heydər Əliyevin siyasətinə olan böyük hörmətim və diqqətim, ictimai-siyasi fəaliyyətimdə həmişə öz əksini tapmışdır. Mənim kimi dövlətimizə və dövlətçiliyimizə xidmət edən bir ictimai xadimə və gənc yazıçıya bu cür təzyiqlər yolverilməzdir. Sizi əmin edirəm ki, mən heç bir zaman öz əqidəmdən dönmərəm. İnanıram ki, mən bu parlament seçkilərində qalib gələrək layiqli bir millət vəkili olacağam”.

Göründüyü kimi, bizim öz qəzetimizin səhifələrində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun törətdiyi özbaşınalıqar və qanun pozuntuları barədə yazdıqlarımızın hər kəlməsi tam olaraq əsaslıdır və bu, müxtəlif mənbələr tərəfindən təqdim olunan fakt və açıqlamalarda da öz təsdiqini tapır. Ümid edirik ki, bütün bu məlumatlar ən yaxın zamanda Gədəbəy əhalisinin nəhayət ki, Ramiz Yediyarov zülmündən xilas olmasında da öz rolunu oynayacaqdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net