Mirzə Sakitdən sensasion müraciət- “...o veriliş dayandırılsın”
Tarix: 30-07-2015, 12:09 | Çap et
Mirzə Sakitdən sensasion müraciət- “...o veriliş dayandırılsın”
Tanınmış satirik şair, sabiq vicdan məhbusu Mirzə Sakit müsavat.com-a bir müraciət yollayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Azərbaycan ictimaiyyətinə və hüquq-mühafizə orqanlarının rəsmilərinə

MÜRACİƏT

Azərbaycan Konstitusiyasında göstərildiyi kimi “Azərbaycan dövlətçiliyinin mənbəyi Azərbaycan xalqıdır” maddəsini əsas tutaraq, ilk öncə Azərbaycan ictimaiyyətinə müraciət edirəm.

- Hörmətli azərbaycanlılar, son vaxtlar bizim qohumlarımızın kütləvi həbs olunmalarına görə insanlar mənə yazırlar, telefon edirlər və öz sayğılarını, münasibətlərini bildirirlər. Eyni zamanda bu həbslərin motivinin nə olması ilə maraqlanırlar... Mən də qəzet vasitəsilə həmin insanlara burdan yazıb bildirirəm ki, qohumlarımın həbsinin “Azərbaycan saatı” verilişi ilə bağlı olduğu deyilir. Əgər belədirsə də o zaman sizlərə bu veriliş və verilişin mahiyyəti haqda bir-neçə kəlmə bildirmək istəyirəm. Əvvəla, bu verilişin yaradıcıları və aparıcıları Avropa ölkələrində mühacirətdə yaşayan insanlardır, bu insanları mübarizənin hansı formada daha effektiv və nailiyyətli olması qəti maraqlandırmır, adamların əsas məqsədlərindən biri ilk növbədə həmin verilişin layihəsi əsasında bir az maliyyə əldə etməkdən ibarətdir. Vətəndaş harda yaşamasından asılı olmayaraq, öz doğma vətənində baş verən neqativ hallara heç vaxt biganə qalmamalıdır; ölkəsindəki haqsızlıqlar haqda mütləq şəkildə öz sözünü deməlidir. Bunu Avropada yaşayan bir-çox soydaşlarımız mütəmadi şəkildə və bəzən də etirazlarını beynəlxalq aləmə çatdırmaqla həyata keçirirlər.

...Dünən (28.07-2015-red.) musavat.com-da mənim kürəkənimin bir müsahibəsi dərc olundu. Həmin müsahibədə kürəkənim öz qardaşının və o biri qohumlarının həbsi ilə bağlı öz fikirlərini bildirib. Müsahibədə o, “Azərbaycan saatı”nı yox, “Azərbaycan saatı” verilişini aparanları ittiham edib. Bu gün isə Cəbhə qaragüruhçuları qarğa-quzğun kimi üstümüzə tökülüşdülər. Bu qarğa-quzğunlar israrla bildirirlər ki, həmin müsahibəni kürəkənim yox, məhz mən vermişəm, guya mənim dəsti-xəttimdir.

Məni tanıyanlar gözəl bilirlər ki, heç kimin adından söz yazmıram, yazdıqlarımı da istər hakimiyyətə qarşı, istər müxalifətə qarşı öz adımla yazıram. Nə sifariş qəbul edirəm, nə də sifariş verirəm. Həmin adamların əksəriyyəti sifarişlə hərəkət etdiklərinə görə, sifarişlə yazdıqlarına görə elə düşünürlər ki, hamı sifarişlə yazır. Bəzi əbləh adamların da mənim haqqımda sosial-şəbəkələrdə sərsəmləmələrinə qətiyyən əhəmiyyət vermirəm. Onların nə düşünməsi də məni qətiyyən maraqlandırmır, çünki əbləhlərin düşüncələri də əbləh düşüncə olacaq...

...O müsahibənin altında bir sürü (mən belələrinə sürü deyirəm) insanlar tökülüşüblər kürəkənimi orda təhqir edirlər, halbuki adam öz fikrini deyib və düz də deyib.

İndi də qayıdaq yenə o həbslərə. Tam məsuliyyətimlə deyirəm, həbs olunan insanlar mənim əməlimə (baxmayaraq ki, yaxşı və pis əməlimə görə) həbs olunsaydılar, birinci növbədə onların həbsdən azad olunması istiqamətində çalışardım. Nəinki onların həbs olunmalarını eynimə də almamaq haqda bəyanatlar verərdim. Bir halda ki, sən hakimiyyətə deyirsən ki, qeyri-qanuni hərəkət edirsən, yürütdüyün siyasət anti-demokratikdir, sən sonradan həmin hakimiyyətdən ədalətmi gözləməlisən. Onda belə çıxır ki, sən qohumlarının yenə də davamlı həbs olunmasına şərait yaramaq üçün həmin o maliyyə mənbəyi olan verilişini daha da artırmalısan...

Və başqa bir məsələni diqqətinizə çatdırım. Hər bir vətəndaşın müstəqil şəkildə istənilən mətbu orqana müsahibə vermək hüququ var. Həbs olunan insanlar haqda mənim də qohum olaraq söz demək, münasibət bildirmək haqqım var. Çox istərdim ki, bu həbslər haqda fikirlərimi özünü demokratik, müstəqil qəzet hesab edən “Azadlıq” qəzetində dərc etdirəm. Amma təəssüflər olsun ki, o qəzet bir mülkədarın əmlakı olduğu üçün orda mənim nəinki yazım, hətta adım da belə yazıla bilməz. O zaman mən neyləməliyəm? “Yeni Müsavat” qəzetində yazımı dərc etdirən kimi deyirlər ki, sən İlham Əliyevdən medal almış adamın qəzetində yazı dərc etdirirsən...

Ay yoldaşlar, bəs sizin “Azadlıq” qəzeti də bir zamanlar İlham Əliyevdən iki dəfə deputatlıq mandatı almış adamın qəzeti deyilmi?..

Amma buna baxmayaraq mən qəzetçiliyin siyasiləşməsinin əleyhinəyəm. Özüm də hər zaman tənqidlər yazıram, amma mənim yazdıqlarım siyasi mövzulara gətirib çıxarırsa da, bu, mənim siyasiləşməyimin yox, vətəndaş mövqeyimin məhsuludur...

Qayıdaq yenə qohumların həbsinə. Kimlərin nə deməsindən, nə düşünməsindən asılı olmayaraq, hesab edirəm ki, qohumlarımın həbsdən azad olunması üçün o veriliş dərhal dayandırılmalıdır. Yuxarıda qeyd etdiyim kimi, dövlətçiliyin mənbəyi xalqdır və mənim qohumlarım da həmin xalqın nümayəndələridir. Demək insan faktoru, hər şeydən üstündür. “Mübarizə bu gün də var, yarın da”...

Bu sayaq ağılsız və lovğa uşaq ədasıyla aparılan mübarizədən heç kim xeyir görməz, o xeyri dediyim kimi, ancaq o verilişin maliyyəsini güdənlər görərlər... Qəzetiniz vasitəsi ilə də qohumlarımın həbs olunmasıyla bağlı hüquq-mühafizə orqanlarına bildirirəm ki, mənim qohumlarımın həbs olunmalarının əsl səbəbi sizə aydındır. Hər halda qanunun aliliyini və insanlıq hisslərini əsas götürərək qohumlarımın işinə ədalətlə baxılmasını istərdim.

Mən özüm də bu hakimiyyətə qarşı sərt tənqidlər yazmışam və yenə də yazmaqda davam edirəm, hətta həbsxanada ola-ola da həmin yazılarımı daha da sərt formada yazıb qəzetlərdə dərc etdirirdim. Həbs olunan o insanlar heç vaxt siyasətə meylli olmayıblar, onlar həyatlarında heç bir qanunsuz hərəkətlərə yol verməyiblər, ömürlərini halal zəhmətləri ilə yaşayan adamlardılar. Hər zaman qeyri-qanuni işlərdən uzaq dayanıblar. Öz külfətlərinin rahat yaşaması üçün fəhləliklə məşğul olurlar. Bütün bunları nəzərə almanızı arzu edirəm....

Mirzə Sakit, Belçika





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net