“Bu, fərasətsiz Vəzirovun hoqqası idi”
Tarix: 19-10-2015, 10:01 | Çap et
“Bu, fərasətsiz Vəzirovun hoqqası idi”
Qarabağ ağrıları, yurd həsrəti ilə yazıb-yaradan şairlərdən biri də Ramiz Məmmədzadədir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, “Qızıl kəlmə” mükafatı laueratı olan Ramiz müəllim indi ömrünün 78-ci baharını yaşayır. Uzun müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində, Nazirlər Kabinetində məsul vəzifələrdə çalışan Ramiz Məmmədzadə həm də Mərkəzi Komitənin yaratdığı Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində mətbuat xidmətinin rəhbəri işləyib.
Tanınmış şair və ziyalı Ramiz Məmmədzadənin “Həftə içi”nə müsahibəsinin əsas mövzusu da elə Qarabağdır. O, hələ Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsi yaranarkən proseslərin hansı istiqamətdə gedə biləcəyinə dair maraqlı məlumatlara malik idi:
- Qarabağın Ermənistana verilməsi qərarı 1989-cu ilin yayından verilib. Ona görə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçkonun rəhbərlik etdiyi Təşkilat Komitəsi formal xarakter daşıyırdı. Bu, bir növ fərasətsiz Vəzirovun hoqqası idi. Qarabağ bölgəsində hər gün azərbaycvanlılar həlak olurdu, Kəlbəcər- Laçın- Şuşa yolu, eləcə də Kəlbəcər-Ağdərə şosesi ermənilər tərəfindən kəsilirdi. Ağdam-Xankəndi yolu da bağlı idi. Orada general Safanovun rəhbərlik etdiyi hərbiçilər isə ermənilərin xidmətində idi. O vaxtkı rəhbərlik isə gecə-gündüz ərzaq və tikinti materialları ilə dolu yük qatarlarını Xankəndiyə- Dağlıq Qarabağa yollayırdı. Xocalıda və digər yerlərdə bizimkilər tərəfindən tikinti işləri aparılırdı, ermənilər isə Xankəndi Dəmiryolu Stansiyasına gələn yük qatarlarını boşaldılmasından imtina edib deyirdilər ki, Bakıdan bizə heç nə lazım deyil. Polyaniçkonun göstərişindən sonra hərbçilər gedib həmin yük qatarlarını boşaldırdılar. Biz Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin inzibati binasında çalışırdıq. Hər gün bizə ərzaq məhsulları - çörəkdən tutmuş suya qədər hər şey kimi BTR-lə Ağdamdan gəlirdi. Hətta binanın suyunu kəsmişdilər. Küçəyə çıxmaq belə, imkanımız yox idi.
-Bəs, gündəlik məlumatları necə əldə edirdiniz?
-Gündəlik iclaslarda ermənilərə satılmış rus hərbiçiləri Komitənin sədri Polyaniçkoya operativ məlumatlar verirdilər. Məlumatlarda deyilirdi ki, filan yerlər bombalanaraq, bu qədər adam həlak olub, Yerevandan ermənilərlə dolu nə qədər təyyarə gəlib, amma kimlər gəlib və nəyə görə gəlib məlum deyildi. O ki, qaldı təbliğat-təşviqat məsələlərinə, vilayət radiosu ilə ancaq bütün günü rus, Azərbaycan və erməni dillərində bəstəkarların sinfoniyaları səsləndirilirdi.
-Daha hansı maraqlı faktlarla üzləşmisiniz?
-Özümlə əlaqəsi olan maraqlı bir faktı danışmaq istəyirəm. Bu hadisənin dəqiq tarixi də yadımdadır: 1990-cı il martın 17-də Poliyaniçko ilə birlikdə o vaxt Stepanakert adlandırılan Xankəndi şəhərinə getməli idik. Həmin gün axşamı ağ xalatlı iki nəfər əllərində çanta bizim otağa daxil olub “Ramiz Yaquboviç kimdir?” deyə, soruşdular. Mən özümü təqdim etdim. Onlar məni qonşu otağa dəvət edib dedilər ki, Poliyaniçkonun razılığı və Safanovun tapşırığına əsasən, gəliblər. O məqsədlə gəliblər ki, mənə iynə vursunlar. Soruşdum ki, nəyə görə mənə iynə vurulmalıdır? Dedilər ki, oturduğunuz binada su yoxdur, antisanitaryadır, sarılıq xəstəliyinə tutula bilərsiniz. Çox mübahisədən sonra onların hər ikisini otaqdan qovdum. Əgər onlar mənə iynə vursaydılar, yəqin ki, fiziki sağlamlığım üçün hansısa ciddi təhlükələr ola bilərdi. Əslində Təşkilat Komitəsi, Poliyaniçko və Safanov Moskvanın tapşırıqlarını yerinə yetirirdilər. Məndə elə faktlar var ki, bu günədək ictimaiyyətə açıqlanmayıb. Belə faktlardan birini ilk dəfə danışacağam: hələ 1990-cı ilin fevral ayında SSRİ Baş Prokurorun 1-ci müavini, Baş Hərbi Prokuror general-polkovnik Aleksandr Katusev və respublikanın ovaxtkı Baş Prokuroru Murad Babayevlə Yevlax şəhərinə gəlmişdilər. Onda mən Yevlax şəhərində ezamiyyətdə idim. Onlarla birlikdə Stepanakert şəhərinə getdik. Onları orda qoyub geri qayıtdım. Həmin gün axşamı Katusevlə Babayev Yevlax Şəhər Partiya Komitəsinə gəldilər. Sonra oradan qonaq otağına keçdik, souyq bir gecə idi. Qonaq otağında süftə açılmışdı, onların hər ikisi ac idi. Yeməkdən sonra Katusev Moskva ilə danışmaq istədi. Baş Prokuroru Moskva ilə calaşdırdılar. Kimlə danışdığını bilmədik, amma Katusev telefonla çox mühüm sayılan belə bir məlumat verdi: “Bu gün fəalların yığıncağı keçirdim, Dağlıq Qarabağ Vilayət Prokuroru Babayanı işdən azad edib, onun vəzifəsini müavininə həvalə etdim. Eyni zamanda fəallar yığıncağında ermənilərə dedim ki, siz səhv yoldasınız, meydançalardan yığışıb getmək lazımdır, Qarabağ Azərbaycan torpağıdır”. SSRİ Baş Prokirorun 1-ci müavini dedi ki, meydanlarda nümayiş edən ermənilərin məndə siyahısı var, izacə versəniz onlardan 20 nəfəri saxlatdıraram. Əgər onları həbs etsək meydan boşalar. Moskvadan ona cavab verdilər ki, yarım saatdan sonra zəng edin. Yarım saat keçəndən sonra həmin telefonla Katusev yenidən zəng etdi. Moskvadan ona nə dediklərini eşitmirdik. Amma Katusev tez-tez “zaçem?”, “poçemu?” deyə soruşurdu. Sonra o telefon dəstəyini əsəb halda kənara tulladı. Sonra yemək stoluna yaxınlaşıb su badəsinə ağzına qədər araq süzüb birnəfəsə başına çəkdi və üzünü Murad Babayevə tutaraq “poexali!” deyib otaqdan çıxdı. Artıq gecə yarıdan keçmişdi, hamımız yerimizdə donub qalmışdıq. Katusev Murad Babayevi kənara çəkib nədənsə söhbət etdilər. Biz Yevlax şəhər Partriya Komitəsinin 1-ci katibi Nəriman Məmmədov, Şəhər Prokuroru Çərkəz Musayev, Şəhər Polis İdarəsinin rəisi Məzahir Əliyev yerimizdə donub qalmışdıq. Murad Babayevə yaxınlaşıb nə baş verdiyini soruşdum. Məlum oldu ki, Moskvadan Katusevə “ermənilərlə işiniz olmasın, qoyun mitinq davam etsin” deyiblər. Katusev də buna görə əsəbləşib. Həmin gecə Katusev və Murad Babayev bizim təklifimizi qəbul etmədən Bakıya yola düşdülər. Bir neçə aydan sonra, yəni 1990-cı ilin may ayında “Pravda” qəzetində çap olunmuş kiçik bir qeyd oxudum:”SSRİ Baş Prokurorun 1-ci müavini, Baş Hərbi Prokuror A.F.Katusev tutduğu vəzifədən azad edililib”. Bax, bu idi həlli düyünə düşmüş Qarabağ problemi haqqında yaddaqalan epizod. Yəni Katusevin tutduğu vəzifədən azad edilməsinin Qarabağla bağlı birbaşa əlaqəsi vardı.
- Siz həm də yaradıcı insansınız. Eşidib gördüklərinizi, Qarabağ həqiqətlərini bədii yaradıcılıqda əks etdirə bilirsinizmi?
-İlk ilk şeirim 1962-ci ildə çap olunub. Qarabağla bağlı şeirlərim çoxdur. Milli Qəhrəman Canpolad Rzayevin xatirəsinə həsr etdiyim “Canpolad əfsanəsi” kitabını yazmışam. Son şeirim “Qarabağ atları” adlanır. Azərbaycanda normal ədəbi mühit var və eyni zamanda ədəbiyyata daxil olmadan kərpic-kərpic kitablar yazılır. Təəssüflər ki, dəyərli filoloq-alimlərimiz bu cür kitablara tərifnamələr yazmaqla məşğuldurlar. Amma Elçin, Anar, akademiklər Kamal Talıbzadə, İsa Həbibbəyli, xalq şairi Sabir Rüstəmxanlı, professorlar Qurban Bayramov, Nizaməddin Şəmsizadə, Nizami Cəfərovun fəaliyətini bəyənirəm. Bu gün məni ən çox narahat edən Qarabağ dərdi, Qarabağ ağrılarıdır. Bu yaxınlarda Ağdamın Qaradağlı kəndinə getmişdim. Ürəyim tab gətirmədi, posta kimi getdim və erməni hərbçilərinin qərargahını gördüm. Məni aparan sürücü dedi ki, Pamiz müəlim, ermənilər bizi görürlər, atarlar ha, qorxmursan? Dedim ki, nə olacaq, qoy desinlər ki, Ramiz sərhəddə öldü, yorğan-döşəkdə yox.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net