Arif Məmmədov kimdən tövsiyə alır; üstüörtülü açıqlamanın açıq sualları
Tarix: 23-06-2015, 11:02 | Çap et
Arif Məmmədov kimdən tövsiyə alır; üstüörtülü açıqlamanın açıq sualları
Azərbaycanın Avropa Şurası və Avropa İttifaqındakı nümayəndəliyinin keçmiş rəhbəri, İƏT-in Avropa İttifaqındakı keçmiş nümayəndəsi, diplomat Arif Məmmədov “Azərbaycan Saatı” proqramına maraqlı açıqlamalar verib. Bakıdakı yanğın faciəsi ilə bağlı yazdığı qalmaqllı statusdan sonra gündəmə gələn və hücumlara məruz qalaraq vəzifəsindən istefa verən Arif Məmmədovun açıqlamalarındakı bir sıra məqamlar diqqət çəkib. Gələcək siyasi fəaliyyətilə bağlı danışan Arif Məmmədov “Bu gün Azərbaycanda özünü müxalif elan edən, istər real müxalifət olaraq fəaliyyət göstərən qurumlar var. Arif Məmmədov bu qüvvələrlə hansı məsafədə dayanacaq” sualına belə cavab verib: “Mən bu fəaliyyətə yeni qoşulmuşam. Mən bilirəm Azərbaycanda hansı siyasi partiyalar müstəqildir, hansı partiya hakimiyyətə bağlıdır, hansı isə xalqın maraqları naminə çalışır. Bu barədə çox diqqətli izləyirəm baş verənləri. Mənə edilən tövsiyələrə əsasən belədir ki, müstəqil olaraq fəaliyyət göstərim. Amma mən anlayıram ki, siyasi partiyasız təbii ki, çətindir. Arxanda siyasi partiya dayanmayandan fəaliyyət göstərmək çətindir. Amma mən bu gün bu suala tam cavab verməyə hazır deyiləm. Çünki mən ilkin mərhələdə texniki məsələlərlə bağlı işləməliyəm”.
Arif Məmmədovun “Mənə edilən tövsiyələrə əsasən belədir ki, müstəqil olaraq fəaliyyət göstərim” fikri xüsusilə diqqət çəkir.
Çünki ayrı-ayrı hakimiyyət nümayəndələri Arif Məmmədovu müstəqil hərəkət etməməkdə, hansısa dairələr tərəfindən ələ alınmaqda, hətta xəyanət içərisində olmaqda, xarici kəşfiyyata satılmaqa ittiham edirlər. Belə bir məqamda Arif Məmmədovun “mənə edilən tövsiyələr belədir ki, müstəqil olaraq fəaliyyət göstərim” deməsi bu tövsiyəni haradan və kimdən alması barədə ortaya ciddi suallar çıxarır.
O da maraqlıdır ki, Arif Məmmədov ona qarşı ittihamları əsassız adlandırsa da, hansısa dairələrə bağlılığı barədə deyilənlərin üzərinə çox da getmir. Bu ittihamlara ümumi şəkildə cavab verməklə kifayətlənir. Hansı ki, bir diplomata qarşı ən ağır ittiham onun xarici kəşfiyyat tərəfindən ələ alınmasıdır. Arif Məmmədovsa bu ittihamlara ötəri cavab verməklə daha çox diqqəti gələcəyə hesablanmış hansısa “X” planına yönəltməyə çalışır.
Onun fəaliyyət istiqaməti və sferası ilə bağlı kimdənsə tövsiyə alması barədə dedikləri isə həqiqətən də ortada bir planın olmasından xəbər verir. Amma Arif Məmmədovun tövsiyyəni haradan aldığı bəlli olmadığı kimi, bu planın da əsasını nələrin təşkil etdiyi məlum deyil. Ancaq istənilən halda onun son açıqlaması Arif Məmmədova qarşı ittiham yağdıranların arqumentlərini güclənidirir.
Arif Məmmədovun son açıqlamasında başqa bir diqqətçəkən məqam isə ona qarşı hücumlarla kimlərinsə xarici işlər naziri Elmar Məmmədyarovu hədəfə almaq niyyətində ola bilməsi barədə dedikləridir. Əgər doğrudan da ortada belə bir plan varsa, demək ki, hakimiyyət daxilində kimlərsə prezidentin xarici siyasətdəki bir nömrəli adamına qarşı çıxanlar mövcuddur və onlar həm də İlham Əliyevə qarşı çıxmış olurlar. Amma yenə də müəmmalı şəkildə Arif Məmmədov həmin qüvvələrin də adını çəkmir. Kimlərsə bunu onun təcrübəli diplomat kimi üstüörtülü dildə danışması ilə izah etməyə çalışa bilər. Ancaq Arif Məmmədova qarşı açıq hücumların ortada olduğu indiki vəziyyətdə məsələlərə diplomatik dildə aydınlıq gətirməyə çalışmaq uğurlu variant sayıla bilməz. Həm də Arif Məmmədovun özünün də dediyi kimi artıq o açıq siyasi fəaliyyətə başlayıb. Avropanın siyasi mərkəzlərindən birində oturub Bakıya üstüörtülü siyasi mesajlar verməklə hansısa uğur qazanmaq, onun dediyi kimi hakimiyyətdəki hansısa qrupları ifşa etmək olmaz.
Bununla belə Arif Məmmədovun son açıqlamaları indi iki sualı daha çox aktual edir; O dediyi tövsiyələri kimdən alır və hakimiyyət daxilində ölkənin xarici işlər nazirini vurmaq istəyən qüvvələr kimlərdir, onlar bununla nəyə nail olmaq istəyirlər. Bu suallar Avropadan Azərbaycan siyasətinə hələlik ancaq dil uzada bilməklə gündəmdə olan Arif Məmmədov üçün də açıqdır. Buyursun…
Zabil MÜQABİLOĞLU





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net