ATƏT-in seçki hesabatına etiraz - Bəyanat
Tarix: 2-09-2015, 10:24 | Çap et
ATƏT-in seçki hesabatına etiraz - Bəyanat
Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatına cavab olaraq bəyanat yayıb.

Bəyanatda deyilir: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT / DTİHB) Qiymətləndirmə Missiyasının (EQM) Azərbaycan Respublikasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı 31 avqust 2015-ci il tarixli hesabatına cavab olaraq Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi təəssüf hissi ilə bildirir ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar həmin məruzədə qeyd edilməyib".

Bəyanatda qeyd olunur ki, əvvəlki dövrlərdə olduğu kimi, Qiymətləndirmə Missiyasının hesabatı Azərbaycan cəmiyyətinin baxışını tam spektri ilə əks etdirməyi bacarmayıb: "Əksinə olaraq, DTİHB ekspertləri Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə cəhd edən bəzi üçüncü tərəf mənbələrinə istinad ediblər. Missiyanın fikrincə, Qiymətləndirmə Missiyasının hesabatı DTİHB seçki müşahidə metodologiyasının etibarlılığını sarsıdır və onun tövsiyələri Azərbaycanda genişmiqyaslı ATƏT / DTİHB müşahidə missiyasının yerləşdirilməsi üçün kifayət qədər əsas ola bilməz”.

Bəyanatda həmçinin seçki məntəqələrinin və elektoratın sayı ilə DTİHB müşahidəçilərinin sayı arasında fərqin olması ilə bağlı narahatçılıq ifadə olunub.

Belə ki, DTİHB özünün təcrübəsinə və seçkilərə müşahidə metodologiyasına zidd olaraq Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti Azərbaycan tərəfində sual doğurur. "Daimi nümayəndəlik Azərbaycan hakimiyyətinin ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirərək 6 uzunmüddətli və 125 qısamüddətli ATƏT/DTİHB müşahidəçisini qəbul etməyə hazır olduğunu təsdiqləyir", – deyə bəyanatda bildirilir. (Apa)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net