Müxalifət AXCP-nin qurultayında iştirak etmədi
Tarix: 29-09-2015, 09:48 | Çap et
Müxalifət AXCP-nin qurultayında iştirak etmədi
AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı əsas müzakirə mövzularından biri oldu. Diqqət çəkən nüanslardan biri tədbirdə qonaq qismində iştirak edən şəxslər oldu. Ölkəmizin əsas öndə olan müxalif qurumlarının rəhbərləri tədbirdə gözə çarpmadılar. AXCP-dən ibarət olan Milli Şuradan başqa tədbirə siyasi qüvvələrin təmsilçiləri qatılmamışdılar.

Şübhəsiz ki, demokratik düşərgənin əsas partiyalarından birinin önəmli tədbirində ölkə siyasətçilərinin olmaması əsas müzakirə mövzusuna çevrilən məsələlərdən biri oldu.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı AXCP qurultayına dəvət almadıqlarına görə iştirak etmədiklərini bildirdi: “Biz partiya olaraq, bu tədbirə dəvət almamışdıq. Ona görə də bu məsələ partiyada müzakirə olunmayıb”.

“Azadlıq 2015" seçki blokuna daxil olan qurumlardan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də AXCP qurultayına dəvət olunmadığını söylədi: ”Bizi dəvət edib-etməmək onların daxili məsələləridir. Dəvət olunmadığıma görə də iştirak etmədim".

AXCP qurultayına dəvət olunmayanlar sırasında “AĞ blok” da var. Qurumun təsisçilərindən olan Tural Abbaslı siyasi etika baxımından belə tədbirlərə digər qurumların dəvət olunmasının vacibliyini vurğuladı: “Dəvət olunmadan, belə tədbirlərdə özfəaliyyətlə iştirak etmək doğru olmaz. İştirak edən qurumlar da dəvətlə olur. Qonaqların çıxışına söz verilib-verilməməsi kimi məsələlər ortaya çıxır. Hər şey əvvəlcədən müəyyən edilmiş protokoldan asılıdır. Siyasi protokola görə, digər siyasi qurumların dəvət olunması vacib idi. Dəvət etməmək o deməkdir ki, digər qurumların iştirakını istəmirlər. İstənilməyən yerdə təbii ki, biz və digər təşkilatlar iştirak etmərik. Amma dəvət etsəydilər, məmnuniyyətlə iştirak edərdik. Son zamanlarda siyasi etika, mədəniyyət Azərbaycan siyasətində formalaşmışdı. Xatırlayıram ki, Müsavat və digər qurumlar hakim partiyanı belə qurultaylarına dəvət edirdlər. Hakim partiya da dəvətlər edirdi. Təəssüflər olsun ki, bu ənənənin üstündən xətt çəkildi. Artıq müxalifət partiyası digər müxalif qurumu belə öz tədbirlərinə dəvət etmir. Çox acınacaqlı vəziyyətdir. Siyasi ənənələri yaşatmaq lazımdır. Bütün dünyada qəbul olunmuş siyasi etika deyilən bir anlayış var. Gələcəkdə bu cür tədbirlərdə digər müxalif qurumların da dəvət olunmasının vacibliyini bir daha diqqətə çatdırmaq istəyirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net