Əli Kərimli təlaş içində
Tarix: 17-11-2015, 10:23 | Çap et
Əli Kərimli təlaş içində
Məlum olduğu kimi, Ədliyyə Nazirliyi AXCP-nin Əli Kərimli qanadının sentyabrın 27-də keçirilən qurultayının sənədlərini geri qaytarıb. Nazirliyin qərarı Əli Kərimlini özündən çıxarıb. Facebook hesabında yazdığı statusda Əli Kərimli nazirliyin mövqeyini düzgün saymayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq, Əli Kərimli dəstəsinin sənədlərini geri qaytarıb və təkilif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edilsin.
Bu qərar isə Əli Kərimlidə və onun azsaylı tərəfdarlarında əsl panika yaradıb. “Yurd”dan bununla bağlı mediaya verilən açıqlamalarda Əli Kərimlinin baş verənlərlə bağlı Avropa məhkəməsinə üz tutacağı bildirilir. “Yurd” sözçüsü Həsən Kərimov bildirib ki, hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır, sənədlər toplanır. Əks düşərgə isə kifayət qədər soyuqqanlı görünür. Razi Nurullayev açıqlamasında deyib ki, rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələri ilə bağlı sənədlər Ədliyyə Nazirliyindədir: "Bizim sənədlərimiz geri qaytarılmayıb. AXCP kimi qeydiyyata alınmaqla bağlı gözləntimiz var. Cavabı gözləyirik, cavab aldıqdan sonra atacağımız addımları müəyyən edəcəyik".
Qeyd edək ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb. Nazirlikdən bildirilib ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP "Etimad qurultayı" adı ilə sənəd təqdim edib. Buna görə də tərəflərə təkilif edilib ki, mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət edilsin.
Çoxları 2000-2002-ci illərdə AXCP adı uğrunda mübahisədə olduğu kimi, bu dəfə də qərarın Kərimlinin xeyrinə veriləcəyini gözləyirdi. Lakin bu dəfə belə olmadı. Xatırladaq ki, 2002-ci ildə beynəlxalq dəstəkçilərinin və hakimiyyətdəki havadarlarının köməyi ilə Əli Kərimli rəsmi təmsilçilik məsələsini öz xeyrinə həll edə bilmişdi. Halbuki 2000-ci il parçalanmasında AXCP rayon şöbələrinin və üzvlərinin 70 faizi Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi “klassiklər”lə getmişdi. 2002-ci ildəki bütövləşdirmə hərəkatı zamanı Əli Kərimlinin yanında azlıq qalmışdı.
Əli Kərimli qanadı bu dəfə də ümidli görünürdü. Lakin Ədliyyə Nazirliyi Əli Kərimli dəstəsini xəyal qırıqlığına uğratdı. Nazirliyin qərarı o anlama gəlir ki, Əli Kərimli artıq rəsmi olaraq AXCP sədri sayıla bilməz. Çünki məsələ mübahisəlidir, iki tərəf AXCP adı ilə qurultay keçirib sənədlərini Ədliyyə Nazirliyinə təqdim ediblər. Artıq ölkənin tanınmış hüquqşünasları, ziyalıları məsələyə münasibət bildiriblər. Hesab olunur ki, belə məqamlarda hansı tərəfin təşkilatı təmsil etmək haqqının olmasını qanunvericiliyə görə Ədliyyə Nazirliyi müəyyən etməlidir və nazirliyin qərarına hörmətlə yanaşmaq lazımdır.
AXCP sədri Razi Nurullayev Ədliyyə Nazirliyinin qərarına müsbət yanaşıb: “Əli Kərimlinin qurultay sənədləri Ədliyyə Nazirliyi tərəfindən haqlı olaraq geri qaytarılıb. Qanunlara hörmət qoymayan bu hökumət ömründə heç olmasa, bir dəfə doğru qərarlardan birini verib. Biz bu çəkişməni udmaq niyyətimizi öncə də demişdik. Haqlı olduğumuzu bilirdik. Əsl AXCP-ni biz təmsil edirik”. Ondan fərqli olaraq Əli Kərimli məsələni siyasiləşdirir, hüquqi müstəvidən çıxarmağa çalışır. Yazdığı təhqirlərdən görünür ki, “Yurd” lideri çox narahatdır və rəsmi təmsilçiliyi itirəndən sonra siyasi səhnədən çıxacağından ehtiyat edir. Əli Kərimlinin 27 sentyabrda keçirdiyi qurultaydan fərqli olaraq Razi Nurullayevin rəhbərliyi ilə 18 oktyabrda keçirilmiş legitim qurultayda 57 rayon təşkilatı iştirak edib. AXCP-nin legitim strukturları bu qurultayda formalaşıb. Ədliyyə Nazirliyi tərəfkeşlik etməyib, sadəcə, faktı təsdiq edib. Əli Kərimlinin başdan-başa təlaşla yazdığı statusunda yanında qalan fəalları, üzvləri arxayınlaşdırmaq cəhdi var: “İndi isə aydınlaşdıraq ki, AXCP ətrafında nə baş verir və biz bundan sonra necə hərəkət edəcəyik. Bizim təqdim etdiyimiz qurultay sənədlərinin baxılmadan özümüzə geri qaytarılması o deməkdir ki, mənim sonuncu qurultayda da sədr seçilməyim faktını Ədliyyə Nazirliyi dövlət reyestrinə daxil etməyib. Heç kim səhv salmasın. Sonuncu qurultayımızın nəticəsinin hələlik dövlət reyestrinə daxil edilməməsi partiyanın dövlət qeydiyyatının ləğv edilməsi deyil. AXCP-nin dövlət qeydiyyatı qüvvəsindədir. Son qurultaydakı seçki nəticəsinin dövlət reyestrinə daxil edilməməsi heç mənim sədr kimi dövlət tərəfindən tanınmamağım da deyil. Çünki bundan əvvəlki qurultayda mənim sədr seçilməyim haqda məlumat dövlət reyestrində var. Və həmin məlumat yenisi ilə əvəzlənənə qədər mənim AXCP sədri olmağım hüquqi cəhətdən mübahisələndirilə bilməz. Bunlar məsələnin hüquqi tərəfləridir”.
Bu sözlər Əli Kərimlinin yanında qalanlar üçün təsəllidən başqa bir şey deyil: “Yəni narahat olmayın, AXCP sədri yenə mənəm”. Ancaq əslində, elə deyil. Məsələ hüquqi müstəviyə çıxırsa, sənədlər araşdırılacaqsa, məhkəmə ədalətli qərar çıxaracaqsa, yəqin ki, yaxın vaxtlarda Ədliyyə Nazirliyi də fakt qarşısında qalaraq, 57 rayon şöbəsinin, cəbhəçilərin mütləq əksəriyyətinin iştirakı ilə qurultay keçmiş Razi Nurullayevin rəhbərliyi altındakı AXCP-ni rəsmi təmsilçi kimi tanıyacaq. Əli Kərimli sonda əl yeri qoyur, tərəfdarlarını rəsmi təmsilçiliyinin itirilməsi durumuna hazırlayır: “Mən yalnız AXCP sədri olduğum üçün bunlarla mübarizə aparmıram ki. Mən ilk növbədə, bir vətəndaş Əli Kərimli olaraq bu rejimlə mübarizəmi davam etdirirəm”.
Buradan aydın görünür ki, Əli Kərimli özünü və tərəfdarlarını “AXCP sədri” statusundan imtina etməyə hazırlayır. Yəqin ki, “mövcud siyasi situasiyanı nəzərə alaraq” Əli Kərimli tərəfdarlarının başqa partiya adı altında fəalliyyət göstərməsinə qərar verəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net