Sahib Kərimli: “Əli Kərimli avtoritar idarəetməyə meyllidir”
Tarix: 22-09-2015, 10:58 | Çap et
Sahib Kərimli: “Əli Kərimli avtoritar idarəetməyə meyllidir”
“Əli Kərimli avtoritar idarəetməyə meyllidir, kadrları bacarıqlarına görə yox, itaətkarlığına görə seçir. İdarəetmədə özünə güvənir, fərqli düşüncəyə dözümlü deyil”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə namizəd Sahib Kərimli özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, AXCP sədri Əli Kərimli təcrübəli siyasətçi olsa da, zəif tərəfləri var.

S. Kərimli Ə. Kərimlinin cəmiyyətlə təmasının zəif olduğunu, müxtəlif səbəblərdən dəyişən sosial münasibətləri yaxşı bilmədiyini söyləyib: “Partiya həm də ictimai institutdur, lakin AXCP-də kadr hazırlığı sahəsində maarifləndirici fəaliyyət olmayıb. AXCP ideoloji boşluqdadır, akademik fəaliyyətlər ümumiyyətlə, yoxdur. Partiyada sənədləşmə işi çox zəifdir, yeni informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadə olunmur. Resursların idarə olunmasında şəffaflıq və hesabatlılıq yoxdur. Partiya strukturlarının bir çoxu fəaliyyətsizdir, sınaqdan çıxmış mexanizmləri fəaliyyətsizləşdirməyə meyllidir. Komandasını və dostlarını tez-tez itirir, insanlarla münasibətlərdə ardıcıl deyil. Partiya 15 ildə onlarla önəmli siyasi şəxsləri itirib, strukturları zəifdir. İctimai sektorda və real müxalifətdə olan tanınmış nüfuzlu adamlarla şəxsi münasibətləri korlamağa meyllidir. Siyasətin təbiətinə zidd olaraq fərdlərdən və ya hər hansı strukturdan küsülü qalmağa, kommunikasiyanı tam və ya fasilələrlə kəsməyə həvəslidir. Demokratik qüvvələrin geniş koalisiyasını yaratmaq imkanları azdır”.

Sahib Kərimli Əli Kərimlinin AXCP sədri olduğu dövrdə müsbət nəticələr əldə olunmadığnı vurğulayıb: “Məramnamə öhdəlikləri yerinə yetirilməyib. Partiyanı hakimiyyətə gətirə bilməyib”.

S. Kərimli qurultayda qalib gələcəyinə inamını ifadə edib: “Qalib gələcəyimə hər gün daha çox inanıram, tərəfdarlarım durmadan artır. Şərəfli cəbhəçilər mənə bu böyük etimadı göstərməsələr, sıravi cəbhəçi olaraq fəaliyyətimi davam etdirəcəyəm və bundan qürur duyacağam”.

Xatırladaq ki, AXCP-nin qurultayı sentyabrın 27-də keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net