“Müxalifətin sıradan çıxarılması hakimiyyət üçün də böyük təhlükədir”
Tarix: 11-11-2015, 10:41 | Çap et
“Müxalifətin sıradan çıxarılması hakimiyyət üçün də böyük təhlükədir”
Azərbaycanda demokratik müxalifət qüvvələrinin zəiflədilməsi onların yerini radikal əhvallı qüvvələrin, din pərdəsi altında cəmiyyətdə radikallıq aşılayan kəsimlərin tutması prosesinin getməsinə təkan verir.

Bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandıran Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, 2010-cu ildən bu proses xüsusilə ciddi şəkil almağa başlayıb. Həmin il faktiki olaraq müxalifətsiz parlament formalaşdırıldı, heç bir ciddi səlahiyyəti olmayan bələdiyyələrdə belə müxalifətə yer verilməməsi çox ciddi strateji səhv idi: “Bir ölkədə dinc demokratik mübarizə aparan qüvvələr sıradan çıxarılırsa, həmin ölkədə həm müxalifət, həm də etiraz elektoratı radikallaşacaq. Bu qaçılmazdır. Narazı kəsimin mövqeyini dinc mübarizə ilə ortaya qoymaq imkanları əlindən alındıqca, həmin kəsimin onun fikirlərini ifadə edən təhlükəli radikal qüvvələrə gec-tez qoşulacağı dəqiqdir. Dinc demokratik mübarizə yolunda olan sivil müxalif qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılması, zəiflədilməsi heç bir ölkəyə uğur gətirməyib.

Demokratik qüvvələr qanun çərçivəsində fəaliyyət göstərir, hakimiyyət də ona nəzarət eləyə bilir. Radikal dini təmayüllü bir çox təşkilatlar isə gizli fəaliyyət göstərirlər və onlara nəzarət etmək də çox çətindir. Onların meydana çıxıb azacıq uğur əldə etməsi ölkədəki narazı elektoratın kütləvi şəkildə onların ardınca getməsi ilə nəticələnir. Dünya təcrübəsində bunun çox nümunələri var. Təəssüf ki, diqqət etdikdə Azərbaycanda da proseslərin qorxulu istiqamətdə inkişaf etməsi üçün şərait yaranır. İlk növbədə bu şəraiti dinc demokratik mübarizə xəttində olan müxalifətin zəiflədilməsi, siyasi sistemin bir əsas elementi funksiyasından məhrum vəziyyətə salınması yaradır".

S.Əkbər onu da qeyd etdi ki, demokratik müxalifətin sıradan çıxarılması ölkə üçün, həm də hakimiyyət üçün çox böyük təhlükədir: “Kimlərsə düşünürsə ki, demokratik müxalifəti sıradan çıxarmaqla hakimiyyət üçün problem həll edilib, çox ciddi yanılırlar. Əslində bu vəziyyət hakimiyyət üçün daha ciddi problemdir. Demokratik qüvvələrin yerini radikal ekstremist qüvvələrin tutduğu heç bir ölkə və onun hakimiyyəti arxayınlaşmamalıdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın yerləşdiyi region böyük dəyişikliklər mərhələsinə qədəm qoyub. Azərbaycanın özündə də bu dəyişikliklərin əlamətləri açıq görünür. Böyük dəyişikliklər mərhələsində demokratik müxalifətin yerində radikal təmayüllü qüvvələrin yer alması çox ciddi təhlükədir. Hadisələr bu şəkildə davam etsə, Azərbaycanı qarşıda çox mürəkkəb sınaq dövrü gözləyir. Ona görə də fəaliyyətində dinc demokratik mübarizə xəttini yürüdən siyasi qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılması prosesi təcili dayandırılmalı, bu qüvvələrin normal fəaliyyətinə imkan yaradılmalıdır. Azərbaycanın Suriyaya dönməsini şübhəsiz ki, heç birimiz istəmirik. Suriya kimi qədim mədəniyyətə malik bir ölkə uzun illər demokratik qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılmasının və onların yerini radikal ekstremist qüvvələrin tutmasının acılarını yaşamaqdadır".





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net