Müsavatın mitinqi partiyadaxili münaqişəni alovlandırdı
Tarix: 28-10-2015, 10:28 | Çap et
Müsavatın mitinqi partiyadaxili münaqişəni alovlandırdı
Arif Hacılının başqan seçilməsindən sonar Müsavat Partiyası daxilində gərginliyin artması danılmaz reallıqdır. İsa Qəmbərin başqanlıqdan geri çəkilməsi, yerini isə köhnə dostu və əqidə yoldaşı Arif Hacılıya verməsi zatən partiyanı “barıt çəlləyi”nə döndərmişdi. Xatırlayırsınızsa sözügedən olaylar zamanı partiyada anti İsa Qəmbər əhval-ruhiyyəsi kifayət qədər möhkəmlənmiş və o Arif Hacılıya lüzumsuz dəstək verməkdə ittiham olunmuşdu.

Arif Hacılının başqanlıq postuna sahiblənməsi isə partiya daxilində təqib və təzyiq kampaniyasının geniş vüsət alması ilə səciyyələnə bilər. Belə ki, bundan sonar onlarla müsavatçı Arif Hacılının əleyhdarı olduğu üçün partiyadan kənarlaşdırıldı. Parlament seçkilərinə start verilməsi isə Müsavat daxilindəki gərginliyə “su səpsə” də bunun sonacan belə olacağına az adam inanırdı. Müsavatın oktyabrın 25-də, paytaxtın “Məhsul” stadionunda baş tutmuş və sonradan partiya daxilində əsl münaqişəyə səbəb olmuş məlum mitinq də daxili narazılığın azalmadığını, əksinə daha da alovlandığını ortaya qoymuş oldu.
Məlumat üçün bildirək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Müsavatın eks-başqanı İsa Qəmbərin Yasamal seçiciləri ilə görüşü kimi dəyərləndirilib. Baş tutan mitinq Müsavat Partiyası tarixində bu günə qədər təşkil olunmuş ən zəif tədbir kimi dəyərləndirilib və bu da öz növbəsində Arif Hacılının əleyhdarlarına əlavə arqumentlər vermiş olub. Belə ki, şəhərin mərkəzinə yaxın, avtobus, metro, dayanacaqlarının yanında olan Məhsul stadionunda cəmi 200-300 şəxs toplaşmışdı. Bunu Müsavatın ölkədəki nüfuzuna öldürücü zərbə sayan əleyhdarlar isə fürsəti fövtə verməyərək Arif Hacılını yeni ittihamlara məruz qoyub.
Məsələn, bununla bağlı mətbuata açıqlama verən Müsavat Partiyasının üzvü, “Ağ Blok” lideri Tural Abbaslı partiyanın uğursuzluğunda hazırkı başqan Arif Hacılını günahkar hesab etdiyini gizlətməyib: “Bildiyiniz kimi, mən Nəsimi rayonu 21-ci dairədən deputatlığa namizədəm. Həmin gün tərəfdarlarımla birgə seçicilərlə görüş keçirib, evlərə 2 mindən çox broşur payladıq. Mitinqə gəldikdə isə mətbuatdan, sosial şəbəkələrdən tutduğum xəbərdə gördüm ki, aksiya Müsavat Partiyasına yaraşmayan bir tərzdə keçirilib. Bütün bunların səbəbkarı hazırkı başan Arif Hacılıdır. Onun rəhbərliyi dönəmində partiya 2 aksiya keçirib, bu mitinqlərdə çox az sayda adam iştirak edib.
Arif Hacılı partiyanı avtoritar formada idarə edir. Son bir ildə partiya üçün böyük işlər görmüş çoxlu sayda müsavatçı qurumdan xaric olunub. Arıf Hacılının bu addımları nəinki xalq arasında, həttə sadə partiya üzvləri sırasında da Müsavata inamı sarsıdıb. Bunun nəticəsidir ki, partiya dünən keçirdiyi mitinqdə 200-300 adam toplayıb. Baş verənlər idarəçiliyin səhvidir, burada hansısa müsavatçının, rayon təşkilatının səhvi yoxdur. Arif Hacılı və tərəfdarları bildirirlər ki, siyasi aktivlik, insanların seçkiyə, mitinqlərə marağı əvvəlki kimi deyil. Belədirsə, onlar niyə mitinq edirlər? 10 gün öncədən məlumat yayırlar ki, Məhsul stadionunda mitinq olacaq. Amma 200-300 adam toplayırlar. Belədirsə, Arif Hacılı bir də belə mitinq təşkil etməsin, qapalı zalda iclas keçirsin.
Otursunlar yanlışlarını araşdırsınlar. Niyə müsavatçılar və sıravi insanlar prosesdən kənar qalıblar? Bunu düşünsünlər. Arif Hacılı bəyanat yayıb ki, bizim seçkilərdə iştirak etməkdə məqsədimiz mandat almaq deyil.
Hər bir siyasi partiyanın məqsədi iqtidar olmaq, parlamentdə təmsil olunmaqdır. Arif Hacılı bu bəyanatı ilə etiraf etdi ki, partiya seçkiyə imitasiya üçün qatılıb”.
Müsavat Partiyasından Arif Hacılının müdaxiləsi ilə xaric olunan İsmayıl Kəsəmənli də qurumun oktyabrın 25-dəki mitinqinə sərt münasibət bildirib. O, mitinqi fiasko adlandırıb: “Tam fiasko və yaxud da Müsavat rəhbərliyini zəbt etmiş bandanın biabırçılığı idi. Bir vaxtlar on minlərlə insanı meydanlara çıxaran yüzilliyin partiyası dünən 200-300 nəfərlə mitinq keçirtdi. İnsan nə qədər həyasız, qırmızı olar ki, Azərbaycan xalqının artıq onlara inanmadığını etiraf etməsin. Nə qədər gec deyil, istefa verin, yeni, intellektli nəsil gəlsin cənablar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net