Azərbaycandakı mobil operatorlar soyğunçudur – İttiham
Tarix: 26-12-2018, 07:29 | Çap et
Azərbaycandakı mobil operatorlar soyğunçudur – İttiham
Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar - “Azercell”, “Baksell” və “Nar Mobile”dən narazılıqlar artır. Bəzi vətəndaşlar bu mobil rabitə xidmətlərini soyğunçuluqda, abunəçilərin hesabından vəsait oğurlamaqda və s. məsələlərdə ittiham edirlər. İttiham edən tərəfdə sadə vətəndaşlarla yanaşı, millət vəkili, baş redaktor, tanınmış jurnalistlər və digər peşələrin məşhur simaları da var.

Reyting.az xəbər verir ki, hətta ölkədəki KİV orqanlarından biri “Azercell” mobil rabitə şirkəti ilə əməkdaşlıqdan və reklam tərəfdaşlığından da imtina etməyə hazırlaşır. Artıq AzNews.az xəbər portalı 01.01.2019-cu il tarixdən etibarən “Azercell” ilə əməkdaşlığını birtərəfli qaydada dayandıracaq.

AzNews.az-ın baş redaktoru Taleh Şahsuvarlı bildirib ki, əvvəla “Azercell” şirkətinin reklam və press-relizlər üçün redaksiyaya ödənişi çox azdır və real bazar qiymətlərinə uyğun deyil:

“Qəpik-quruş qarşısında hər ay xeyli press-reliz göndərir və yayımlamamızı istəyirlər. Biz heç kimin qulu deyilik. Biz bu məbləği həm özümüzə, həm də bütövlükdə Azərbaycan jurnalistikasına hörmətsizlik kimi qəbul edirik. Digər tərəfdən, “reklam tərəfdaşıyıq” deyə həmin cüzi məbləğ qarşılığında “Azercell” ilə bağlı tənqidi materialların yayımlanmasına etiraz edirlər. Bizə heç kim belə şərt qoya bilməz. Bu şirkətdən redaksiyaya həddən çox narazılıq daxil olur, bu narazılıqları yayımlamayanda oxucularımız qarşısında bir KİV olaraq mötəbərliyimizi itiririk. Qurama kombinasıyalarla vətəndaşları soyur, mediaya “sus haqqı” göndərirlər. Başlarına dəysin onların qəpik-quruşu, bizim belə pula ehtiyacımız yoxdur”.

Baş redaktorun sözlərinə görə, Aznews.az üçün oxucuların güvəni əsasdır: “Nəhayət, bu qurumdan heç kimi tapa bilmirik. Təsəvvür edin, Azərbaycanda istənilən nazirin qəbuluna düşmək daha asandır, nəinki “Azercell”in marketinq, reklam və PR işlərinə məsul olan şəxslərinin. Şirkətə zəng edirsən, calaşmaq mümkün deyil. Bu cür diletantlarla işləməyi özümüzə rəva görmürük. Getsinlər, “reket media” ilə əməkdaşlıq etsinlər”.

“Azercell”i ittiham edənlərdən biri də tanınmış jurnalist Seymur Verdizadədir. Jurnalist yazır ki, xaricdə yaşamağın üstünlüyündən danışan həmsöhbətlərindən biri ölkəmizdə mobil rabitə xərclərinin baha olmasından şikayətlənib: “Bakıya gələndə cibimdəki pulun yarısından çoxu telefon danışıqlarına sərf olunur”.

Jurnalist marağı güc gəldiyi üçün S. Verdizadə onu bir qədər sorğu-sual edib. Məlum olub ki, Ukraynada mobil rabitə xərci Azərbaycanda hər gün istifadə etdiyimiz adi krant suyundan da ucuzdur.

Soydaşımız kiçik riyazi hesablama aparandan sonra jurnalistə belə deyib:

“Sizin pulla ayda 6 manat ödəməklə 30 saat şəbəkədaxili, 25 saat isə şəbəkəxarici danışıq limiti əldə edirik”.

S. Verdizadə yazır ki, telefon onun üçün qısa ünsiyyət vasitəsidir: “Bu qayda həm mobil, həm də ev telefonları üçün keçərlidir. Buna görə də Azərbaycanda mobil rabitə xərclərinin ucuz və ya baha olması məni heç vaxt narahat etməyib. Mən həmişə canlı ünsiyyətə maraq göstərmişəm.

Bir neçə ay əvvəl “Bakcell” nömrəsi almışdım. Əvvəldən “Azercell” abunəçisi olduğum üçün yeni nömrəmi heç kimə vermədim. Həmin nömrənin indi rəfdə hansı kitabın arasında olduğunu heç cür xatırlaya bilmirəm…

İyul ayının 1-də dostlarımdan biri mənə “Nar” nömrəsi hədiyyə etdi. Dərhal da izahat verdi: “Şəbəkədaxili zənglərin dəqiqəsi 1 qəpikdir. Amma şəbəkəxarici zənglərin hər dəqiqəsi üçün 4 qəpik çıxılacaq. Bayramlarda, əlamətdar günlərdə şirkətin hədiyyəsi də olacaq”.

Telefonum 2 nömrə daşımağa qadir olduğu üçün həmin gündən “Azercell”ə yanaşı, “Nar Mobile” abunəçisi də oldum. Özümün 5-10 manat irəli düşməyimi qoyaq bir tərəfə, “Nar” abunəçisi olan dostlarımın canı dincəlib. Onlar ehtiyac olanda məni arayıb, ürəkləri istədikləri qədər danışa bilirlər. Bəzən çaşıb, “Azercell” nömrəsi ilə digər mobil operatorların abunəçisi olan dostlarıma zəng vururam. Ağzımı açmağa macal tapmamış balansımdan 14 qəpik silinir. Bunun adı soyğunçuluqdur! Bilirəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəbəkəxarici zənglərin qiymətini aşağı salmaq üçün dəfələrlə “Azercell”ə müraciət etsə də, bu günə kimi müsbət nəticə əldə olunmayıb”.

Jurnalist ölkə KİV-lərinə bildirib ki, 15 ildir “Azercell” abunəçisi olsa da, son vaxtlar nəinki digər mobil operatorların abunəçilərinə, hətta “Azercell” abunəçilərinə də “Nar” nömrədən zəng vurur: “Telefonumuzda “Azercell” nömrəsi ola-ola bu şirkətin abunəçilərinə digər mobil operatordan zəng vururuqsa, bunun adı biabırçılıqdır. Özünə hörmət edən heç bir şirkət bu rəzilliyə dözməməlidir”.

Belə getsə, S. Verdizadə tezliklə “Azercell” abunəçilyindən imtina edəcək: “Məncə, “Azercell”i qiymətləri aşağı salmağa yalnız bu yolla məcbur edə bilərik…”

Qeyd edək ki, bir müddət əvvəl Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa isə "Bakcell"i ittiham etmişdi. Deputat sosial şəbəkədə yazırdı ki, adıçəkilən mobil operator onun hesabından vəsait oğrulayıb.

F. Mustafa qeyd edirdi ki, vaxtilə “Bakcell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını yazıb, tənqid etsə də, bu mobil operator yenə yaramazlıqla məşğuldur:

“Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın”.

F. Mustafa iki gün ərzində “Baksell” nömrəsindən kiminləsə danışmayıb: “Amma görün, özbaşınalıq hansı səviyyədədir...".

F. Mustafa yazırdı ki, "Azersell” və "Baksell” nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən SMS gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərci isə 59 qəpikdir. Yəni bir aya 18 manat:

"Halbuki hansısa xidmətə qoşulmaq ücün muraciət etmirsən.

Bununla bağlı mobil operatora zəng vururduqda isə deyirlər ki, bu bizim xidmət deyil, filan nömrə ilə əlaqə saxlayın, onların xidmətidir.

Deyirsən ki, axı, dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz.

Nə isə, zəng vurursan deyilən nömrəyə, cavab verirlər ki, siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız.

Beləcə, hətta xidməti ləğv etdirmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı?”.

Onu da qeyd edək ki, belə ittihamlar bəzi vətəndaşlar tərəfindən zaman-zaman “Nar Mobile” operatoruna qarşı da səslənib.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net