Ana Sayfa > Partiya > “Rusiya addım atmayacaqsa, kimdir Avrasiya İttifaqına girən?"

“Rusiya addım atmayacaqsa, kimdir Avrasiya İttifaqına girən?"


8-10-2015, 12:20. Yazar: admin
“Rusiya addım atmayacaqsa, kimdir Avrasiya İttifaqına girən?"
Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşmaq planları ciddiləşir. Üstəlik, şimal qonşularımız sülhməramlı qismində öz qoşunlarını da Qarabağa yeritmək istəyir. Bu vəziyyətin Ermənistanın işğalçılıq niyyətinin davamlılığına xidmət edəcəyini deyənlərlə yanaşı, Rusiyanın təklifinə Azərbaycanın alternativlərindən biri kimi yanaşanlar da var. Qarabağın azadlığının qarşılığında Azərbaycanın Avrasiya Birliyinə, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasını mümkün sayanlardan biri BAXCP sədri, deputat Qüdrət Həsənquliyevdir.


- Qüdrət bəy, Rusiyanın Azərbaycanla bağlı planları artıq beynəlxalq miqyasda müzakirə olunur. NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə daxil olan deputat kimi sizdə durumla bağlı məlumatlar nədən ibarətdir? “Sülhməramlı” adı ilə rus qoşunu Azərbaycana yeridilə bilərmi?

- Mən 10 ildən artıqdır ki, NATO Parlament Assambleyasındayam, ondan əvvəl də kifayət qədər imkanım olub ki, xarici diplomatlarla görüşüm, həmçinin mətbuatı izləyim. Sözün doğrusu, mən əvvəllər, hələ bu mövzuda kimsənin danışmağa cəsarət etmədiyi bir dövrdə - çünki hamı bilirdi bu işğalın arxasında Rusiya dayanır, ona görə də Moskvanın “gəlin bu problemi çözək” fikrinə bir aqressiv münasibət var idi - məndə tam bir qənaət formalaşmışdı ki, Qarabağ məsələsində Qərbdən ədalətli mövqe gözləməyə dəyməz. Çünki onların rəğbəti Ermənistan tərəfindədir. Bəlkə də biz xristian dövləti olsaydıq, iki xristian dövləti arasında bir ədalətli mövqe sərgiləməyə çalışardılar. Amma müsəlman ölkəsiyik və Qərbdə də son illər islamofobiya xeyli güclənib. Ona görə də bizə digər postsovet respublikalarındakı münaqişələrdən fərqli münasibət var. Əgər məsələni sülh yolu ilə həll etmək istəyiriksə, onda Ermənistanla yox, məhz Rusiyaya ilə masa arxasında oturub danışmalıyıq. Yaranmış tarixi şəraitdə bu mümkündür.

- Amma elə bugünlərdə Rusiyanın yaratdığı KTMT Ermənistanda təlimlər keçirdi və Azərbaycanı təhdid edən mesajlar verildi...

- Elə ona görə də birbaşa Rusiya ilə danışmaq lazımdır. Azərbaycanın torpaqlarını hərb yolu ilə azad etməsi məsələsi bir az risklidir. Amma buna baxmayaraq, mən bunu da mümkün sayıram. Əgər Rusiya ilə danışıqlar baş tutmasa, Azərbaycan hətta o riskli addımı da atmalıdır. Ona görə ki, torpaqlar uzun illərdir işğal altındadır. İkincisi də, ingilislərin bir sözü var: “Ehtiyatlılığı yelə ver - sən ciddi nəticələr istəyirsənsə, böyük risklərə getməlisən”. Hesab ediriksə ki, heç bir risk etmədən gedib torpaqlarımızı azad edəcəyik, bu, sadəcə olaraq illüziyadır, özünü aldatmaqdır. Ona görə də hətta mən razıyam ki, Azərbaycanın müəyyən məsələlərdə suveren hüquqları məhdudlaşsın, nəinki biz öz torpaqlarımızı itirək. Biz Qarabağ naminə KTMT-yə də üzv ola bilərik. Mərhum Heydər Əliyevin dövründə, 1994-99-cu illərdə bu qurumun üzvü olduq, məgər onda Azərbaycan müstəqil deyildi? Onda da Qərb bizi aldatdı, GUAM yaratdıq və sonra bəlli oldu ki, GUAM da səmərəsiz qurumdur. Qərb də bizə heç bir ciddi dəstək vermədi, GUAM-ın normal regional fəaliyyəti üçün də addım atmadı. Ona görə də Azərbaycan Rusiya ilə dil tapa bilər. Rusiya marağındadır ki, Cənubi Qafqazın açar ölkəsi olan, strateji bir ölkə kimi Azərbaycanla razılığa gəlsin.

- Rusiya Qarabağ məsələsinin həllini istəyirmi?

- Bizim tam müstəqil siyasət yürütməyimiz hazırda Rusiyanın bəzi dairələrini qıcıqlandırır ki, niyə Azərbaycan onlarla bərabərhüquqlu tərəf kimi danışır. Əlbəttə, Rusiya Qarabağ məsələsini saxlamaqla hər iki respublikanı özündən asılı vəziyyətə salıb. İndi də Ukraynanı özündən asılı saxlamaq üçün Donbasda oxşar problem yaradır. Biz də görürük ki, Qərb çox acizdir. Qərb Azərbaycandan fərqli olaraq, Ukraynanın ərazi bütövlüyünə qarant durmuşdu. Ancaq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan nüvə dövlətlərinin qarant durduğu və əhalisinin sayı 44 milyona çatan, böyük sənaye kompleksinə malik, hərbiləşmiş bir xalq bu gün Rusiyanın qarşısında çox aciz bir durumdadır. Belə olan halda Azərbaycanı Ukrayna ilə müqayisə edin və durumumuzu təsəvvür edin. Ona görə də çalışıb Rusiya ilə dil tapmaq lazımdır. Biz Rusiya ilə danışmalıyıq. Azərbaycan enerjidaşıyıcıları ilə bağlı Moskva ilə anlaşa bilər.

- İlk öncə hansı tərəf addım atmalıdır, öncə torpaqlar azad olunmalıdır, yoxsa Bakı qərarını verməlidir?

- Bəzi adamlar mətbuatda deyir ki, Avrasiya İttifaqına girsək, Rusiya onsuz da Qarabağ problemini həll etməyəcək. Axı kimdir problem həll olunmamış Avrasiya İttifaqına girən? Söhbət ondan gedir ki, Qarabağın azadlığının qarşılığında Azərbaycan Avrasiya İttifaqına girir. Əgər Rusiya bu istiqamətdə addım atmayacaqsa, kimdir Avrasiya İttifaqına girən? Bəzi partiya sədrləri özlərini “vətənpərvər” kimi göstərib müstəqilliyə təhlükə barədə danışırlar. Bəs sən nə alternativ təklif edirsən? Hətta Rusiya “sülhməramlıları”nın daxil olmasına da baxmaq olar. Amma sülh sazişi imzalanacaq, Ermənistan qəbul edəcək ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Biz də Qarabağ ermənilərinə dünyada mövcud olan ən geniş muxtariyyəti verəcəyik, qoy, eybi yoxdur, rus sülhməramlıları onları orda qorusun. Amma o torpaqlar Azərbaycanın ərazisi kimi Rusiya və Ermənistanın imzası ilə təsdiqlənəcək. Mən əminəm ki, gələcəkdə də iqtisadi cəhətdən güclü olan Azərbaycan ayrılmaz parçası olan Dağlıq Qarabağa ciddi yatırımlar qoyacaq. Bu, indiki şərtlər altında ən uğurlu variantdır.

- Bəs antierror əməliyyatı və ya hərbi əməliyyatları necə, tam istisna edirsiniz?

- Əlbəttə, bizim gücümüz olsaydı... Necə ki, Rusiya Çeçenistan üzərində öz suveren hüquqlarını bərpa etdi, biz də bunu edə bilsəydik, çox yaxşı olardı. Yəni bu variant bizim üçün əla variant idi. Amma indiki şərtlər altında bunu etmək həddən artıq risklidir. Ona görə də biz ilk variant kimi Rusiya ilə danışmağa çalışmalıyıq. Amma alınmasa, Azərbaycan hərb variantını seçməlidir. Azərbaycan nə qədər böyük hərbi potensiala malik olursa-olsun, gözümüzün önünə gətirməliyik ki, biz yeri gəlsə, Rusiya ilə vuruşmalı olacağıq. Rusiyanın davranışları bunu göstərir.

- Ermənistandakı bazası müdaxilə edə bilər?

- Təkcə Ermənistandakı bazası yox. Rusiya öz ərazisindən də ölkəmizə hava zərbələri endirə, yaxud qurudan əsgər yeridə bilər.

- Bəs Türkiyənin hərbi köməyinə arxalana bilərikmi?

- Tamamilə istisna olunur. Hətta Rusiyanın ən zəif dövründə belə, Türkiyə cəsarət edib Azərbaycana Kəlbəcər sakinlərini çıxartmaq üçün iki mülki vertolyot vermədi. Elçibəy həmişə bunu ürək ağrısı ilə deyirdi, bunu indi xatırlayanda mənim də ürəyim ağrıyır. Ona görə də Türkiyədən artıq şey gözləməyə dəyməz. Türkiyənin özünün də ciddi problemləri var. Həm də Türkiyənin Azərbaycana görə Rusiya ilə konfliktə gedəcəyini düşünmək sadəlöhvlükdür. Çünki Ankara da gözəl başa düşür ki, Rusiya nüvə dövlətidir. Ona görə də Türkiyə nüvə dövlətinə çevrilməlidir. O günə qədər Türkiyə heç vaxt regional güc ola bilməyəcək, mən bunu hər zaman deyirəm.

- Azərbaycan öz ərazisində antiterror əməliyyatına başlasa, yenədəmi Rusiya müdaxilə edəcək?

- Bu barədə iddialar cəfəngiyatdır. Bordyujanın, rus generallarının, səfirlərinin açıqlamaları onu göstərir ki, təhlükə realdır. Yadınızdadırsa, 2008-ci il Gürcüstan hadisələri zamanı da Rusiya rəsmiləri “başqaları da bundan ibrət dərsi götürməlidir” deyirdilər. Açıq şəkildə Azərbaycana mesajlar verilib. Ona görə də deyirəm ki, əgər hərbi əməliyyatlar keçirəcəyiksə, bu, Rusiya ilə razılaşdırılmalıdır. Əgər Ermənistan ipə-sapa yatmaza, biz Rusiyanın razılığı ilə, tutaq ki, Dağlıq Qarabağ ətrafındakı rayonları azad edirik və Ermənistan sülhə imza atmağa məcbur olur.

- Rusiya ərazilərimizin azad olunmasını istəyərmi?

- Azərbaycan regionda çox önəmli bir ölkədir, həm iqtisadi, hərbi gücünə, resurslarına, həm coğrafi mövqeyinə görə. Ona görə də, məncə, Rusiya ilə anlaşmaq olar, nəinki Qərbdən kömək gözləmək... Görün, Qərbdə nə qədər hakimiyyətlər dəyişib, amma Qərbin mövqeyi dəyişməyib. Ona görə də Azərbaycan mütləq Rusiya ilə danışmalı və Moskvanın bu məsələni həll etməsinə çalışmalıdır. Bunun üçün KTMT-yə də üzv ola bilərik, Gömrük İttifaqına da. Həmçinin Azərbaycan Rusiyanın Azərbaycanda hərbi baza yaratmasına icazə verə bilər. Eyni zamanda Azərbaycanın enerjidaşıyıcıları ilə bağlı razılaşmanın əldə olunması da mümkündür.

- Parlamentdə sizin təklifinizdən sonra Qarabağ dinləmələri keçirilərsə, siz orda da bu təklifləri səsləndirəcəksiniz?

- Bəli, mən dinləmələrin keçirilməsini istəyirəm. Mən demişəm ki, dinləmələrdə aparıcı KİV rəhbərləri, təhlükəsizlik məsələləri ilə məşğul olan QHT-lər, ölkənin tanınmış ziyalılarının iştirakı ilə Qarabağ müzakirələri keçirilsin. Bu, hətta dünyaya mesaj olacaq ki, Azərbaycan işğalla barışmır, həll yolları axtarır və bütün ümidləri tükənmiş xalq bir gün hökumətdən tələb edəcək ki, torpaqları azad elə. Deməli, müharibə qaçılmazdır. Biz oturub gözləyə bilmərik ki, Rusiya nə vaxt dağılacaq. Rusiyanın ən zəif dönəmində belə, biz problemi həll edə bilməmişik - o dövrdə Qərbin parlaq liderinin olmaması səbəbindən. Qərb uzaqgörən olmaması səbəbindən qorxdu ki, SSRİ dağılıb və Rusiya da dağılsa, əlavə 20 dövlət yaranacaq. Rusiya isə məhz Qərbin köməyi ilə Çeçenistanı darmadağın etdi və milli azadlıq hərəkatını boğdu. Amma Rusiya bir az güclənən kimi Qərbin özünün burnunun üstündən vurdu. Ona görə də nəzərə almalıyıq ki, Qərb bizdən çox uzaqdır, amma Rusiya qonşuluğumuzdadır və əhalisinin, sayına ərazisinə görə böyük, üstəlik, nüvə dövlətidir. Azərbaycan bu ölkə ilə öz siyasətini daha ehtiyatla qurmalıdır. Onu da nəzərə almalıyıq ki, bizim düşmənlərimiz Qərbdə dəstəklənir, orada böyük erməni diasporu var. Gördünüz ki, BMT-də Ermənistan Ukraynanın ərazi bütövlüyünə səs vermədi, amma ona güldən ağır söz deyən olmadı. Hətta Qərb Rusiyaya Ermənistanı qoruduğu üçün “sağ ol” deyir. Türkiyə də həm Qərbdən asılıdır, NATO dövlətidir, həm də Rusiya ilə üz-üzə gəlməmək üçün bu münaqişəyə qatılmayacaq. Hələ biz Türkiyədən öz pulumuza, dünya bazar qiymətlərinə silah ala biliriksə, bunun özü böyük hadisədir. Türkiyənin Ermənistanla sərhədləri açması müzakirələri, futbol diplomatiyası da yadımızdan çıxmayıb. Bu acı reallıqları nəzərə almalıyıq və xalqla açıq danışmalıyıq...

Türk qardaşlarımız da deyir ki, bizdən artıq heç nə gözləməyin. Bugünlərdə bizim yüksək çinli diplomatlardan biri mənə maraqlı bir hadisəni danışdı. Dedi ki, rəhmətlik Heydər Əliyev prezident Əhməd Necdət Sezərlə görüşəndə deyib mən onu yoxlayacağam. Görüşüb-öpüşəndən sonra oturan kimi Heydər Əliyev başlayıb ki, regionda güvənəcəyimiz yeganə dövlətsiniz. Ancaq illər keçir, Qarabağ işğalda qalıb, xalq da bizdən torpaqları azad etməyi tələb edir. Sezər ardınca nə deyəcəyini başa düşüb və dərhal prezidentin sözünü ağzında kəsib, qayıdıb ki, “sayın Heydər bəy, bilirsiniz ki, biz NATO üzvü olan ölkəyik, onların icazəsi olmadan sizə bir qurşun da verə bilmərik”. Ona görə də bizim Türkiyədən ciddi dəstək gözləməyimizə dəyməz, bu reallığı qəbul etməliyik. Türkiyə bizim qardaşımızdır, ancaq qardaşımızın da gücü, imkanı nəyə çatır, bunu bilirik. Bilməliyik ki, Türkiyə hara qədər bizə dəstək verə bilər.../musavat.com/

Geri dön