Milli Şura erməni lobbisinin əlində "marionetka"ya çevrilib
Tarix: 25-06-2015, 11:27 | Çap et
Milli Şura erməni lobbisinin əlində "marionetka"ya çevrilib
Milli Şura adlı qurum yarandığı ilk gündən sərgilədiyi fəaliyyəti ilə kimə və nəyə xidmət etdiyini aydın şəkildə büruzə verməyə başlamışdı. Belə ki, artıq hər kəsə bəlli idi ki, adıçəkilən qurumun sədri Cəmil Həsənli, şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli və digərləri əcnəbi qüvvələrin əlinə oynayır. Yəni onlar nəyin bahasına olursa-olsun Azərbaycanı beynəlxalq arenada gözdən salmağı qarşılarına əsas məqsədlərdən biri kimi qoyublar. Budur, artıq deyilənlər öz təsdiqini tapmaq üzrədir.
Belə ki, Rüstəm İbrahimbəyov bir neçə gün öncə "biz erməni xalqı ilə düşmən deyilik və mütləq barışacağıq" kimi fikirləri ilə əsl simasını ortaya qoymuş oldu. Artıq qəti əminliklə demək olar ki, Milli Şura adlı qurum ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin, əsasən də erməni lobbisinin əlində "marionetka"ya çevrilib. Məhz bu qənaətdə olan millət vəkili Siyavuş Novruzov hesab edir ki, artıq Rüstəm İbrahimbəyovun Azərbaycanla heç bir bağlılığı qalmayıb: "Ona görə də Azərbaycan və azərbaycanlılar haqqında daima aşağılayıcı fikirlər söyləyir. Rüstəm İbrahimbəyov əvvəldən ermənilərlə bir yerdə olub. Ermənilərlə birlikdə filmlər çəkib, Moskvada erməni məclislərində iştirak edib. Bundan əlavə, təqribən 6-7 il əvvəl Rüstəm İbrahimbəyovun mətbuatda belə bir yazısı dərc olunmuşdu. Həmin yazısında Rüstəm İbrahimbəyov qeyd edirdi ki, guya ermənilər Bakıdan gedəndən sonra, paytaxtımızın mədəni səviyyəsi aşağı düşüb və sairə. Rüstəm İbrahimbəyov mütəmadi olaraq azərbaycanlıları aşağılayan bu cür hərəkətlərə yol verib. Hesab edirəm ki, bu da başa düşüləndir. Çünki Rüstəm İbrahimbəyovun Azərbaycanla heç bir bağlılığı qalmayıb". Deputatın sözlərinə görə, Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şura xaricdən ixrac olunan ideyadır: "Bunun da arxasında erməni lobbisi, erməni təşkilatları və ayrı-ayrı biznesmenlər dayanırdı. Burada maddi maraq güdülürdü. Ona görə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Milli Şurada yer alması təəccüblü deyil. Çünki Cəmil Həsənli və Əli Kərimlinin həmfikirləri olan erməni idmançıları "Bakı 2015" birinci Avropa Oyunlarında uduzduqca, onlar daha da aqressivləşirlər. Cəmil Həsənli və Əli Kərimlini Azərbaycan idmançılarının qələbə qazanması və qızıl, gümüş, bürünc medallar alması qəti maraqlandırmır. Onlar Avropanın hansısa küncündə, hər hansı divar qəzetində Azərbaycan əleyhinə bir yazı çıxırsa, onu dərhal dərc etməklə məşğul olurlar. Əgər ermənilər Azərbaycanda qızıl medal qazansaydı, onlar toy-bayram edəcəkdi. Buna görə də onlar gündən-günə daha çox aqressivləşir. Çünki onların erməni həmfikirləri Bakıda uduzurlar. Azərbaycanda Avropa Oyunlarının əleyhinə də ən çox ermənilər və erməni lobbisi çalışır".
Onu da qeyd edək ki, AXCP sədri Əli Kərimlinin diqtəsi ilə hərəkət edən Cəmil Həsənli artıq bütün dəyərləri ayaqlar altına alaraq müxalifət düşərgəsini belə, ən ağır ittihamlarla suçlamağa başlayıb. Belə ki, o, bu günlərdə Ümid Partiyasının sədri İqbal Ağazadənin satqın olduğunu vurğulayıb. Aydın şəkildə görünür ki, Cəmil Həsənli məhz Əli Kərimlidən gələn tapşırıq əsasında bu və digər şəxslərə qarşı savaş elan edir və bu yolla Milli Şuranı parlament seçkilərinə kimi gündəmdə saxlamağa çalışır. Lakin bu, mümkün olan iş deyil. Çünki artıq Azərbaycan xalqı Milli Şuranın millilikdən uzaq qurum olduğunun fərqinə varıb. Odur ki, ağlı başında olan kəs parlament seçkiləri zamanı nə Cəmil Həsənliyə, nə Əli Kərimliyə, nə Gültəkin Hacıbəyliyə, nə də qurumda təmsil olunan digərlərinə etimad göstərəcək…
Bu arada, nəzərinizə çatdıraq ki, AXCP haqda ən dolğun bilgiləri məhz adıçəkilən partiyaya qərargah üçün öz mülkünü etibar etmiş, lakin qarşı tərəfin bu etibardan sui-istifadə etməsi nəticəsində ciddi maliyyə itkisi ilə üz-üzə qalan Azər Əsgərov verib. Belə ki, "Cəbhəçilər artıq hər şeyi yaxşı anlayırlar. Partiyadan qovulanlar buna sübutdur. Kim haqq səsini ucaldırsa, dərhal xaric olunur" deyən A.Əsgərovun sözlərinə görə, Əli Kərimlinin iç üzü artıq açılır: "Mülkümü ona qərargah kimi vermişdim. Söküldü, amma Əli Kərimli susdu. Niyə? Nə kompensasiya, nə də ev verilir. Qonşuluğumda olan üç evi də sökmüşdülər. Hər üç ev sahibinə Heydər Əliyev prospektindən ev veriblər. Mənə isə vermirlər. Kirayə haqqı belə ödənilmir. Milli Şura məni satdı. Cəmil Həsənli Əli Kərimlinin "peşka"sıdır. O, nə deyirsə, onu da edir. Kənara çıxmağa cəsarəti çatmır. Əslinə qalsa, Milli Şura AXCP-nin oyuncağıdır. Bu qurumun daxilindən mənə elə faktlar deyilib ki, sizlərə desəm, tükləriniz biz-biz olar". Bundan başqa, o, AXCP sədrinin ünvanına ağır ittihamlar səsləndirib: "ABŞ və Fransa səfirliyindən 500 min dollarlıq qrant alıb. Bu mülk sənin atanın deyildi Əli Kərimli? Mülkümü kimə versəydim, sona qədər vuruşacaqdı, məni müdafiə edəcəkdi. Bu adam məni müdafiəsiz qoydu. Pulunu aldı, əlaqəni kəsdi. Namizəd Səfərova deyirəm ki, Milli Şura niyə bir işlər görmür. O da susur. Çünki bu oyunların başında Əli Kərimli durur. O, öz üzvlərini tutdurub, qrant alan şəxsdir. Bunun üçün qərargah lazım deyil. Çıxışlarının birində deyirdi ki, bizə qərargah lazım deyil, küçələrdə də mübarizə apararıq. Ona qərargah yox, pul lazım idi. Əli Kərimliyə pul verdilər, o da kənara çəkildi. Gözəl Bayramlı təzyiqini ölçdürməyə Tiflisə gedir, Həsən Kərimov ildə neçə dəfə Türkiyəyə müalicəyə gedir. Hansı pullarla müalicəyə gedirsiniz? Mülkümün və qrantların hesabınadır. Bir cəbhəçi mənə dedi ki, Əli Kərimli iki səfirlikdən qərargah dağıdıldığına görə, 1 milyon pul alıb. Dövlətdən ala bilməsəm, ondan tələb edəcəm. Ailəsi Londonda kef edəcək, mən də susacam? Bəzi cəbhəçilər artıq anlayır. Bəziləri isə, sanki kordur. Ağıllı insanlar vaxtında ayılırlar".
Beləliklə, bu gün artıq birmənalı şəkildə qeyd etmək olar ki, Cəmil Həsənli daim şəxsi maraqlarının təmin olunması üçün əlindən gələni edib. Məhz bu mövqedən çıxış edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirir ki, Milli Şura adlı qurumun sədri indiyədək bir neçə partiya dəyişib: "1993-cü ildə Cəmil Həsənli AMİP-də olub. Prezident Aparatında vəzifəyə təyin edildiyinə görə, AMİP-ə də xəyanət edib. Daha sonra Əli Kərimlinin "Yurd"unda yer alıb. Əli Kərimlinın Milli Məclisi boykot qərarına isə əhəmiyyət verməyən Həsənli gedib oturdu parlamentdə. Bundan sonra Əli Kərimli onu partiyadan qovdu. Cəmil Həsənli bu qovulmadan sonra hakimiyyətin nazirlərinin maliyyə hesabına kitablar nəşr etməyə başladı. Həmin pulların hesabına bu adam kitablarında "İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib" yazırdı. Millət vəkili olduğu dövrlərdə hər il Fəxri Xiyabana gedib mərhum Heydər Əliyevin məzarı qarşısında baş əyirdi. Onun haqqında kitablarında yazırdı. Bütün bunlar bir gerçəklikdir. Cəmil Həsənli elə bir adamdır ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar. Şəxsən mən bunu gözləyirəm də. Bunu Əli Kərimli də yaxşı bilir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net