AAYDA Oğuz-Şəki avtomobil yolunun çəkilişində normativ qaydalara necə əməl edir?
Tarix: 25-12-2020, 15:19 | Çap et
AAYDA Oğuz-Şəki avtomobil yolunun çəkilişində normativ qaydalara necə əməl edir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hər il istər dövlət büdcəsindən,istər Prezidentin ehtiyyat fondundan və o cümlədən də Dövlət Yol Fondundan ən çox vəsait ayrılan qurumlardan biridir. AAYDA artıq neçə illərdir ki,ölkədə həyata keçirilən ən böyük infrastruktur layihələrinin başında durur. Düzdü AAYDA yol çəkir.körpü salır,layihələrin həyata keçirilməsi haqqında məlumatlar verir.Amma geniş ictimaiyyət bu işlərin arxasında baş verən digər işlərdən xəbərsidir. Bir mətbuat orqanı olaraq Respublikanın şərqindən qərbinə, şimalından cənubuna uzanan avtomobil yollarının yenidən qurulması zamanı normativ aktlara riayyət olunmaması barədə qaldırdığımız məsələlər bu gün də aktuallığını itirməyib.Bizim 2015-ci ildə  yenidən qurulmuş Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin çəkilişində yolun  3-cü texniki dərəcəli deyil, 4-cü texniki dərəcəli olması barədə gətirdiyimiz arqumentlərə AAYDA rəsmiləri hələ də cavab verə bilmirlər.

Aktualinfo.org bu dəfə də AAYDA sədri Saleh Məmmədov və onun komandasının Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması zamanı buraxılan səhvlər ətrafında araşdırmalar aparıb.Bəri başdan onu xüsusilə qeyd etmək istərdik ki,bu səhvlər naşılıqdan deyil,bilərəkdən edilir.Ona görə bilərəkdən edilir ki,buradan külli miqdarda dövlət vəsaiti kənarlaşdırılır.Hansı üsullarla kənarlaşdırıldığını diqqətinizə çatdırmazdan öncə yolun yenidən qurulmasına ayrılan vəsait və normativlərlə tanış etmək istərdik.

Qeyd edək ki,rəsmi verilən xəbərə görə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissələrinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında 30 iyul 2020-ci il tarixli Prezident sərəncamına uyğun olaraq Oğuz və Şəki şəhərlərinin yollarının yenilənməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASC-nin hesabına ilkin olaraq 10 ( on milyon) manat pul ayrılmışdır.



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda isə qeyd olunur ki,hələ ötən əsrin 70-ci illərində inşa edilən sözügedən yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38.1 km uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Bura 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yolları da daxildir. Buna görə də sözügedən yolun hərəkət hissəsində rahat hərəkətə maneə yaradan çatlar və deformasiyalar əmələ gəlib ki, yol boyu yenidənqurma işləri həyata keçirilməklə maneəsiz hərəkət təmin edilməlidir.

Aparılan işlər zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri, qazılmış hissələrdə yol yatağı və yol əsasının inşası, yol boyu mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, yeni səki daşlarının düzülməsi, səki və ayrıcı zolağın tamet daşlarla döşənməsi, yağış-kanalizasiya sisteminin bərpası və yeni sistemin yaradılmasından, sonuncu mərhələ üzrə yolun yeni asfalt-beton örtüklə döşənməsindən ibarətdir.

Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bunun üçün yol boyu genişləndirmə işlərinin aparılaraq yolun hərəkət hissəsinin eninin 9 metrə çatdırılması planlaşdırılır. Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə nəzərdə tutulan işlərdəndir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.



Bəli ilk baxışdan AAYDA-nın rəsmi məlumatlarında və qeyd etdiyi planlarda qeyri-adi heç nə görünmür. Bəs görəsən bu ilin oktyabrın əvvəlindən başlanılan yenidənqurma işləri əslində necə həyata keçirilir? İşlərin gedişilə yaxındn tanış olduqda AAYDA nın rəsmiyyət xatirinə yuxarıda qeyd etdiklərinin çoxu hal hazırda həyata keçirilmir desək, yəqin ki,yanılmarıq. Dövlət başçısının ilkin olaraq bu işin icrası üçün ayırdığı 10 milyon manat vəsait sentyabr ayında hesaba köçürülər-köçürlüməz AAYDA rəhbərliyi heç bir tender keçirmədən tez-bazar dövlətin texnikasını və işçi qüvvəsini işlərin icrasına cəlb etməsi çox müəmmalı görünür. İşin digər diqqət çəkən tərəfi isə ondan ibarətdir ki, qazılmış asfalt yatağının bərkidilməsi və möhkəmləndirilməsi üçün “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yuyulmuş və doğranmış çınqıl, irili və xırda dənəli qum materialından çox az istifadə olunmaqdadır. Əvəzinə isə tikinti aparılan ərazilərin yaxınlığındakı Daşağıl, Zəyzid çayları yatağndan torpaq-daş-qum-çınqıl qarışıq materiallar asfalt yatağına səpilməsi davam etməkdədir. Sənədlərdə isə guya normativlərə uyğun olaraq xüsusi doğranmış çınqıl və yuyulmuş qum materialından istifadə edilməsi qeyd edilir. Çay kənarlarındakı meşəliklrin və çay yataqlarının amansızcasına qazılaraq qanunsuz daşınmasına isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 və 7 saylı Ekologiya İdarələri rəhbərləri passiv tamaşaçı mövqeyindən yanaşaraq sadəcə gözlərini döyməklə məşğuldurlar. Lakin qanunvericiliyə görə bu təbiətə vurulmuş ən böyük ekoloji cinayət hesab olunur.”Avtomobil Yolları Haqqında” Azərbaycan Respublikası Qanununda xüsusilə vurğulanır ki,avtomobil yollarında işləyən yol təsərrüfatı orqanları ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət etməlidirlər.


Yerli ağsaqqalların verdikləri məlumat görə Zəyziddən Şəki şəhərinin girəcəyinə qədər olan yol 70-ci illərdə inşa edilsə də çox keyfiyyətli və dözümlü idi. Doğrudur, asfaltın səthində nahamarlıq olsa da yolun çəkilişi zamanı istifadə edilən asfalt-sement qarşığı bu yolda nə çökmə, nə də çatların əmələ gəlməsinə imkan verməmişdir. Elə ona görə də 45 il istimar edilməsinə baxmayaraq bu yol heç bir xırda deformasiyaya uğramadan əvvəlki kimi qalmışdır. Heyf belə yoldan ki, indi salınmaqda olan təzə yolun ömrü 3 ildən artıq olmayacaq. Hazırda yolun yenidən qurulması zamanı çəkilmiş fotolardan da görünür ki, AAYDA ənənəsinə sadiq qalaraq meşə zolağından və dağ çayları ətrafından qazıb gətirdiyi daşlı-torpaqlı materialdan gen-bol istifadə edir. Hazırda işlərin görülməsinə cəlb edilmiş AAYDA-ya məxsus texniki avadanlıqların, yük avtomobillərinin və işçi qüvvəsinin, eləcə də meşə və çay vadisindən qanunsuz daşınan daş-torpaq materialına cüzi bir xərcin çəkilməsini nəzərə alsaq, yalnız bitum materialının hər tonu üçün ödənilən 420 manat vəsitləri nəzərə alsaq Oğuz-Şəki yolunun yenidən qurulması üçün ayrılan ilkin 10 milyon manat məbləğin çox hissəsinin hara xərclənəcəyi bizi düşündürür. Digər tərəfdən nəzərə alsaq ki, işin layihələndirilməsi, icrası, nəzarət də AAYDA adlı qurumlara aiddir və işçilər də maaş alırlar. O zaman təbii sual ortaya çıxır ki,əhalinin normal hərəkət etməsini düşünərək ölkə başçısının dövlət büdcəsindən ayırdığı vəsati indiki pandemiya və müharibə dönəmində AAYDA niyə talan edir?



İndi keçək əsas məsləyə: Görəsən indiki soyuq şaxtalı havada dağ rayonunda asfaltın döşənməsi normativlərə nə dərəcədə uyğundur? Normativə uyğun olaraq zavodda hazırlanmış asfalt qarşığının 130 dərəcə selsindən aşağı olmamaq şərtilə 1 saat 10 dəqiqə ərzində, üstü örtülü xüsusi texnikalar vasitəsi ilə daşınması təmin olunurmu? Əsla. Çünki, hazırlanmış asfalt Qəbələ, Ağdaş və ya Şəkidəki asfalt-beton zavodlarından gətirilir. Üstüaçıq EVRO KAMAZlarla daşınan asfaltın səpilməsi üçün yolda ən azı 2 saatdan çox vaxt itirilirsə və asfaltın temperaturu 130 dərəcədən aşağı düşürsə material yarasız hesab olunur və belə asfaltın yataq üzərinə doldurulmuş xam daş-torpaq üzərinə səpilərək yayılması cinayətdən başqa bir şey deyildir. Bütün avtomobil yollarında olduğu kimi Oğuz-Şəki yolunun yenidən qurulmasından 3 il sonra çökmələr, batmalar və cadarlar müşahidə edəcəyiksə günahkar hansı orqan olacaq? Bu məsuliyyət artıq indidən hazırda gedən işlərin icrasını normativlərdən kənar tezbazar həyata keçirən dövlət qurumunun üzərinə düşəcəkdir. Necə deyərlər, bizdən demək. Ciddi mənimsəmə faktlarının indidən yoxlanması isə hüquq-mühafizə orqanlarının, təbiətə vurulan və vurulmaqda davam edən ekoloji cinayətlərin isə araşdırlması Muxtar Babayevin təxirəsalınmaz işidir.

Aktualinfo.org-un araşdırma qrupu




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net