Duzlu gölün SİRRİ: Məmurlara pul, xalqa xəstəlik...
Tarix: 4-08-2015, 10:59 | Çap et
Duzlu gölün SİRRİ: Məmurlara pul, xalqa xəstəlik...
Suraxanı rayonu ərazisində yerləşən “məhşur” Duzlu göldən yəqin hər birinizin məlumatı var.

İndi üfunət qoxuyan, antisanitariya baş alıb gedən bu məkan bir qədər də cəhənnəmi xatırladır.

Adamlar bilə-bilə ki, gölə yaxınlıqdakı evlərin kanalizasiya xətlərindən çirkab axıdılır, amma yenə də “istirahət” üçün bura üz tuturlar.

Bunun niyəsini saxlayaq... Bir azdan cavab tapacağıq.

İndi isə bir qədər Duzlu gölün özü barədə.

Bu gölün xəstəlik mənbəyi olduğu dəfələrlə rəsmi şəkildə müvafiq qurumlar tərəfindən dilə gətirilib.

Əgər həqiqətən də belədirsə, gün ərzində 10 mindən artıq adamı bu üfunət zonasına niyə buraxırlar?

Üstəlik bura daxil olan hər avtomobildən ödəniş də alırlar. Kim edir bunu?..

Bəli, bura Suraxanıdır. Bakının, Azərbaycanın baş şəhərinin bir hissəsi. Yəni ucqar bir dağ rayonunun ucqar bir kəndi deyil ki, məmurlar, vəzifə sahibləri bundan xəbərsiz olduqlarını iddia edələr.

Və hər bir azərbaycanlıya o da məlumdur ki, Duzlu gölə gələnlərdən ödəniş istəyənlər bunu özbaşlarına etmirlər.

Bu ödəniş mütləq harasa çatdırlır.

Yoxsa, gün ərzində 5-8 min arası avtomobildən alınan ödənişin kimsədən xəbərsiz, bir qapıda duranın cibinə axdığına inancaqsınız?..

Bilirsiniz, bizi narahat edən nədir, vəzifə sahibləri bilə-bilə ki, bura xəstəlik mənbəyidir, insanlardan pul alaraq, onları çirkab, kanalizasiya suyunda məhv edirlər.

Zavallı insanlar, xüsusilə də dəri xəstəliyindən əziyyət çəkənlər, son ümid olaraq, sağalacaqlarının müqabilində hətta kanalizasiya suyunu udmağa hazır olduqlarının fərqindədirlərmi?...

Bəlkə, bura heç xəstəlik mənbəyi deyil.

Yox, əgər bu Duzlu göl doğrudanda min bir dərdin dərmanıdırsa, onda niyə bu şəkildə baxımsızdır. Ərazi orta əsrləri xatırladır.

Bəlkə Suraxanı rayon İcra Hakimiyyətinin məsələdən xəbəri yoxdur?..

Bəlkə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da bundan xəbərsizdir?..

Ola bilər...

Necə ki, Bakıda çoxmərtəbəli binaları plastik üzlüklə örtdülər, adamları yandırıb öldürdülər, sonda da bilinmədi ki, bunu kim edib...

Şübhə etmirik ki, bu göldə insanların “qazanacaqları” ciddi xəstəliklərdən sonra araşdırma aparılanda hər hansı müvafiq qurumun bundan xəbəri olmayacağı üzə çıxacaq.

Bax o zaman günahkar Duzlu göl əraszisinin giriş qapısında dayanıb günün altında yanaraq qazandığı 10 manat müqabilində sahiblərinə yüz minlər verən qapıçı olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net