Müsavatdan Milli Şura üzvünə ağır cavab
Tarix: 14-10-2015, 10:13 | Çap et
Müsavatdan Milli Şura üzvünə ağır cavab
VHP Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı sosial şəbəkələrdə seçkilərdə iştirak edəcək qurumlar barədə aşağılayıcı tonda status paylaşıb. Partiya funksioneri əsas hədəf kimi Müsavatı seçib. Yazı bir növ Milli Şura sədri Cəmil Həsənlinin parlament seçkiləri ilə bağlı yaydığı məlum siyahını müdafiə etmək xarakteri daşıyır.

R.Manaflının fikirləri və “Azadlıq” qəzetinin özünəməxsus başlıqla onun statusunu tirajlaması Müsavat üzvlərinin kəskin etirazlarına səbəb olub. Sosial şəbəkələrdə müsavatçılar VHP funksionerinin ünvanına ağır ittihamlar səsləndirirlər. Artıq qalmaqala Müsavat rəhbərliyi də qoşulub.

VHP Ali Məclis sədrinin fikirlərində əsas narazılıq doğuran hissələr bunlardır: “Şou seçkidə rejimin dayağı olan qaragüruh aqressivləşib. Xüsusən də Məmmədəmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin yadigarları - Səxavət Soltanlı, Elman Fəttah, Valeh Hümmətoğlu. Mövqe qoymağa məəttəlsən, pırtlayırlar, arqumentləşdirirsən - partlayırlar. Cəmil Həsənli siyahı dərc edir. Hədəfi də rejimdir. Amma rejim qalıb bir yanda, bu yuyulmamış qaşıqlar meydan sulayırlar. Məqsədləri də deputat-zad olmaq deyil, eləcə mübarizədir. Sizinki mübarizə deyil. Sizinki satılmaq da deyil, doğrusu, heç satlıq da deyilsiz. Bu hikkədir. Kindən, hiddətdən, nifrətdən doğan bir hikkə. Xəyanətə bərabər bir hikkə...”

Müsavat başqanının müavini Elman Fəttah R.Manaflının fikirlərinin hakimiyyətə xidmət etdiyini qeyd etdi: “Hakimiyyət və müxalifətin daxili siyasətlə bağlı bir-birinə zidd konsepsiyaları var. Müsavatın konsepsiyası mübarizəni müxalifətin daxilindən çıxarıb, hakimiyyətə qarşı yönəltməkdir. Hakimiyyətin isə konsepsiyası mübarizənin müxalifətin daxilində getməsi ilə bağlıdır. Rafiq Manaflının da Müsavatı hədəf alan ittihamları hakimiyyətin ”mübarizə müxalifətin daxilində getməlidir" konsepsiyasının tərkib hissəsidir. Məndə maraq doğuran məsələ bir müddət əvvəl siyasi məhbusları cinayətkar adlandıran sənədə qol çəkən VHP-nin Məclis sədrinin mövqeyi yox, müxalifətin daxilində intriqaları qızışdırmaq məqsədilə bu yazıya dəstək verən “Azadlıq” qəzeti oldu. Hakimiyyətə qulluq edən yazını tirajlamaqda məqsəd nədir? Siz kimə xidmət edirsiniz? Azərbaycanda siyasətlə məşğul olan insanlar iki konsepsiyadan birinə xidmət edirlər. Açıq şəkildə görünür ki, Rafiq Manaflı mübarizənin hakimiyyətin daxilində getməsi siyasətinə xidmət edir".

E.Fəttah VHP funksionerinin təhqirlərinə də toxundu: “Təhqirsiz yazılan yazılar arqument olmadığına görə diqqət çəkmir. Yazının içərisinə təhqir qatmaqla, bizi prosesə qoşmaq istəyirlər. Bu da müxalifətdaxili intriqaların qızışmasına səbəb olacaq. Onun fikirləri, sadəcə, müştəbeh iddialardır. Adama məşhur misalla deyərlər ki, ay Qasım, sənin Məclis sədri olduğun, illərlə xidmət etdiyin partiya məlum, partiyanın siyasəti də məlumdur. Sən hara, hakimiyyətlə mübarizə hara? Seçkiləri boykot etmək, sadəcə, mübarizədən yayınmaqdır. Seçkiləri boykot etmək qəhrəmanlıqdırsa, Razi Nurullayev də qəhrəmandır. O da seçkiləri boykot edib, Milli Şura da. Başa düşə bilmirəm ki, Milli Şura boykot qərarı veribsə, o zaman seçkiyə gedən Milli Şura üzvləri barədə niyə qərar qəbul edilmir.

Boykot qərarı vermiş Milli Şura üzvləri seçkilərdə iştirak edirlər. VHP çoxlu sayda namizəd irəli sürüb. Rafiq Manaflının Məclis sədri olduğu partiya. Milli Şuranın rəhbərliyindən seçkilərdə iştirak edən başqa şəxslər də var. Boykot qərarı verməklə, hakimiyyətə qarşı ciddi mübarizə apardığını demək absurddur. Seçki dövründə hakimiyyətin təzyiqləri ilə üzləşən məhz prosesdə iştirak edən qurumlardır. Seçkini boykot edən hansı quruma təzyiqlər olur? İctimaiyyət hər şeyi yaxşı görür. Seçkiyə getməmək, hakimiyyətə mane olmamaqdır. Hakimiyyət isə kim mane olursa, təzyiqləri onun üzərinə yönəldir. Bunlar mane olmadıqlarına görə hakimiyyətin də onlarla işi yoxdur. Müsavatın 29 namizədinin sənədlərindən imtina olundu. Hakimiyyətin saxtakarlığına mane olduğumuza görə belə addım atıldı”.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net