Ana Sayfa > Region > Neftçaladakı içməli su probleminin həll olunacağı vaxt açıqlandı

Neftçaladakı içməli su probleminin həll olunacağı vaxt açıqlandı


24-09-2020, 16:25. Yazar: admin
Neftçaladakı içməli su probleminin həll olunacağı vaxt açıqlandı

Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya çəkilməli olan 44 km uzunluğundakı magistral su kəmərinin artıq 38 km-i quraşdırılıb.

Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, ötən gün Cəmiyyətin rəhbərliyi Neftçala rayonunda görülən işlərlə yerində tanış olublar:

“Ötən gün “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və sədr müavini Etibar Məmmədov Neftçala rayonunda olublar. Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə işlərin gedişi müzakirə edilib, layihənin vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlar verilib.

Neftçala rayonunu içməli su ilə təmin edəcək kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində işlərə başlanılıb. Burada dəmir-betondan ibarət dayaqlar tikiləcək, onun üzərində estakada quraşdırılacaq və kəmər həmin estakadanın üzərindən (Kür çayının üstündən) aparılacaq.

Kəmərin böyük hissəsi - 38 km-i artıq çəkilib, eyni zamanda, Salyan rayonu ərazisində su anbarının tikintisinin də böyük hissəsi icra olunub.

İşlər qrafikə uyğun şəkildə davam etdirilərsə, cari ilin noyabr ayında artıq su kəməri şəhərin mövcud şəbəkəsinə birləşdiriləcək. Beləliklə, Kür sutəmizləyici qurğularında emal olunan və Şirvan-Muğan qrup su kəməri ilə nəql olunan içməli su Neftçala sakinlərinə çatdırılacaq”.

Xatırladaq ki, bu günə qədər Neftçala rayonuna verilən su birbaşa Kür çayından götürülüb, qismən təmizlənmiş formada əhaliyə verilirdi. Cari ilin yay mövsümündə Kür çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən yaranan su problemi də ən çox Neftçala rayonunda özünü göstərib. Artıq üç aydan çoxdur ki, Neftçala şəhəri və 30-dan artıq kəndə içməli su Salyan rayonundan maşınlarla daşınır.
Geri dön