Radikalların “sonuncu payızı”
Tarix: 1-10-2015, 10:27 | Çap et
Radikalların “sonuncu payızı”
AXCP, KXCP, ADP başda olmaqla bir neçə radikal müxalifət partiyası noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot edəcəkləri haqqında məlumat yayıblar. Partiyalar buna əsas olaraq Avropa Parlamenti və ATƏT kimi beynəlxalq qurumların seçkilərə müşahidə heyəti göndərməkdən imtina etmələrini göstəriblər.

İlk baxışda bu qərarı radikal müxalifətin “müstəqil seçimi” kimi qiymətləndirmək olar. Lakin, məsələnin kökündə başqa problem var. Həmin problem ki, uzun illərdir müxalifətə məğlubiyyət acısı yaşadır. Həmin illər ərzində də cəmiyyəti düşündürən əsas məsələ məhz radikal müxalifətin niyə özünə yer tapa bilməməsi və bütün növ seçkilərdə məğlub olması ilə bağlıdır. 2015-ci il parlament seçkilərinin boykot edilməsi də məhz özlərini labüd məğlubiyyətdən sığortalamaq cəhdidir. Amma bu cəhd düşərgənin heç də bütün nümayəndələri tərəfindən dəstəklənmir. Məsələn, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sona qədər seçki prosesindən demokratik mübarizə forması kimi istifadə etməyin tərəfdarı olduğunu söyləyib: “Əgər hər hansı imtina olsa, mən fikirimi dəyişməyəcəyəm. Bu günə də olan qərarım sona qədər seçkidə iştirak etməkdir”.
Göründüyü kimi, boykot qərarı düşərgənin daxilində belə yekdil fikir ola bilmədi və bu radikalların artıq vahid mərkəz kimi hərəkət etmək qabiliyyətinin itirildiyini təsdiqləyir.
Müxalifətin hər seçki ilində öz real gücünü ortaya qoya bilməməsinin səbəblərinə gəlincə isə burada çeşidli faktorları göstərmək olar. Əvvəla ənənəvi müxalifət özünün bir vaxtlar az-çox mövcud olan protest elektoratını itirib. İllərdir ki, təkrarlanan və bütün seçki ərəfələrində verilən əlçatmaz vədlərin puç olması həmin siyasi qüvvələri faktiki olaraq cəmiyyətdən təcrid edib. İndi isə yaxşı anlayırlar ki, hətta özlərinin “qızıl dövrü” saydıqları illərdə seçkidə heç bir nəticə göstərə bilməyiblərsə, indiki dağınıq və parçalanmış durumda seçkilərə qatılmaq onlara heç bir uğurlu perspektiv vəd etmir.
Seçkiləri boykot etməklə həm də gözləyirdilər ki, xarici dövlətlər bunlara dəstəyi artıracaq, beynəlxalq təşkilatlar ölkəmizə təzyiq edəcək. Hətta blok şəklində belə minimum səs yığa bilməyən bir qüvvəni necə ciddi müxalifət saymaq olar? Hətta ümumi qələbə naminə belə bu adamlar sözü bir yerə qoya bilmədilər, başçı kim olacaq məsələsini həll edə bilmədilər. Çünki yalnız marginal maraqlarını güdən adamlar müxalifət düşərgəsində rəhbərlik monopoliyası yaradıblar. Başqa vaxt deyirlər ki, bəs hakimiyyətə gəlmənin demokratik yolu seçkilərdir, absurddur- bəs onda seçkilərdə niyə iştirak etmirlər? Bəli, boykot “mən zəifəm, ona görə də cığallıq edirəm” deməkdir. Hesab edirik ki, müxalifətin güc yığa bilməməsində əsas səbəb xarici dairələr, hətta ermənipərəst mərkəzlərlə əməkdaşlıqlarının ifşa olması, ancaq şəxsi maraqlarını güdmələri, heç bir aydın siyasi və sosial-iqtisadi proqramlarının olmaması kimi səbəblərdən dolayı konkret olaraq xalqın inamını tam itirmələri ilə bağlıdır.
Görünən isə odur ki, noyabr seçkilərindən sonar həmin qüvvələrin Azərbaycan siyasi səhnəsində qalıb-qalmayacağı da ciddi sual altına düşəcək. Hər halda onların ardıcıl məğlubiyyət göstəriciləri siyasi səhnədə yaşamaq şanslarını da baltalayır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net