YAP budəfəki seçkidə iqtidaryönlü partiyalara güzəşt etməyəcək, nə baş verəcək?
Tarix: 10-07-2015, 16:07 | Çap et
YAP budəfəki seçkidə iqtidaryönlü partiyalara güzəşt etməyəcək, nə baş verəcək?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Modern.az saytına müsahibəsində bildirib ki, bu il parlament seçkisində 125 dairənin hər birindən namizəd irəli sürəcəklər. Bu isə o deməkdir ki, YAP hakimiyyətə loyal münasibətdə olan partiyalara bu seçkidə güzəştə getmək niyyətində deyil. Məlum olduğu kimi, bundan əvvəlki parlament seçkilərində YAP-la əməkdaşlıq edən bir sıra partiyaların rəhbərlərinin deputatlığa namizəd irəli sürüldüyü dairələrdə hakim partiya onlara alternativ namizəd irəli sürməyib. Siyavuş Novruzovun sözlərindən belə nəticəyə gəlmək olar ki, builki seçkidə situasiya tamamilə fərqli olacaq.

Belə olan halda, digər iqtidaryönlü partiyalar hansı addımları atacaqlar?

Modern.az saytı bu sualla partiya sədrlərinə müraciət edib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə:

“Bizim seçkilərdə bütün dairələrdə YAP-ın namizədi olub. Ona görə burada hansısa bir yenilik yoxdur”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:

“YAP həmişə bütün dairələrdən namizədlərini irəli sürüb. Bu zaman təkcə YAP ilə mübarizə getmir. Hesab edirəm ki, YAP bütün dairələri əhatə eləmək məqsədi güdür. Həm partiyanı canlandırmaq, həm də müəyyən üzvlərinin fəaliyyətini genişləndirmək üçün belə addım atılır. Biz elə düşünürük. Məsələn, hər dairədən namizədin tam mənada keçməsini düşünmürük. Elə dairələr var ki, orda bazamız zəifdir. Amma partiyanın müəyyən dərəcədə fəaliyyətini canlandırmaq üçün bu seçki bir fürsət kimi düşünülür. Ona görə də hansı dairədən namizəd irəli sürülməyin elə bir əhəmiyyəti olmur. Hamı bir-biri ilə mübarizə aparacaq.
Əgər hər hansı bir partiya ilə blokdayıqsa, o zaman onunla birgə mübarizə aparacağıq. Yaxud kiminləsə centlmen razılığımız yoxdursa, onlarla mübarizə aparmayacağıq. Biz uzlaşmaya gedə biləciyik. Ümumiyyətlə, biz mübarizə apardığımız dairədən çalışacağıq ki, seçkidə həmin dairədən qalib olaq”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı:

“Bu, YAP-ın səlahiyyətinə aid olan məsələdir. Biz onların səlahiyyətinə hər hansı şəkildə qarışa bilmərik. Bu, siyasi davranış normalarından da kənar olar. Amma seçki ərəfəsində YAP ilə məsləhətləşmə aparacağıq. Məsləhətləşmə apardıqdan sonra hər şey aydın olacaq. O zaman konkret nəsə deyə bilərik”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə:

“YAP həmişə namizədlərini irəli sürüb. Hansı seçkidə mənim dairəmdən YAP namizəd irəli sürməyib ki? Biz məgər onların namizəd verib-verməməsindən asılı olaraq seçkiyə gedirik”.

Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı bu məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net