Ana Sayfa > Partiya > Partiyaların qeydiyyatı asanlaşır: - “Bu, Azərbaycan üçün vacibdir”

Partiyaların qeydiyyatı asanlaşır: - “Bu, Azərbaycan üçün vacibdir”


2-09-2020, 12:52. Yazar: admin
Partiyaların qeydiyyatı asanlaşır: - “Bu, Azərbaycan üçün vacibdir”

Hakimiyyətin təşəbbüsü ilə başladılan iqtidar-müxalifət təmaslarından sonra qeydiyyatı olmayan 7 partiya Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydiyyata alındı.

Belə ki, Yeni Zaman Partiyası, Azad Demokratlar Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Ağ Partiya, Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası artıq rəsmi fəaliyyət göstərən partiyaya çevrildi.

Qeyd edək ki, bunlardan ikisi-Razi Nurullayevin sədri olduğu Milli Cəbhə Partiyası və İlqar Məmmədovun rəhbərlik etdiyi Respublikaçı Alternativ Partiyası eyni zamanda parlament təmsil olunur. Görünən odur ki, artıq partiyaların dövlət qeydiyyatına alınması prosesi asanlaşır.

Maraqlıdır, bu prosesin asanlaşması nə vəd edir? Partiyaların dövlət qeydiyyatına asanlaşması siyasi proseslərə təkan verə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında partiyaların dövlət qeydiyyatına alınmasının müsbət hadisə olduğunu deyib:

“Çünki Azərbaycana təlatümlər lazım deyil. İqtidar-müxalifət mübarizəsi hər zaman olub, Azərbaycanın inkişafı üçün bu vacibdir, labüddür. Amma müəyyən qaydalar olmalı və bu çərçivədə də prinsiplər müəyyənləşməlidir. Ona görə də uzun illər partiyaların qeydiyyata alınmaması yanlış addım idi. Amma hakimiyyətdə də dəyişikliklər baş verir, gənclər idarəetməyə cəlb olunur. Onlar da başa düşürlər ki, partiyalar qeydiyyata alınmalıdır, mübarizə metodları olmalıdır. Bu baxımdan prosesi müsbət qiymətləndirirəm. Dialoqun aparılmasını da, bunun davamlı hal almasını da vacib hesab edirəm. Yaxşı olardı ki, partiyalararası dialoq və mübarizə parlament divarları arasında olsun. Açıq etiraf etmək lazımdır ki, parlamentdə müxalifət geniş tərkibdə təmsil olunmur. Ona görə də ümid etmək olar ki, partiyaların öz səslərini qazanaraq parlamentdə təmsil olunub öz fikirlərini bildirmək imkanı olacaq. Amma buna qədər də düşünürəm ki, hakimiyyətlə müxalif partiyalar arasında ümummilli məsələlərlə bağlı dialoq davam etməlidir. Bu, Azərbaycan üçün çox vacibdir”.
Geri dön