“Əkdiyimizin bir BİÇİLƏN günü olsun, istərəm”
Tarix: 17-07-2015, 11:16 | Çap et
“Əkdiyimizin bir BİÇİLƏN günü olsun, istərəm”
Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı informator.az saytı ölkənin tanınmış media rəhbərləri ilə silsilə müsahibələr təqdim edir. “Yeni Müsavat” qəzetinin təsisçi və baş redaktoru Rauf Arifoğlu İnformator.az-a müsahibə verib. Musavat.com müsahibəni təqdim edir.

- Ölkədə Əkinçi qəzetinin 140 illiyi keçirilir. Həsən bəy Zərdabinin məqsədi nə idi və indiki medianın məqsədi nədir?

- Həsən bəy Zərdabinin məqsədi barədə ancaq mülahizə yürüdə bilərəm. Yəqin ki, millətinin qəzeti olsun, istəyib və bunun üçün də Azərbaycanda ilk qəzeti – “Əkinçi”ni yaradıb. “İndiki medianın məqsədi nədir”, sualının isə, özümüzə aid hissəsini cavablandırıram: “Əkinçi” missiyasından bir az qabağa getmək, irəliləmək, dünya qəzetçiliyi mexanizmlərinə inteqrasiya etmək. Heç olmasa, rus və türk dillərinin imkan yaratdığı xəbər məkanında müəyyən paya sahib olmaq. Zülm və fədakarlıqla yox, xəbər biznesi qaydaları ilə işləmək. Maarifləndirmək funksiyası ilə yanaşı və ondan daha ötəsi, məlumatlandırmaq, düşündürmək, əyləndirmək və reklam etmək funksiyalarının da ləzzətlə, doya-doya çalışmasını təmin etmək.

- Həsən bəy Zərdabinin ruhu şaddır? Məsələn, sizin “Yeni Müsavat”a görə onun ruhu nə qədər şaddır? Yəni siz əkinçi ənənələrini davam etdirirsiniz?

- Zərdabinin ruhu şaddırmı kimi sualsa...İnanclılara görə, ruh və axirət işlərini ən yaxşı Allah bilir. Amma mən bayaq da dedim, “Əkinçi” ənənələrindən irəli gedib “Biçinçi” mərhələsinə keçməliyik. 140 ildi bu millətin qəzetçiləri ƏKİR. Əkdiyimizin bir BİÇİLƏN günü olsun, istərəm.

- Seyid Əzim Şirvaninin, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Ələkbər Heydərinin, İsa Sultan Şahtaxtlının, Məmmədtağı Əlizadə Şirvaninin, Əlimədəd Abdullahzadənin və digər tanınmış xadimlərin adı həm də Əkinçi ilə bağlıdır. Onların hər biri ayrı-ayrılıqda böyük qələm sahibi hesab olunur. Gələcəkdə “Yeni Musavat”ın mətbuat tarixində kimlərin adı yadda qalacaq və qələmi güclü hesab olunacaq?

- “Yeni Müsavat”ın imzalarından da , heç şübhəsiz, tarixdə qalanlar olacaq. Ümid edirəm ki, gələcək nəsillər, sizin “Əkinçi”yə aid sadaladıqlarınız qədər olmasa da, 2-3 imzanı xatırlaya biləcəklər.

- BDU-nun professoru Nəsir Əhmədli öz sosial şəbəkəsində sizin haqqınızda yazmışdı ki, Nəcəf Nəcəfovu, Rauf Arifoğlunu və onların bir çox başqa məsləkdaşlarını jurnalistikaya gətirən XX əsrin 80-ci illərində başlanmış milli azadlıq hərəkatı oldu. Bu belədir? Və İndiki missiyanız nədir?

- Nəsir müəllim düz buyurur. Bizi və yeni dövr mediamızı milli azadlıq hərəkatı doğdu. İndiki missiyamız ənənədən və Meydandan gələn, doğulan medianı, özəlliklə çap mediasını məhv olmağa qoymamaqdır. Ölkədə qəzetlər üçün şərtlər ağırdır. Bu ağırlığın böyük qismini də “Yeni Müsavat” öz çiyinlərində daşıyır.

- “Yeni Musavat” obyektivdir?

- Obyektiv olmağa çalışırıq. İndiki mühitdə bu, çətindir. Çünki cəmiyyətin strukturunda obyektiv olacaq heç bir təməl “təşkilat” yoxdur.

- KİV-ə Dəstək Fondu sizə də 60 min manat maliyyə yardımı ayırdı. Amma dünyanın aparıcı ölkələrinin təcrübəsində belə bir hala rast gəlinmir axı?

- Fondla bağlı məlumatlar təhrif olunub. Bu layihə 6 ildir işləyir və ildə iki dəfə müqavilələr təzələnir. Rəqəm 60 deyil, ilə 120 mindir. Hər aya 10 min, yəni. Biz yardım almırıq. Hər ay 20 səhifəmizi Fonda kirayəyə veririk. Əvəzində həmin səhifələrdə Fondun sifariş etdiyi mövzuda - Dağlıq Qarabağ və işğaldakı torpaqlarımız barədə araşdırma, oçerk, reportaj, müsahibə və xəbər janrlarında yazılar yazırıq. Fond da bunu təftiş edir, razı qalırsa, pulunu ödəyir. Qalmırsa, ödəmir. Biz bu prinsiplə xarici Fondlarla da işləmişik. Bu da bir növ qrand layihəsidir.

- Niyə sizi Azərbaycan iqtidarına işləməkdə günahlandırırlar? Məsələn, konkret olaraq Gültəkin Hacılı.

- Qəzetçinin harasa işləyib-işləməməsi ən asan müəyyənləşən məsələdir. Biz məxfi idarələrdə, hərbi hissələrdə, xüsusi xidmət orqanlarında, dövlət qurumlarında, gizli zavodlarda işləmirik ki, fəaliyyətimizdə “şpionaj” elementləri olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi yanaşma olsun. Bizim sahə açıqdır. Mahiyyətcə də, xəbərçilikdir. Hamı görür, oxuyur. Bəyənən oxumaqda davam edir, bəyənməyən daha oxumur. Bu baxımdan, “Yeni Müsavat”ın problemi yoxdur. Şəffaf fəaliyyət, azad seçim imkanlarımız var. İstədiyimiz yerdə dura, istədiyimizi yaza bilirik. Əvvəllər olduqca qatı müxalif mövqedən yazırdıq - o zaman sözün birbaşa mənasında, müxalifətə işləyirdik. Həm də tam təmənnasız. Üstəlik, həyatımız da, biznesimiz də risk altında idi. Lakin bu fəaliyyət tiraj gətirirdi. Sonra Azərbaycan müxalifəti özünü də, şanslarını da bitirdi. Artıq “müxalifətə işləmək” mənasız, perspektivsiz, həm də tirajsız bir fəaliyyət növü oldu. Bu düşərgənin ən parlaq simaları, çoxminli üzvləri onu tərk etdi, əmək və siyasi mühacirətə gedənlər də on minlərlə oldu. Belə bir vəziyyətdə ya “Azadlıq” qəzeti kimi “boyevoy listok”a çevrilib, hansısa bir liderin əlinin altında qalmalı, maaşsız, “beş parasız” partiya qəzeti olmalı, ya da müstəqilləşib, siyasi düşərgələrlə məsafə yaradıb, normal qəzetçiliyə keçməli idik. Mən ikinci yolu seçdim. Partiya funksionerliyindən getdim, qəzeti də partiya orqanı olmaq kimi gerilikçi, kommunustcə bir missiyadan xilas etdim... Bu davranış, təbii ki, müxalifəti özünə “Yurd” və sənət etmiş liderlərə xoş gəlmədi. Daha müxbirlərimiz onların əvəzindən hakimiyyəti və məmurları tapşırıqlarla tənqid etmir, söymür, onların əvəzinə vuruşmur, həbsxanalara girmirlər. “Yeni Müsavat” indi özünə işləyir, xəbərə işləyir və onun artıq öz maraqları, öz çıxar və quralları var. Əvvəl bu yox idi. Mən özümü də, qəzeti də, kollektivi də Müsavata və onun maraqlarına tabe etdirmişdim. Bunun bədəli olaraq iki dəfə həbs yatdım, iki dəfə ofis itirdim, çoxlu düşmən qazandım - lakin gözləntilər olmadı. Müxalifətçilik perspektivsiz işə və siyasi bataqlığa çevrildi. Bir az da qalsaydıq, qəzet də özümüz də batacaqdıq... İndi isə kimsədən asılı deyilik, hətta o qədər ki, istəsək iqtidara da işləyərik. Lakin bu, çıxarlarımıza uyğun olmadığı üçün etmirik. Düşərgələrə işləmək qəzetlərin tirajını öldürür. Ona görə də özümüzə işləyirik. Bu səbəbdən də həm iqtidardan, həm də müxalifətdən zərbələr, təhdid və ittihamlar yeyirik. Və buna şükür oxuyuruq. Çünki belə daha normaldır. Gültəkin Hacıbəylinin məni iqtidara işləməkdə ittiham etməsi isə, anektoddur.

-140 illiklə bağlı Prezidentdən mükafat gözləyirsiniz? Sizcə alacağınız adlar, mükafatlar nəyi dəyişəcək?

-140 illiklə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə birlikdə mənim də mükafatlara təqdimatım verilib. İmtina etsəm, iqtidara və üzvü olduğum MŞ idarə heyətinə meydan oxumuş kimi çıxacaq. Etmədim, indi mükafat, ya da ad alsam, özlərinə radikal müxalifət deyənlər üstümə gələcəklər. Amma yapacaq bir şey yox. Bu da bizim taleyimizdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net