Bərdənin icra nümayəndəsindən şikayətə səbəb nədir?
Tarix: 5-09-2019, 06:52 | Çap et
Bərdənin icra nümayəndəsindən şikayətə səbəb nədir?
"Bərdə RİH başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Nərimanov deyir ki, əlin hara çatır, get, şikayət elə, mənim arxamda icra başçısı Vidadi İsayev dayanıb"

Bərdə rayonunun Saatlı kəndində 67 yaşlı yataq xəstəsi anası və 4 azyaşlı körpəsi ilə yaşayan Aygün Süleymanovanın başına gətirilən olmazın müsibətlərinin sifarişçisi iddia edilən Bərdə RİH başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Nərimanov "burda mənəm, Bağdadda kor xəlifə" deyir…

Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı şikayət ərizəsinin surəti ilə "Təzadlar"a müraciət edən Bərdənin Saatlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Aygün Süleymanova bildirir ki, adı çəkilən ünvanda 67 yaşlı yataq xəstəsi olan anası Əzizə Quliyeva və 4 azyaşlı övladıyla yaşayır.

Övladlarını təkbaşına böyütdüyünü qeyd edən A.Süleymanovanın sözlərinə görə, ailə durumu, maddi vəziyyəti çox çətin və acınacaqlıdır: "Heç bir yerdən maddi dəstək yoxdur. Yaşadığım mülklə bağlı 2011-ci ildən bu günə kimi başıma olmazın işgəncə və zülmləri gəlib. Belə ki, 2012-ci il may ayının 17-də yaşadığım, mülkiyyətçisi olduğum mülkdə dayılarımın kirvələri olan Məhərrəm Cəlil oğlu Nərimanovun göstərişi ilə anamın qardaşı, «dayı» deməyə belə dilim gəlməyən Aslan Quliyev tərəfindən qəsdən öldürülmək məqsədilə bıçaqlanmışam. Küt alətlə aldığım zərbədən sol gözümə və burun nahiyəmə ağır zərər dəyib. Burnumun sol tənəffüs yolları öz funksiyasını itirib.

Hadisənin sifarişçisi Bərdə RİH başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Nərimanov isə bir qrup saxta şahidlər toplayaraq Aslan Quliyevi törətdiyi cinayət əməlindən yayındırmaq məqsədilə keçmiş polis rəisi Hikmət Quliyevin vasitəsilə təhqiqatın araşıdırlımasına təsirlər edərək törədilən cinayəti Əzizə Quliyevanın üstünə atdılar. Mən xəstəxanadan çıxandan sonra istintaqda cinayətin anam Əzizə Quliyevanın deyil, Aslan Quliyevin törətdiyini desəm də, o, məsuliyyətə cəlb olunmadı və törətdiyi əmələ görə cəzalandırılmadı.

Halbuki cinayət hadisəsi 2012-ci il may ayının 17-də öz mülkümdə anam Əzizə Quliyevanın və azyaşlı oğlum Bədəlov Mirmövsün gözü qarşısında baş vermişdi. Ancaq buna baxmayaraq, hadisə zamanı orada olmayan Məhərrəm Nərimanovun təşkilatçılığı ilə Nərimanov Cəlil Məhərrəm oğlu (icra nümayəndəsi M.Nərimanovun oğlu), Ruslan Nərimanov (icra nümayəndəsi Məhərrəm Nərimanovun qardaşı Kamal Nərimanovun oğlu), Mirzə Nərimanov (icra nümayəndəsi Məhərrəm Nərimanovun əmisi Qərib Nərimanovun oğlu) və Quliyev Xalid Arzuman oğlundan (Məhərrəm Nərimanovun qonşusu və yaxın qohumu Ərzuman Quliyevin oğlu) ibarət saxta şahidlər toplanmışdır. İcra nümayəndəsi Məhərrəm Nərimanov tərəfindən başıma gətirilməyən işgəncə və müsibətlər qalmayıb".

A.Süleymanova yazır ki, 2012-ci il may ayının 17-də Aslan Quliyev tərəfindən vurluduğu küt alətdən aldığı zərbədən dünyasını dəiyşsəydi, Məhərrəm Nərimanovun hadisə yerində olmayan saxta şahidlərin saxta şahid ifadələri nəticəsində, heç bir günahı olmayan biçarə anası övlad qatili adı ilə həbs olunacaqdı: "2012-ci il dekabr ayının 7-də mən evdən çıxıb kənd yolundakı avtobus dayanacağına gedəndə icra nümayəndəsi Məhərrəm Nərimanov maşınını yanımda saxlayıb "Deyəsən, məni yaxşı tanımırsan. Bil ki, səni öldürməyi Aslana mən tapşırmışdım. Sən mənimlə kəllə-kəlləyə gələ bilməzsən. Gördün necə şahidlər topladım, Aslanın arxasında necə durdum. Ona görə də Aslanı həbs etdirə bilmədin. Səni həyatdan sildirmək asandır. Hünərin var uşaqlarını məktəbə göndər, gör onların başına nə oyun açıram. Bunu sənə mən Məhərərm Nərimanov deyirəm. Qulağını aç, dediklərimi qulağında sırğa elə. Nə qədər ki, mən icra nümayəndəsiyəm, sənin sakit və firavan yaşamağına imkan verməyəcəyəm. Əlin hara çatır, get, şikayət elə, mənim arxamda icra başçısı Vidadi İsayev dayanıb. Vidadi müəllimə 20 min manat verib "Tərəqqi" medalı da almışam. Sən kimsən ki, mənə qarşı çıxırsan? Sənin uşaqların məktəbə getsə, canıma qurban olarsan», - deyə məni hədələyərək, maşınını sürüb uzaqlaşdı.

Mən də başıma gələn müsibətlərdən sonra övladlarımı məktəbə göndərə bilmədim. 15 yaşlı oğlum, 8 yaşlı qızım hər gün məktəbə getmək üçün göz yaşı tökürlər. Övladlarım icra nümayəndəsi Məhərrəm Nərimanovun qorxusundan məktəbə getmədikləri üçün təhsilsiz qalıblar.

Məhərrəm Nərimanovun vəzifədən sui-istifadəsi, məmur özbaşınalığı barədə rayonun icra başçısı Vidadi İsayevə şikayət ərizəsi ilə müraciət edərək, məni qəbul etməsini, şikayətlərimi dinləməsini (050) 206… nömrəli mobil telefonuna zəng edib xahiş etsəm də, o, "sən dəlisən, get, işinlə məşğul ol, məni narahat etmə, mənim səni qəbul etməyə vaxtım yoxdur" - deyərək məni axıradək dinləmədi. Mən icra başçısı Vidadi İsayevin və icra nümayəndəsi Məhərrəm Nərimanovun əlindən hara gedim, dərdimi kimə deyim, bilmirəm.

Çox hörmətli Mehriban xanım!

Mən bir ana, bir vətəndaş kimi dövlətin aztəminatlı ailələrə ayırdığı diqqət və qayğıdan da yararlana bilmirəm. Üstəlik də, icra nümayəndəsi Məhərrəm Nərimanovun məmur özbaşınalığına, açıq zorakılığına görə övladlarım məktəb üzünə həsrət qalıb. Sizdən artıq dərəcədə xahiş edirəm, başıma gələn olmazın müsibətlərin baiskarı və sifarişçisi icra nümayəndəsi Məhərrəm Nərimanovun vəzifədən sui-istifadəsi və özbaşınalığı barədə müvafiq tədbirlər görülsün".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün icra nümayəndəsi Məhərrəm Nərimanovla əlaqə saxladıq. M.Nərimanov şikayət ərizəsində ünvanına səslənən ittihamların əsassız olduğunu bildirdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net