Partiya sədri Azərbaycanı gözləyən təhlükələrdən danışdı
Tarix: 16-10-2015, 10:21 | Çap et
Partiya sədri Azərbaycanı gözləyən təhlükələrdən danışdı
“Azərbaycan rəhbərliyi çalışacaq ki, siyasi, eyni zamanda siyasi təhlükəsizlik baxımdan Rusiya ilə yaxın münasibətlərdə olsun, bu zaman ticarət və iqtisadi sahədə güzəştlərə gedəcək. Amma hərbi və hərbi-təhlükəsizlik sahəsində neytrallığını qorumağa çalışacaq. Buna Azərbaycanın potensialı yetəcəkmi, yaxud hara qədər yetəcək, bunu zaman göstərəcək”.

Azad Demokrat Partiyasının sədri Sülhəddin Əkbər bu fikirləri Azərbaycan ətrafında yaşananları şərh edərkən “Yeni Müsavat”a açıqlamasında bildirdi. Partiya və fərd olaraq qarşıdakı parlament seçkilərində iştirak etməməsi barədə danışan S.Əkbər bunu seçkidə perspektiv görməməsi ilə izah etdi: “Hələ 2010-cu il seçkilərində Azərbaycanda faktiki olaraq təkpartiyalı parlament formalaşdırılmışdı. İndi isə faktiki olaraq Azərbaycanda təkpartiyalı siyasi sistem formalaşdırılıb və hakimiyyət bu sistemin qorunmasına çalışacaq”.

S.Əkbər seçkisonrakı proseslərlə bağlı isə bunları bildirdi: “Azərbaycanın mövcud müxalifəti ölkədəki ictimai-siyasi proseslərə təsirsiz hala gəlib. Yuxarıda dediyim tendensiyanın nəticəsində ölkədə yeni ictimai-siyasi şərait və yeni müxalifət formalaşacaq”.

Parlament seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla gərginliklərin yaşanması seçkisonrakı situasiyanın necə olacağı sualını ortaya çıxarır. S.Əkbər bildirdi ki, hər bir avtoritar rejimin Qərblə münasibətlərinin bəlli bir potensialı var: “Bu potensial tükənəndən sonra münasibətlərdə durğunluq yaranır, ondan sonra isə geriləmə başlayır. Azərbaycan bu mərhələləri artıq keçdi. Azərbaycan həm ABŞ, həm Avropa Birliyi, həm də NATO ilə münasibətlərində durğunluq dövrü keçdi və artıq keçən ilin sonlarından başlayaraq, açıq şəkildə münasibətlərin pisləşməsi mərhələsinə girilib. Çünki istər NATO, istər Avropa Birliyi, istərsə də ABŞ-la münasibətlərin bundan sonrakı inkişafı ölkədə həm siyasi, həm iqtisadi, həm hüquqi, həm də digər sahələrdə demokratik islahatların aparılmasını tələb edir. Bu, eyni zamanda ölkədə azad və ədalətli seçkilərin keçirilməsini tələb edir. Hansı ki, hakimiyyət buna öz iqtidarına bir təhdid kimi baxır. Ona görə də iqtisadi, xüsusən də enerji və enerji təhlükəsizliyi məsələlərində ABŞ, Avropa Birliyi, Türkiyə və İsraillə yaxınlıq qorunub-saxlansa da, siyasi və təhlükəsizlik sahəsində Rusiya ilə daha sıx münasibətlər baş verir. Son zamanlar ticarət - iqtisadi münasibətlərin də yaxşılaşması müşahidə olunur. Yeri gəlmişkən, Putinin son açıqlamasına görə, Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsi artıq 4 milyarda çatıb. Bu çətin şəraitdə Rusiyaya investisiyaların dayandırıldığı bir vaxtda, Azərbaycan şimal qonşumuza investisiya qoymağa başlayıb. Bu baxımdan beynəlxalq münasibətlərdəki bu meyllər yaxın perspektivdə Azərbaycan hakimiyyəti tərəfindən gözlənəcək. Mən bu strateji qaşrıdurmanın həllinə qədər Azərbaycanın bu siyasətini davam etdirəcəyini və gözləmə mövqeyində duracağını düşünürəm. Yəni Rusiyaya doğru reveranslar davam edəcək, amma hüquqi baxımdan fiksə olunmuş, geriyə dönüşü olmayan münasibətlərdən Azərbaycan qaçacaq”.

S.Əkbər Gömrük İttifaqı, “rus sülhməramlıları” ilə bağlı gündəmdəki mövzulara da toxundu: “Azərbaycanı hüquqi baxımdan öhdəliklərlə bağlayan münasibətlərdən rəsmi Bakı mümkün qədər qaçmağa çalışacaq. Amma reveranslar davam edəcək. Siyasi, mədəni, iqtisadi münasibətlər inkişaf edəcək. Rusiya çox təzyiq edəndə lap Azərbaycanın hava məkanından istifadəyə razılıq verilməsinə qədər gediləcək. Amma Azərbaycan çalışacaq ki, hüquqi öhdəliklərlə onu bağlayacaq münasibətlərdən qaçılsın. Misal üçün, Avrasiya İqtisadi Birliyinə girmək, Azərbaycanda Rusiyanın hərbi bazasının yaradılması, Azərbaycan sərhədlərinin, xüsusilə İranla sərhədlərin Rusiya tərəfindən qorunması kimi məsələlərlə bağlı”. “Sülhməramlı qüvvələr” adı altında qüvvələrin bölgəyə gətirilməsinə gəldikdə, ekspert dedi ki, Rusiya Azərbaycanı şirnikləndirmək istəyəcək: “Bir neçə ətraf rayonu, yaxud bir neçə rayonun bir hissəsinin qaytarılması hesabına - hansı ki, bu, ölkənin ictimai rəyində hakimiyyətin lehinə işləyə bilər - Rusiya silahlı qüvvələrinin ”MDB sülhməramlı qüvvələri" adı altında humanitar əməliyyat keçirmək məqsədilə işğal zonasında yerləşdirilməsinə və bununla da Azərbaycanda Rusiyanın hərbi iştirakının legitimləşdirilməsinə gedilə bilər. Təbii ki, əgər Rusiyanın təzyiqləri son həddə çatarsa, Azərbaycan buna gedə bilər və bu da çox təhlükəli bir addımdır".

Bəs vəziyyətdən çıxış yolu nədir? S.Əkbər: “Azərbaycanın və Azərbaycan xalqının dostları, ABŞ, Avropa Birliyi, Türkiyə və İsrail Azərbaycan siyasətini koordinasiya etməlidir və Azərbaycanın Rusiyanın təsir sferasına düşməsinə, xüsusən də Azərbaycanda Rusiyanın hərbi iştirakının legitimləşdirilməsinə imkan verməməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net