“Azərbaycan da terrordan sığortalanmayıb” -Sabiq MTN-çi
Tarix: 16-11-2015, 10:43 | Çap et
“Azərbaycan da terrordan sığortalanmayıb” -Sabiq MTN-çi
Fransada baş vermiş faciə dünya ölkələrini hərəkətə gətirib; İŞİD-ə qarşı quru əməliyyatlarına başlana bilər...

İlham İsmayıl: “Azərbaycan hələ ki, İŞİD və PKK-nın hədəfində deyil, amma bu, istənilən an baş verə bilər”

Fransa noyabrın 13-də törədilmiş terror aktı ilə çalxalanır. Faciə nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 130 nəfəri ötüb. Hər keçən gün ölənlərin sayı artmaqdadır. 252 nəfərin yaralandığını nəzərə alsaq, təəssüflə qeyd edə bilərik ki, qarşıdakı günlərdə də faciə qurbanlarının sayı arta bilər.

Baş vermiş dəhşətli hadisə nəticəsində ölənlərin içərisində dünyanın 12 ölkəsinin vətəndaşı da var. Türkiyədə keçirilən G20 sammiti öncəsi Fransada baş vermiş terror hadisəsi bir sıra suallar doğurub. Əsas suallardan biri, niyə məhz qurban kimi Fransanın seçilməsidir.
Dünyanı təhlükə ağuşuna alan İŞİD terrorundan sonra dərhal müraciətinin yayılması bir çox üstüörtülü mətləblərin üstünü açdı. Terror təşkilatı açıq şəkildə törədilən faciəni öz üzərinə götürərək, Suriyanın bombalanması dayandırılmayınca, Fransada terror hadisələrinin davam edəcəyini bəyan etdi.

Qeyd edək ki, Fransa Suriya və İraqda İŞİD düşərgələrinin bombalanması əməliyyatlarında iştirak edir.

Məlum terror faciəsindən sonra bütün dünya ölkələri həyəcan təbili çaldılar. Artıq hər bir dövlətin terrorla üzləşməkdən sığortalanmaması barədə xəbərlər dolaşmaqdadır. Bu da insanlarda vahimə və qorxu hissləri yaradır. Faciədən dərhal sonra terrora qarşı birləşmiş koalisiya dövlətləri İŞİD-ə qarşı birgə quru əməliyyatlarına başlamaq barədə qərar qəbul etdilər. Bütün bunlar məsələnin nə qədər ciddi olduğuna bir işarədir.

Heç şübhəsiz ki, törədilən faciə ölkəmizdə də narahatlıqla qarşılanıb. Sabiq MTN-çi İlham İsmayıl Fransanın hədəf seçilməsinə belə aydınlıq gətirdi: “Elə dövlətlər var ki, dünya siyasətini müəyyənləşdirir. Onlardan biri də Avropada Fransadır. Fransa prezidenti bəyan etdi ki, terrorun arxasında İŞİD dayanır. Bu terror təşkilatına qarşı ilk hava zərbələrini fransızlar endirmişdilər. Bu səbəbdən Fransa hədəf götürülə bilərdi. Başqa ölkələr də hədəf götürülə bilərdi. Lakin böyük ölkə nəzərdə tutulub. Təsir imkanlarını artırmaq üçün. İŞİD italyan televiziyasına müsahibəsində bildirib ki, bu Suriyanın qisasıdır. Açıq şəkildə Fransaya 11 sentyabr hadisələrini yaşatdıqlarını qeyd edirlər. Doğrudan da oxşar əlamətlər var. Məhz 2001-ci ilin 11 sentyabrında ABŞ-ın müxtəlif yerlərində terror hadisələri törədilmişdi. Fransanın da müxtəlif yerlərini terror əhatə etdi. Hesab edirəm ki, bu faciənin G20 sammiti öncəsi baş verməsinin başqa səbəbləri yoxdur. Çünki onsuz da G20-də İŞİD-ə qarşı mübarizə məsələsi müzakirə olunacaq. Bu baxımdan terror aktı sammitdən öncə də, sonra da baş verə bilərdi”.

İ.İsmayıl Azərbaycanı gözləyən təhlükələrdən də söz açdı: “Terrordan heç bir dövlət sığortalanmayıb. Xüsusi xidmət orqanlarının profesionallığından asılı olmayaraq, şahidi olmuşuq ki, zaman-zaman ABŞ, İtaliya, İngiltərə və indi də Fransada da bu cür hadisələr törədilib. Fikirləşməyək ki, səhərisi gün İŞİD Azərbaycanda terror törədəcək, ya yox. Sadəcə olaraq, onu qeyd edim ki, Azərbaycan bu gün İŞİD və PKK-nın hədəfində deyil. Amma bu, istənilən an baş verə bilər. Çünki müsəlmanların yaşadığı ölkələrdə şəriət dövləti qurmaq üçün xüsusi plan həyata keçirilir. Xüsusi xidmət orqanlarımızın vəziyyətinin necə olmasından asılı olmayaraq, biz də bu cür faciələrdən sığortalanmamışıq. Terrorun hədəfində olan ölkəyik. İlk növbədə, erməni terror təşkilatlarının hədəfindəyik. Sonra da radikal islamçıların hədəfindəyik. Əsas terror təşkilatları bunlardır. Onların hər birinin Azərbaycanda xüsusi maraqları var. Eyni zamanda ölkəmizə qarşı maraqları olan cənub qonşularımız da, gələcəkdə təsir imkanlarını artırmaq üçün terrora əl ata bilərlər. Zaman-zaman bunun əlamətləri hiss olunub. Əgər belə bir hədəfdəyiksə, demək sığortalanmamışıq”.

Sabiq MTN-çi İŞİD-a qarşı quru əməliyyatlarına başlamaq üçün dünya ölkələrinin verdiyi anonsa da toxundu: “Bu əməliyyatlara başlamaq o deməkdir ki, Suriya və İraqın tutulan əraziləri azad ediləcək. Dünya siyasəti indiyə qədər bu məsələdə ona görə birmənalı qərar tuta bilməyib ki, o işdə əli olan ölkələr Bəşər Əsədin hakimiyyətdə qalmasını istəyiblər. Bəlkə də belə bir situasiyanın yaranması Rusiyanın xeyrinədir. Rusiya düşünür ki, ən güclü ölkələrdən birində belə bir hadisə törədilirsə, G20-də əsas müzakirə mövzularından biri quru əməliyyatlarına başlamaq olacaq. Nəticədə Suriya və İraqın tutulmuş əraziləri azad ediləcək. O zaman bu ərazilər kimə veriləcək? Bəşər Əsədə, yoxsa hansısar türk dövlətinə? İndiyə qədər bu məsələnin həll yolunun uzanması Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması ilə bağlı sualların cavabsız qalmasıdır. Bəlkə də Rusiya hesab edir ki, Əsəd hakimiyyətdə qala-qala quru əməliyyatları keçiriləcək. Amma düşünürəm ki, Avropadakı terror aktlarının fonunda quru əməliyyatları keçiriləcəksə, əsas hədəflərdən biri Bəşər Əsəd olacaq. Onun hakimiyyətdən getməsi tələb olunacaq”.(musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net