“Bəli, bu gün hakimiyyətə alternativ yoxdur”
Tarix: 15-12-2015, 09:54 | Çap et
“Bəli, bu gün hakimiyyətə alternativ yoxdur”
Son günlər ölkə gündəmi heç vaxt olmadığı qədər qaynar və gərgindir. MTN-də baş verən həbslərin, Nardaran olaylarının, qalmaqalların “istisi” soyumamış, Neft Daşlarında baş verən yanğın ölkədəki əhvalı daha da gərginləşdirdi.

“Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu ilə söhbətimiz bu mövzuları əhatə etdi. Onunla müsahibənin üçüncü, sonuncu hissəsini təqdim edirik:

(əvvəli ötən saylarımızda)

- Azərbaycan prezidentinin Türkiyə lehinə Bakıda verdiyi mesajlar da bu qəbildəndir? Bu, NATO dövlətinə verilən dəstək idi, yoxsa bir qardaşa verilən dəstək?

- İlk növbədə bir qardaş dövlətə verilən dəstək idi. Rəcəb Tayyib Ərdoğan hökuməti haqda mənim özümün də çox tənqidi fikirlərim olub. Lakin biz yenə də görürük ki, ən çətin məqamda bizim yanımızda olan Türkiyədir.

- Belə başa düşmək olarmı ki, Rusiya ilə münaqişə fonunda Ərdoğana münasibətiniz bir qədər dəyişib?

- Burda məsələnin iki tərəfi var. Hesab edirəm ki, Rusiyanın təyyarəsini vurmadan da ötüşmək olardı. Çünki bunun fəsadlarını görməmək mümkündür.

- Amma bu təyyarəni vurmasaydı, heç nə olmayacaqdı.

- ...Digər bir tərəfdən isə israilli ekspert Avraam Şmulleviç çox gözəl açıqladı ki, “Putin özünü Piterin dalan uşağı kimi aparır, siyasətə dalan əxlaqı gətirir. Amma unudur ki, bu əxlaqa görə yolundan çıxanın dişini sındırırlar”. Əslində bu, oldu. Diqqət edin, son 6 ayda Rusiya hərbi təyyarələri neçə dövlətin sərhədini pozub: Latviya, Estoniya, Danimarka, Böyük Britaniya, Polşa, İspaniya. Bunların hamısı NATO dövlətləridir. Və üçüncü dəfə Türkiyənin. Bunlara hardasa cavab tədbiri görülməli idi. Bu, həm də o fonda baş verdi ki, Rusiya guya İŞİD-i bombalayır.

Suriyadakı müxalifət də, hər kəs də iddia edir ki, əslində Rusiyanın bombaladığı İŞİD-ə qarşı döyüşən türkmənlər və digərləridir. Bir tək kürdləri bombalamağa cəsarət eləmir, onlardan özünə düşmən qazanmaq, PKK rıçaqını itirmək istəmir. Bu fonda Türkiyənin yanında Azərbaycanın olması tamamilə məntiqlidir. Eyni zamanda Türkiyə ilə bir yerdə olmaq daha çox bizə lazımdır. Rusiyanın bizdən nə istədiyi məlumdur. Rusiya Ermənistanda hərbi gücünü artırır. Rusiya bizə dost, müttəfiq, tərəfdaş deyil. Belə olan halda Qərblə korlanmış münasibətlər fonunda bizim arxamızda dayanacaq yeganə qüvvə Türkiyədir, bizim körpümüz Türkiyədir.

- Oyun və təhlükə böyüdükcə sanki Türkiyə, eləcə də Azərbaycan hakimiyyətinə tənqidiniz bir az yumşalıb. Bu, təhlükənin qloballığındandır, Azərbaycana qarşı oynanan oyunun böyüklüyündəndir, yoxda sizdə nəsə fikir dəyişikliyi baş verib?

- Prioritetlər var. Öncəlik dövlətdir.

- Dövlət bu qədərmi təhlükədədir?

- Bəli, təhlükədədir. Mən hesab edirəm ki, bu gün dövləti xilas etmək istəyiriksə, birinci pis-yaxşı, mövcud sabitliyi qorumalıyıq. İkincisi, islahatlara gedilməlidir. Çünki qarşıdan ağır il gəlir. Neft qiymətləri, üstəlik, dünyada iqtisadi depressiya davam edir...

- Yəni hakimiyyət dəyişikliyini istəmirsiz...

- Hakimiyyətdə kimi kimlə dəyişəcəyik? Siz mənə başqa bir sabit komanda göstərin ki, bu komandanı hazırkı ilə dəyişmək mümkün olsun.

“Rauf Mirqədirov da yaxın zamanlarda çıxacaq”

- Yoxdurmu alternativi?

- Mən keçən dəfə də bunu demişəm. Bir sıra hallarda sərt tənqidə məruz qaldım. Bu dəfə ondan da çox tənqidə məruz qalmağa hazıram. Bəli, bu gün alternativ yoxdur. Dağılıb, dağıdılıb, səbəbləri qoyuram bir qırağa, nəticəni deyirəm.

- Bu gün Azərbaycanda iqtidar dəyişsə nə olar? Xaos?

- Bəli, xaos olar.

- Hansı modeldə? İspaniya, Misir, Liviya? Ərəb ölkələri modeli, yoxsa Ukrayna?
- Ərəb ölkələri xaosu. Ukrayna modeli burda mümkün deyil. Ukrayna modelində narazı oliqarxiya vardı, hakimiyyətin içində bir parçalanma baş vermişdi və bu koalisiyaya qoşulan müxalifət vardı. Aşağı-yuxarı, güclü müxalifət vardı. Gəlin baxaq ki, Azərbaycanda bu model üçün hansı şərtlər var? Birincisi, hakimiyyətdə o kəslər yoxdur ki, hansısa kritik məqamda məsuliyyəti üzərinə götürsün...

- Bəs siz özünüz niyə partiya yaratmırsız?

- (zarafatla) Partiya yaratmaq ciddi işdir...

- Sizin kifayət qədər tərəfdarınız ola bilər. Bunu düşünmüsüzmü?

- Düşünmüşəm. Təkliflər də var. Mən istəmərəm ki, mənim fəaliyyətimə görə kimlərsə tutulsun.

- Mütləqmi tutulma olacaq?

- Olacaq. Siyasətə atılırsansa, bu, mümkündür.

- Amma sadəcə bir ekspert, rəy verən kimi iştirak etmək də sıxıcı deyilmi?

- Sıxıcıdır. Amma burda daha çox fayda verə bilərsənsə, burda olman daha uyğundur.

- Bildiyimiz qədər, sizinlə tez-tez görüşürlər. Xarici ölkə səfirlikləri, təmsilçiləri. Bunların bəziləri ictimailəşir. Başqa hansı görüşləriniz olur? Hakimiyyət təmsilçiləri də sizinlə görüşürmü? Və ya fəaliyyətini zəiflətmiş müxalifət liderləri hansısa formada sizinlə görüşüb fikirlərinizi alırmı?

- Dövlət yetkililəri ilə hər hansı görüşüm olmur. Müxalifət təmsilçilərindən ancaq İsa Qəmbərlə görüşlərimiz olur. O da müntəzəm olmur, hərdən. Mənimlə görüşməyə daha çox maraq göstərən gənclər təşkilatlarıdır. Media üçün hər zaman açığam. Media hər zaman mənim fikirlərimdən yararlanmağa çalışır, mən də onlarla əməkdaşlığa hazıram. Çünki mediaya mən tribuna kimi baxıram.

- Dediniz ki, MTN rəhbərliyinin dəyişməsi ölkənin xarici siyasətində bir dəyişməyə gətirib çıxarıb. Bu dəyişiklik daxili siyasətdə nələrə gətirə bilər? Anlaşma, barış mühitinin yaranması, bir sıra məchul cinayətlərin açılması... mümkündürmü? Doğrudur, indiyə qədər bilinməyən bir çox gizlinlər üzə çıxdı artıq - insanların başına torba keçirilib oğurlanması, biznesmenlərin şantaj edilməsi... Amma bilinməyən çox şey var: Elmar Hüseynovun qətli, Rail Rzayevin snayperlə öldürülməsi.

- Sadaladığınız cinayətlərə Neft Akademiyasındakı terroru da əlavə edək.

- O da siyasidir?

- Bir nəfərin işi deyildi, əlbəttə. Hesab edirəm ki, indiki mərhələdə bu cinayətlərin açılacağını gözləmək lazım deyil. Ona görə ki, bunların bir hissəsində geosiyasi faktorun rolu var. İndiki həssas geosiyasi durumda heç kimin əlavə qıcıq yaratmaq marağı yoxdur. Nə müxalifətin, nə hakimiyyətin, nə heç birimizin...

-Amma müəyyən zaman keçdikdən, dəngələr dəyişdikdən sonra mümkündürmü?

- Zaman keçdikdən sonra açılacaq. Ola bilsin ki, həmin cinayətlərdə iştirak etmiş adamlar başqa cinayətlərinə görə cəzalandırılsınlar. Siyasətdə belə bir təcrübə də var. Amma burda incə bir məqam var. Artıq müəyyən siyasi loyallaşma, liberallaşma əlamətləri görünür. Bir ay əvvəl heç kim təsəvvür edə bilməzdi ki, Yunuslar həbsdən azad olunacaqlar.

- Bunun davamı gələcək, sizcə? “MTN işi” ilə bağlı tutulan jurnalistlər, fəallar da azadlığa çıxacaqmı?

“Artıq Azərbaycandakı mövcud agentura şəbəkəsi deşifrə olunub”


- Düşünürəm ki, bu iş bağlanmağa doğru gedir. Xüsusilə də casusluq ittihamı var idi, o, ayrıca maddə kimi ayrıldı, istintaqı getdi. Zamanında buna oxşar bir şey Əli İnsanov və Fərhad Əliyevin işində “dövlət çevrilişi” ilə bağlı olmuşdu. 10 ildir onun təhqiqatı gedir və ortada bir şey yoxdur. Digər bir tərəfdən, biz belə bir şey gördük ki, Dövlət Departamentinin nümayəndələri gəldi Azərbaycana. Bu zaman Tehranda qaz sammiti keçirilirdi, İlham Əliyevə dəvət vardı. Amma məhz həmin gün İlham Əliyev departament nümayəndəsi ilə görüşməyə qərar verdi. Bura mən Obama ilə görüşü əlavə edərdim. Düşünürəm ki, artıq ən azı əvvəlki istiqamətə dönüş əlamətləri görünməkdədir. “Bank of Amerika” bankı Azərbaycanın maliyyə bazarı ilə bağlı tövsiyələrini verdi. Ola bilər ki, hansısa əməkdaşlıq gözlənilir.

- Müsbət tərəfləri dediz. Amma maraqlıdır, köhnə rəhbərliklə cəmiyyətdə, insanlarda yaranmış MTN xofu, bu qurumla bağlı mənfi imic aradan götürülə bilərmi?

- Xof ayrıdır, mənfi imic ayrı. Xof belədir ki, o vaxt MTN-də olan qətllər, işgəncələr haqda hər kəs bilirdi. “Nida”çıların məhkəməsində deyilənlər yadınızdadır yəqin ki. Rauf Mirqədirovun şərlənərək həbs olunması da həmçinin. 18 ay onun istintaqı getdi. İndi məhkəmə keçirirlər, amma məhkəməyə çıxaracaq heç nələri yoxdur. 20 gündən bir proses keçirib, sonra təxirə salırlar. Niyə? Çünki orda cinayət tərkibi yoxdur. Bunlar qapadılmağa doğru gedir. Düşünürəm ki, Rauf Mirqədirov da yaxın zamanlarda çıxacaq. Xof da dağılmaqdadır. Amma burda başqa bir şey var. Etimadın bərpa olunması üçün həqiqətən gərgin iş lazım olacaq. Xüsusi xidmət orqanları insanlarla bir mənbə olaraq işləyir. İndi MTN bir insana əməkdaşlıq üçün yaxınlaşanda həmin insan düşünəcək ki, 5-6 ildən sonra onu bu işə görə məhkum etməyəcəklərmi, cinayətə cəlb olunmayacaq ki? Belə məqamlar var. Mənə elə gəlir ki, artıq Azərbaycandakı mövcud agentura şəbəkəsi deşifrə olunub.

- Ümumiyyətlə, sizin təklifiniz varmı Azərbaycanın təhlükəsizlik sistemi ilə bağlı? Paket halında varmı?

- Bunu bu dəqiqə təsəvvür etmək qeyri-mümkündür. Dünyada məlum praktika var. Amma bu praktika - xüsusi xidmət orqanlarına üç-dörd pilləli nəzarət praktikası hüquqi dövlət və institusional idarəçilik şəraitində mümkündür. Azərbaycanda isə bu idarəçilik yoxdur, qanunun aliliyi təmin olunmayıb.

- Mədət Quliyevin bir açıqlamasını oxudum ki, bu günə qədər 250 MTN əməkdaşı işdən çıxarılıb. Nazir müavini qeyd edib ki, ümumiyyətlə, nazirlikdə əməkdaşların sayı çoxdur...

- Bəli, ştat şişirdilib.

- Sizcə, çox deyilmi o qədər kadrın çıxarılması? Faktiki buraxmaq deyilmi nazirliyi?

- Orda minlərlə kadr toplayıblar. Əlavə əməkdaşlar qəbul ediblər. O qədər şişirdiblər. Bütün idarələr dönüb olub baş idarə. Vaxtilə bir-iki generalı olan nazirliyin Eldar Mahmudov dönəmində 26 generalı vardı.

- Onların neçəsi işdə qaldı?

- Hələlik bildiyim qədər 11-12-si kənarlaşdırılıb. 26 general... ağlasığmaz bir şeydir. İlk növbədə qurumu hərbiləşdirilmiş statusundan çıxarmaq lazımdır. Bu, çox vacibdir.

- Yeni nazir bir sual kimi insanları düşündürür. Sizdə də bu sual varmı?

- Var, amma sual çox məchulludur, cavabı yoxdur. Mən düşünürəm ki, indiki nazir əvəzi funksiyasını yerinə yetirən, birinci müavin postunda oturan Mədət Quliyevin fəaliyyətindən çox şey asılıdır. Əgər onun fəaliyyəti düzgün qurulacaqsa, MTN-in həm reputasiyası, həm iş qabiliyyəti bərpa olunacaqsa, istisna etmirəm ki, onun özü də qala bilər. (Müsahibə prezidentin məlum qərarından öncə götürülüb - red.)

- Bu, onun üçün çox ağır yük deyilmi? Uçub dağılmış bir evi yenidən necə qursun?

- Yəni o, ağır yükün ən ağır hissəsini üzərinə götürüb. Ağırlıq mərkəzi bu gündür.

- Hər kəs, eləcə də siz deyirsiz ki, bu ifşa olunan dəstənin əlində böyük kompromat baqajı var. Bu, dövlətə, dövlət rəhbərliyinə təhlükə deyilmi? Bu kompromatlar hardansa çıxa bilərmi? Kimdə təminat var ki, bunların özünün nəzarət altına alınmaları ilə o kompromat da nəzarət altına alındı? Bununla Azərbaycanı nə təhlükə gözləyir?

- Hər halda, ağıllı kəşfiyyatçılar bunu belə edir. Bu cür kompromatları hardasa bir yerdə yerləşdirir və özünü sığortalamaq, tutulmamaq, daha çətin duruma düşməmək üçün o kompromatları başqalarının əli ilə ortaya atır, özünü qoruyur.

- İndi Eldar Mahmudovun həbs olunmasının səbəbi bu ola bilərmi? Əlində ciddi kompromatlar olduğu üçün təhlükəsizliyini təmin etmə ehtimalı varmı?

- Mən düşünmürəm ki, bu kompromatın nədən ibarət olması artıq siyasi hakimiyyətə də məlumdur.

- Amma bu, üzə çıxarılmır axı. Eldar Mahmudov bunu kənara çıxara bilərmi? Ölkə xaricinə, ölkə daxilinə...?

“İndiki mərhələdə siyasi qətllərin açılacağını gözləmək lazım deyil”

- İnanmıram. Bir təhdid aləti yoxdur.

- Hansısa bir dövlətin əlinə düşə bilər?

- Düşə bilər. Amma düşünmürəm ki, hansısa dövlət onu bu şəkidə istifadə edə bilər. Bir çox şeylərin üzə çıxmayacağına əminəm. Amma nələrsə çıxa bilər. Bilirsiz, ifşa olunan MTN rəhbərliyi özlərinə çox əmin idi. Ona görə də inanmıram ki, bu ehtiyat variant haqqında düşünsünlər.

- İlin yekunudur. İl ağır oldu, çoxsaylı qəza və terrorlar, gizli qəsdlərlə zəngin oldu. Ölkənin gündəmi ciddi şəkildə qarışdı. 2016-dan azərbaycanlılar nisbətən sakitlik gözləsinlər, yoxsa daha gərgin olacaq?

- Daha gərgin olacaq. İqtisadi depressiya var. Biz gələn ilə bu illə müqayisədə 30 faizdən yuxarı ixtisar olunmuş, kiçilmiş büdcə, 2015-ci ildən də aşağı neft qiymətləri ilə gedirik. Qeyri-neft sektoru olduqca aşağı səviyyədədir. Bu şəraitdə biz hələ bu ilin sonuna qədər növbəti devalvasiya dalğası ilə üzləşə bilərik. Bütün hallarda bu, gələn ilin zənbilinə təsir edəcək. Bu baxımdan ən optimal yol gömrük və vergi sistemini liberallaşdırmaqdır. O büdcə ilə maaşların artımına nail ola bilmərik. Ona görə də qalır ikinci yol - qiymətləri ucuzlaşdırmaq. Bunun yolu isə gömrük sistemindəki mövcud durumu aradan qaldırmaqdır. Düşünürəm ki, bunu edəcəklər.

- Mümkündürmü ki, dövlət idarəçilik sistemi bütünlüklə Asan modelinə keçsin? Prezident iki dəfə bunun anonsunu verib.

- Mərhələli şəkildə mümkündür. Amma bu, bir ildə olunacaq bir iş deyil. Bu gün bizim daxili bazarın böyük bir həcmini sabitləşdirməyin, qiymət artımının qarşısını almağın bir tək yolu gömrük sistemində islahatdır. Bu istiqamətdə müəyyən addımlar atıldı - ölkəyə gətirilən müəyyən həcmdə malların rüsumdan azad olunması. Deyilənə görə, buna əməl olunmur hələ ki. Sahibkarlardan belə məlumat almışam. Amma riayət olunmaması da hardasa ciddi addımların atılmasına səbəb olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net