“Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq istəyirlər”
Tarix: 24-11-2015, 10:09 | Çap et
“Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq istəyirlər”
Dağlıq Qarabağın ətraf rayonlarının azad olunacağı ilə bağlı informasiyalara artıq Amerika diplomatı səviyyəsində reaksiya verilib. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik son ayların ən aktual mövzusundan bəhs edib.

“Mən daha əvvəl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hərtərəfli həllin bir hissəsi kimi Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycanın nəzarətinə qaytarılmalıdır”-deyə, Ceyms Uorlik bildirib. Diplomat APA-ya açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən belə deyib. O bildirib ki, həllin digər vacib elementi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi olacaq.

“Bu elementləri özündə birləşdirən həllə çatmaq üçün siyasi iradə tapmaq prezidentlər üçün çox vacibdir” deyə, C.Uorlik vurğulayıb. Düzdür, bu xəbərlərin ardınca Ermənistan rəsmiləri Lavrovun İrəvan səfərində 7 rayon müzakirələrinin aparılmadığını bildirmişdi. Lakin Uorlikin son açıqlaması bağlı qapılar arxasında hansısa müzakirələrin aparıldığından xəbər verir. Prezidentlərin növbəti görüşünə ev sahibliyi etmək üçün faktiki olaraq yarışın getdiyi bir ərəfədə belə bir anonsun verilməsinə hələlik rəsmi Bakı reaksiya verməyə tələsmir. Azərbaycanın hakim partiyasından isə məsələ ilə bağlı münasibət öyrənə bildik.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Qarabağla bağlı aparılan danışıqlar mərhələli və paket variant üzrə aparılıb: “Mərhələli varianta əsasən, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa bitişik rayonları qaytarılır, qarşılıqlı təmas yaranır, ondan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması prosesi gedir. İkinci varianta əsasən, həm status, həm o rayonların taleyi birbaşa müəyyənləşir, məsələlər paket halında həllini tapır. Ona görə də 7 rayonun qaytarılması barədə amerikalı diplomatın dedikləri yeni bir şey deyil. İstər Amerika, istər Rusiyanın ayrı-ayrı siyasətçiləri tərəfindən bu məsələ mütəmadi şəkildə səsləndirilir. Hətta bir müddət öncə 3, yaxud 5 rayon söhbəti aparılırdı. Bildirilirdi ki, Laçın və Kəlbəcəri çıxmaq şərti ilə digər rayonlar qaytarılır və bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir”.

YAP təmsilçisi qeyd etdi ki, əslində Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün mühüm əhəmiyyətli hadisə sayılmamalıdır: “Regionda stabilliyin yaranması üçün bu münaqişənin həlli aktuallaşmalıdır. Çünki dünyada kifayət qədər yeni münaqişələr var və yeniləri də başlayıb. Görünən budur ki, münaqişələrin həlli uzun sürəcək. Ona görə də Cənubi Qafqazda stabilliyin bərqərar olması üçün mütləq Qarabağda sülhə nail olmaq lazımdır”.

S.Novruzov son zamanlar həmsədrlərin fəallaşmasını təsadüfi saymadığını vurğuladı: “Fikirləşməyin ki, onlar bunu bizim xeyrimizə edirlər. Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq istəyirlər. Ermənistanda iqtisadi böhran, insanların ölkəni tərk etməsi, əhalinin davamlı kütləvi aksiyalara çıxması, konstitusiya dəyişikliyi ilə bağlı referendum etirazlarını Amerikada da izləyirlər. Özü də Ermənistandan köçənlərin əksəriyyəti ABŞ-a üz tutur”.

ABŞ Qarabağ məsələsində müsbət dönüşə nail olarsa, torpaqların azad olunması istiqamətində ciddi addımlar atarsa, o halda Bakı ilə Vaşinqton arasında münasibətlər normal məcraya düşə, “soyuq savaş” elementləri aradan qalxa bilərmi? S.Novruzov: “Bakı ilə Vaşinqton arasında münasibətlər həmişə yaxşı olub. Sadəcə olaraq, hər iki tərəfdən olan bəzi insanlar, o cümlədən müəyyən mətbuat orqanları bu münasibətləri gərginləşdirməyə çalışıb. Tutaq ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırkı institut müəllimi vaxtilə ölkəmizdə neft biznesi qurmağa çalışıb, ancaq bu, alınmadıqdan sonra Azərbaycana qarşı mütəmadi şəkildə düşmən mövqedə dayanır və qərəzli çıxışlar edir. Onun çıxışını Amerika dövlətinin mövqeyi kimi təqdim etməyə çalışırlar. Düzdür, müəyyən dövrlərdə Dövlət Departamenti tərəfindən də ədalətsiz şəkildə, onların Azərbaycandakı əlaltıları, QHT-lər, siyasi partiyalar tərəfindən ötürülmüş düzgün olmayan informasiyalar nəticəsində bəyanatlar verilib. Lakin bu da sırf ermənipərəst qüvvələrin canfəşanlığı nəticəsində baş verib. Amma ümumilikdə Azərbaycan həmişə Amerika ilə strateji müttəfiq olub. Həm Əfqanıstanda, həm İraqda, həm də Kosovoda sülhyaratma prosesində birgə iştirakımız olub”.

YAP funksioneri ABŞ-ın Qarabağ ermənilərinə yardımı davam etdirəcəyi barədə rəsmi mövqeyindən təəccüblənmədi: “Təbii ki, erməni lobbisi və onların əlaltıları Amerika Konqresində hətta Azərbaycana səfirin təyin olunmasına maneçilik törədə bilirlərsə, Dağlıq Qarabağ ermənilərinə yardım edilməsi də təəccüblü deyil. Çünki yardım ayrılmasını Konqres təsdiq edir. O baxımdan Konqresdəki antiAzərbaycan mövqeli qüvvələr buna nail olur. Düzdür, orada Azərbaycanın dostları da az deyil. Amma nəzərə alsaq ki, ermənilər 100 ildən artıqdır Amerikada yaşayırlar və özlərinin geniş şəbəkələrini qurublar, onların təsir mexanizmi hələ də qalır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net