"Mc Donalds" Azərbaycanda yenə hədəfə gəldi
Tarix: 8-09-2015, 10:35 | Çap et
"Mc Donalds" Azərbaycanda yenə hədəfə gəldi
Sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər "Mc Donalds" restoranlar şəbəkəsinə qəzəb püskürməkdədirlər. Bunun səbəbi isə yeni yayılan videokadrlardır.

Yayılan videogörüntüdən görünən odur ki, Bakıda fəaliyyət göstərən "Mc Donalds" restoranlarından birinin mühafizəçisi dilənçi olduğu ehtimal olunan qadın və onun yanındakı azyaşlı uşaqla kobud davranır, onlara əl qaldırmaqla ərazidən uzaqlaşdırmağa çalışır.
Sözügedən videonu "Azadlıq" radiosunun saytına adının açıqlanmasını istəməyən Bakı sakini göndərib. Onun dediyinə görə, hadisə sentyabrın 3-də, restoranın Nərimanov rayonundakı filialında baş verib.
İstər radionun saytında, istərsə də sosial şəbəkələrdə videogörüntüyə münasibətini açıqlayan vətəndaşlar isə bunu şiddətlə qınamaqla yanaşı, "Mc Donalds"ın ünvanına da sərt fikirlər bildiriblər. Nəticədə sözügedən restoranlar şəbəkəsi məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb.
"İstər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış yolverilməzdir" - deyə Bakıdakı "McDonalds" restoranlar şəbəkəsinin kadrlar şöbəsinin müdiri Anar Bayramov belə deyib.
O, restoranın Nərimanov rayonundakı filialında mühafizəçinin uşaqlı qadını kobudluqla oradan uzaqlaşdırması ilə bağlı yayılmış videodan xəbərsiz olduqlarını bildirib: "Bu barədə məlumatsızıq. Hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kimsə bu cür davranışa yol veribsə, təbii ki, tədbir görəcəyik. Adətən dilənçilər belə yerlərə müdaxilə etmirlər. Müştərilər bizim restoranlarda istirahət edirlər və heç kəsin onların istirahətinə mane olmasına icazə yoxdur. Amma kobudluq da olmamalıdır, məsələni araşdıracağıq".
Anar Bayramov restoranlardakı mühafizəçilərin onlar tərəfindən deyil, kənar şirkət tərəfindən təyin olunduqlarını bildirib.
"Mc Donalds" yetkilisinin bu dedikləri daha da böyük təpki ilə qarşılaşıb. Əksəriyyət videogörüntüdəki hadisəni operativ və obyektiv şəkildə araşdırıb üzrxahlıq edilməsini istəyir.
Onsuz da Azərbaycanın ictimai rəyində "Mc Donalds" restoranlar şəbəkəsi ilə bağlı qənaət bir o qədər də müsbət deyil. Buna səbəb indiyədək Bakının bir çox "Mc Donalds" restoranlarında xoşagəlməz halların yaşanmasıdır. Məsələn, bir müddət əvvəl yerli KİV yazdı ki, bir Bakı sakini yemək üçün məşhur fast-food restoranı olan "Mc Donalds"a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı "Bif rolu" yeyərkən lavaşın kifləndiyini görüb. Bundan sonra o, qidanın şəkillərini çəkərək "milli.az"a ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib.
Başqa bir fakt: ötən il isə başqa bir Bakı sakini Rolan Məmmədov paytaxtın Nizami küçəsində daimi müştərisi olduğu "Mc Donalds"dan sifariş etdiyi "Sezar" salatının içindən ilbiz çıxdığını iddia etmişdi. Bundan sonra o, məhkəməyə baş vurmuşdu.
Hesab etmək olar ki, adıçəkilən restoranlar şəbəkəsi ilə bağlı ortaya çıxan yeni narazılıq faktı - məlum videogörüntü ətrafında geniş ictimai qınaq və təpki onsuz da imic sarıdan ölkəmizdə heç də yaxşı günlərini yaşamayan "Mc Donalds"ın nüfuzuna növbəti zərbə olacaq.
Qidalarının keyfiyyəti, sağlamlıq baxımından təhlükəliliyi ciddi müzakirə və mübahisə mövzusuna çevrilən, hətta, bir sıra xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərməsinin yasaqlanması ilə bağlı təkliflərin səsləndirildiyi "Mc Donalds"ın indi də əməkdaşlarının azyaşlıya qarşı kobud davranmaqdan çəkinməməsini göstərən fakta görə ictimai ittiham hədəfinə çevrilməsi bu restoranlar şəbəkəsinin ölkəmizdəki perspektivini ciddi şübhə altına alır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net