Məmur-oliqarxlar müxalifətdən kömək istəyib - sensasiya!
Tarix: 28-05-2015, 10:38 | Çap et
Məmur-oliqarxlar müxalifətdən kömək istəyib - sensasiya!
“Beynəlxalq Bank işi” ilə bağlı biznesmenlərin həbsi ölkə gündəminin əsas mövzusu olaraq qalmaqdadır. Prezidentin yanğınla bağlı son müşavirədə təkcə bu hadisə ilə bağlı deyil, dövlət bankının əmlakını mənimsəməkdə günahı olanların da cəzadan yaxa qurtarmayacağını deməsi məmur-oliqarxların qorxusunu daha da artırıb. Yalnız bəyanatlar və aksiyalar üçün meriyaya müraciət etməklə varlığını qoruyan müxalifətin siyasi səhnədə də təsirini tam itirməsi bütün diqqətləri hakimiyyət daxilindəki “suçlulara” yönəldib.

Adətən bu kimi dövlət səviyyəsində baş verən qalmaqallı hadisələrdə diqqəti yayındırmaq üçün “daxili düşmən” axtarışına baş vurulur, hakimiyyət mediası və iqtidarın müəyyən adamlarını önə verib müxalif liderlərini “uğursuzluğa sevinməkdə” hətta “dövlətə qarşı” çıxmaqda günahlandırırdılar. Beləliklə, “radikal müxalifət” faktoru qabardılmaqla bəzi dairələr öz əhəmiyyətini az qala “gözə soxur”, hakimiyyətə sadiqliklərini liderləri hədəf almaqla sübut edirdilər. Amma indi vəziyyət çox fərqlidir. Ortada və hədəfdə məmur-oliqarx təbəqədir.

“Yeni Musavat”a kifayət qədər mötəbər mənbədən daxil olan xəbərə görə, son günlər müxalif düşərgədə maraqlı proseslər başlayıb. Resursları kifayət qədər zəifləmiş, dağılmış və daha çox daxili çəkişmələrlə məşğul olan ölkə müxalifətində canlanma yaranıb. Prinsipcə, bu prosesdə qeyr-adi heç nə axtarmamaq da olardı, çünki məntiqlə hakimiyyət daxilində baş verən olaylar, yaranmış siyasi şərait müxalifəti hərəkətə gətirməyə səbəb ola bilər. Amma mənbəmiz iddia edir ki, bu yalnız aysberqin görünən hissəsidir, ortada daha ciddi hədəflər, daha doğrusu, maraqlar var.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, ölkəni silkələyən Beynəlxalq Bankdakı yüz milyonlarla manatlıq korrupsiya sxeminin aşkarlanması, iş adamlarının və məmurların kütləvi həbs dalğası nəticəsində yaranmış siyasi şərait bir neçə müxalifət liderlərinin toplantısında müzakirə edilib. Xəbərin ilginc tərəfi budur ki, bu toplantıda son illərdə münasibətləri kifayət qədər gərgin olan və görüşmələri hətta ağla belə gəlməyən siyasi liderlər iştirak edib. Məqsəd isə yuxarıda sadalanan hadisələrlə əlaqədar fəal hərəkətlərə keçilməsi məsələsinin mümkünlüyü və bu istiqamətdə konkret addımların atılması olub.
Mənbəmizin dediyinə görə, müzakirələrdə iki kəskin fərqli yanaşma meydana çıxıb.

Bunlardan biri hadisələrin fors-mojor kimi dəyərləndirilməsi və bunlardan istifadə edərək iqtidara qarşı fəal, təsirli addımların atılmasına başlamaqdan ibarətdir. Bu istiqamətdə ilkin addım olaraq bu gün passiv mövqe tutan bəzi ictimai əhəmiyyətli şəxslərin də iştirakı ilə müxalifətin birliyinin yaradılmasının elan olunması təklif edilib. Təklifə görə, birliyin elan olunmasından sonra konkret hədəflər müəyyənləşməli və hakimiyyətin istefası tələbi ilə kütləvi aksiyalar başlanmalıdır.

Həmin mövqenin tərəfdarları əsaslandırmağa çalışıblar ki, xaricin ciddi təzyiqi altında olan, həmçinin ciddi maliyyə-iqtisadi problemlərlə üzləşmiş hakimiyyət bu problemləri aradan qaldıra bilməyəcək. İddia olunub ki, sadalanan problemləri həll edə bilməyən iqtidarda siyasi böhran yetişəcək və parlament seçkilərinədək (bu ilin noyabrında) pik həddə çatacaq.

Lakin mənbəmizin dediyinə görə, müzakirələrdə buna qarşı da kəskin mövqe irəli sürülüb. Belə ki, əks mövqe tərəfdarlarına görə, müxalifətin hətta birləşdikdən sonra da ortaya qoya biləcəyi ümumi gücə ictimai fəallıq da əlavə olunsa belə, inqilabi siyasi dəyişikliklərə qadir qüvvə formalaşa bilməyəcək. Xarici dəstək barədə deyilənlərin daha çox virtual xarakter daşıdığı və Qərbin ölkədə hakimiyyət dəyişikliyi planını sübut edəcək real əlamətlər olmadığı qeyd edilib. Üstəlik, o da vurğulanıb ki, indiki situasiyada müxalifətin birləşməsi və fəal hərəkətlərə keçməsi mənfi nəticələrə gətirib çıxaracaq.

Belə ki, əvvəllər də olduğu kimi, müxalifətin fəallaşması hakim təbəqənin toparlanmasına və ortaq təhlükə əleyhinə - “radikallara” qarşı birləşməsinə səbəb olacaq. Bu vəziyyətdə yenidən SOS siqnalı veriləcək, suç içində olan məmur-oliqarxlar hamını “prezidentin ətrafından sıx birləşməyə” çağıracaq, düşərgənin daha da fəallaşması baş verdikdə isə müxalifətə növbəti zərbələr vurulacaq.

Beləliklə də, hakim düşərgədə gözlənilən həbslər, istefalar, islahatlar, kadr dəyişiklikləri prosesi dayanacaqdır, oliqarxiya “daxili düşmənə” qarşı birləşərək öz əhəmiyyətlərini bir daha prezident İlham Əliyevə göstərməyə çalışacaq. Mümkündür ki, müxalif düşərgədə fəallıq daha da artacağı təqdirdə hədəfdə olan, gözdən düşmüş məmurlar yenə də “Qərbin Azərbaycanda çevriliş” planları barədə şişirdilmiş informasiyaların ötürülməsinə başlayacaq.

Hazırkı prosesin davam etməsi halında isə “təmizləmənin” daha ciddi fiqurlara keçməsi, ümumilikdə isə iqtidarda mövcud status-kvonun dəyişdirilməsi gözlənilir. Odur ki, ikinci mövqe tərəfdarları prosesin təbii axarına mane olmamaq və “sakit oturub” gözləməyi lazım biliblər.

Qaynağımız bu görüşün ən sensasion tərəfi barədə də məlumat verib. “Həmin müzakirədə müxalifətin fəallaşması ideyasının sosial sifarişlə yanaşı, yüksək vəzifəli məmurlardan gəldiyinə dair faktlar da səsləndirilib. Bəzi müxalifət liderləri oliqarxların kömək vədləri barədə danışaraq bundan istifadə etməyi təklif ediblər. Digər liderlər isə deyiblər ki, vəzifəli məmurlardan gələn bu təklif daha çox tələyə bənzəyir və prezidentə, sadəcə, təzyiq göstərə bilmək, həbslərdən qorunmaq üçün müxalifətdən istifadə etmək məqsədi daşıyır” deyə, mənbə bildirib. Qeyd olunub ki, müzakirədə bir çoxları hadisələrin təbii gedişinə mane ola biləcək hərəkətlərdən çəkinmək mövqeyinin daha doğru olduğuna tərəfdar çıxıb, hətta bəziləri İlham Əliyevə bu məsələdə dolayısı dəstək vermək təklifləri ilə çıxış ediblər. Odur ki, müzakirələrdə hələlik vahid mövqe razılaşdırmaq mümkün olmayıb.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net