Zavod direktoru Ziya Məmmədovun qardaşına nə üçün minnətçi düşüb?
Tarix: 22-05-2015, 09:34 | Çap et
Zavod direktoru Ziya Məmmədovun qardaşına nə üçün minnətçi düşüb?
“Azərbaycan Dəmir Yolları” QSC nəzdində fəaliyyət göstərən Göygöl rayonunun Qızılca kəndindəki Qırmadaş Zavodu ilə bağlı redaksiyamıza kifayət qədər ciddi və böyük rezonansa səbəb olacaq məlumatlar daxil olub. Belə ki, əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, adıçəkilən zavodun direktoru Arif Cəbrayıl oğlu Məmmədov dövlət əmlakını mənimsəməklə yanaşı, büdcə vəsaitlərinin təyinatdankənar xərclərə sərf olunmasına şərait yaradır.

Arif Məmmədovun kifayət qədər böyük maliyyə imkanına sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Qırmadaş Zavodunun direktoru “Azərbaycan Dəmir Yolları” QSC-nin Daşınma Proseslərini İdarəetmə Birliyinin Qərb istiqaməti üzrə bölmə rəisinin müavini Füzuli Kərimov və İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev tərəfindən himayə olunur: “Arif Məmmədov Füzuli Kərimov və Füzuli Quliyevə arxalandığı üçün büdcədən ayrılan vəsaitlərin təyinatdankənar xərclənməsinə göz yumur və bu yolla külli miqdarda gəlir əldə edir. Qırmadaş Zavodunun direktoru bir neçə il öncə Şəmkir rayonunda dəmiryol reyslərini ləğv edib doğrayıb satıb. Bundan başqa, o, 20 vaqonu doğrayaraq metal kimi satıb. Arif Məmmədov indiyədək dövlətə külli miqdarda ziyan vurub. Belə ki, o, Qırmadaş Zavodunda “ölü canlar” saxlayır. Araşdırma nəticəsində bu və digər neqativ hallarla bağlı daha dolğun bilgi əldə etmək mümkündür”. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun göstərişinə əsasən Qırmadaş Zavodunda ciddi yoxlamaların həyata keçirildiyini qeyd edən məlumatlı şəxs bildirir ki, Arif Məmmədov iştirak etdiyi məclislərdə daim Cavid Qurbanovun əleyhinə danışır: “Bu gün onun rəhbərlik etdiyi zavodda geniş miqyaslı yoxlamalar gedir. Bu səbəbdən də Arif Məmmədov durmadan Cavid Qurbanovun əleyhinə kəskin ifadələr işlədir. Bir çoxuna bəllidir ki, o, hər zaman Cavid Qurbanova qarşı çıxıb. İndi isə iştirak etdiyi məclislərdə deyir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovdan, eləcə də QSC-nin Daşınma Proseslərini İdarəetmə Birliyinin Qərb istiqaməti üzrə bölmə rəisinin müavini Füzuli Kərimovdan və İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyevdən xahiş etmişəm ki, Cavid Qurbanovun göstərişi ilə başlanmış yoxlamada mənə yardımçı olsunlar. Arif Məmmədov bu məsələdə Mahir müəllimin də adını çəkir. Belə ki, Qırmadaş Zavodunun direktoru yoxlamaların geri çağırılması üçün bu şəxslərə minnətçi düşüb. Bundan başqa, Arif Məmmədov restoranlarda və digər məkanlarda təşkil olunan məclislərdə “Mən vaxtilə Cavid Qurbanova qarşı çıxmışdım. İndi isə o, məndən qisas alır. Nə tapacaqlar? Heç nə tapa bilməzlər” deyir”.

Əldə etdiyimiz bilgilərdə o da deyilir ki, Arif Məmmədovun Göygöl rayonunun Qızılca kəndində inşa etdirdiyi imarətin milyonlarla qiyməti var: “Abbas Səhhət küçəsində tikdirdiyi 3 villanın da qiyməti olduqca bahadır. O, həmin villalardan birini polis əməkdaşına satıb. Birində özü yaşasa da, digərini də artıq satışa çıxarıb. Hər 3 villanın damı yaşıl rəngdədir. Deyilənlərə görə, Qırmadaş Zavodunun direktorunun sərvəti bir neçə milyon civarındadır. Belə ki, onun Gəncə şəhəri Əhməd Cəmil küçəsində əzəmətli şadlıq sarayı var. Həmin obyektin adı əvvəllər “Qızılgül” olsa da, Arif Məmmədov bir müddət öncə şadlıq evinin adını dəyişdirərək “Prestij” qoyub. Bu şadlıq evi onun oğlu Vaqif Məmmədovun adına sənədləşdirilib. Digər oğlu Anar Məmmədovun adına isə Əhməd Cəmil küçəsində “Qızılca Petrol” adlı yanacaqdoldurma məntəqəsi var. Bütün bu obyektlərin hamısı Arif Məmmədova məxsusdur və o, bunları dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatdankənar xərclərə sərf etməklə əldə edib. Deyilənlərə görə, o, 5 qaya dağı partladıb orda özünə 1 milyon dəyərində olan villa tikdirib. Hər yeri zəbt edib. Evin arxasını da hasarlayıb. Bələdiyyə həmin ərazinin yaxınlığında kiməsə yer vermək istəyib, ancaq Qırmadaş Zavodunun direktoru onları təhqir edərək bildirib ki, bu həndəvərə heç kim yaxın dura bilməz. Həmin ərazidə iki zavod tikdirib. Qızılcada çayın sağ və sol tərəflərində iki böyük villası var”. Arif Məmmədovun bir dəfə qanunsuz hərəkətlərinə görə işdən kənarlaşdırıldığını iddia edən məlumatlı şəxs qeyd edir ki, o, məhz Füzuli Kərimov və Füzuli Quliyevin müdaxiləsindən sonra vəzifəsinə bərpa olunub: “Zavod direktoru bir sıra məsələləri Füzuli Kərimov və Füzuli Quliyevin yardımları ilə yoluna qoymağa müvəffəq olur. Bu arada, onu da nəzərinizə çatdırım ki, Arif Məmmədovun Qızılca kəndindəki evi 12 sotun içərisindədir. Yəni onun evinin eni 30×40-dur. bu boyda ərazidə yerləşir. Yaxınlıqdakı digər əraziləri isə müxtəlif yollarla zəbt edib. Maraqlı məqam ondadır ki, zavod direktoruna məxsus olan “Prestij” şadlıq evinin fasadına penoplast örtüklər vurulub. Bu isə insan həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunur. Çünki penoplast örtüklər hər an yana və bu zaman ətrafa zəhərli maddələr yayıla bilər. Deyilənlərə görə, həmin şadlıq evinin təmirinə 700 mindən çox pul xərclənib. Belə ki, Arif Məmmədov bu məqsədlə “Unibank”dan iki dəfə kredit götürüb. Birinci dəfə 350 min, ikinci dəfə 150 min kredit alıb. Beləliklə, hazırda zavod direktorunun banka 500 min borcu var. Hamıya deyir ki, məni tutsalar bankdan aldığım kredit də batacaq”. Qırmadaş Zavodunda çalışan fəhlələrin yaxın vaxtlarda yuxarılara şikayət etməyə başlayacaqlarını deyən məlumatlı şəxsin sözlərinə görə, işçilər hələ də ötən ayın əməkhaqqlarını almayıblar: “O, zavodun fəhlələrinin halal maaşlarını belə vermək istəmir. İşçilər əməkhaqlarını almadıqlarından narahat olublar. Zavoddakı texnikalara gəlincə, onların əksəriyyəti yararsız vəziyyətdədir. Çünki Arif Məmmədov büdcədən ayrılmış vəsaitlər hesabına ucuz qiymətə köhnə texnikalar alır, onlara bir az əl gəzdirdikdən sonra yeni və bahalı texnika kimi sənədləşdirmə aparılır. Bu iş üçün dövlətdən 120 min pul alıb, lakin əvəzində zavoda köhnə texnikalar gətirib. Cavid Qurbanovun göstərişi ilə aparılan yoxlamalar zamanı bütün bu faktların üstü açılsa, o zaman Arif Məmmədovun vəziyyəti yaxşı olmayacaq…”

Sonda qeyd edək ki, biz Qırmadaş Zavodu və onun direktoru ilə bağlı dəqiq və böyük rezonansa səbəb ola biləcək informasiyalara sahibik. Çünki bu işlə bağlı geniş araşdırma aparmış və lazımı şəxslərdən bütün önəmli bilgiləri toplamışıq. Odur ki, növbəti saylarımızda daha ilginc məlumatları diqqətinizə çatdıracağıq.

Qarşı tərəfi də dinləyə bilərik.
gundelik-baku





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net