RATİ sədrinin ölkədən çıxarılmasının pərdəarxası
Tarix: 15-06-2015, 11:23 | Çap et
RATİ sədrinin ölkədən çıxarılmasının pərdəarxası
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov iyunun 13-də Azərbaycanı tərk edərək, İsveçrəyə gedib.

10 aydan çoxdur sığındığı İsveçrə səfirliyindən RATİ rəhbərini həmin ölkənin Bakıda səfərdə olan yüksək rütbəli diplomatı Didye Burkhalter çıxarıb. Didye Burkhalter Avropa Oyunlarının açılışı mərasimində iştirak etmək üçün iyunun 12-də Bakıya gəlib.

İsveçrə Federal Xarici İşlər Departamentinin ATS agentliyinə verdiyi rəsmi məlumata əsasən, E.Hüseynovun Bakıdan çıxarılması Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsidir.

Nazirliyin nümayəndəsi Jan-Mark Crevoiser bildirib ki, 35 yaşlı E.Hüseynov hazırda Berndədir, İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var və vizanın müddətinin başa çatmasından sonra bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət etmək hüququna malikdir. İsveçrə XİN rəsmisi Emin Hüseynovun hazırda KİV-lərə açıqlama vermək istəmədiyini bildirib.



RATİ-nin hüquqlarını müdafiə edən Fariz Namazlı “Yeni Müsavat”a açıqlamasında E.Hüseynovun ölkədən çıxarılması ilə bağlı ona heç bir məlumat verilmədiyini bildirib: “Mən RATİ-nin hüquqlarını müdafiə edirəm. Hazırda təşkilatla bağlı heç bir istintaq hərəkətləri getmir. İstintaqın hansı istiqamətdə aparılacağını indidən demək olmur. Əslində qalsa, istintaqın aparıldığını da demək olar. Çünki RATİ ilə bağlı iş QHT-lərin tərkibində gedir. Çox güman ki, Emin Hüseynovun gedişindən sonra RATİ ilə bağlı icraat dayandırıla bilər”.




Hüquqşünas Müzəffər Baxış hesab edir ki, RATİ rəhbərinin ölkədən çıxarılması hakimiyyətlə xüsusi anlaşma əsasında mümkün olub: “Açığı, qanunvericilikdə belə bir müddəaya rast gəlməmişəm. ”Yeni Müsavat"da Emin Hüseynovla bağlı şərh vermişdim ki, Azərbaycan İsveçrə səfirliyinə hücum edib, onu həbs edə bilməz. Bu, beynəlxalq qalmaqala səbəb ola bilərdi. Çünki səfirliyin ərazisi İsveçrənin ərazisi hesab olunur. İsveçrənin Xarici İşlər Nazirliyi onu aparıbsa, bunun hansı əsasla olması mənim üçün qaranlıqdır. Qanunda elə bir qayda nəzərdə tutulmayıb. Amma Azərbaycan qanunlarla yox, qaydalarla idarə olunur. Yəqin onların özləri belə bir qayda müəyyən ediblər. Nəticədə Emin Hüseynov ölkədən çıxarıldı. Əgər İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycana gəlirsə, Emin Hüseynovu aparırsa, ən azından sərhəd nəzarətindən keçməli idi. Onu hansı qaydada sərhəddən keçiriblərsə, çox qaranlıq məsələdir.

Çox güman ki, hansısa razılıq əsasında onun aparılmasını təmin ediblər. Dövlətlər arasında bununla bağlı problem yarana bilməz. Çünki razılıq əsasında bu mümkün olub. Başqa bir yolu da yoxdur. Emin Hüseynov İsveçrə ərazisində olsaydı, Azərbaycan onu tələb etsəydi, İsveçrə verməyə bilərdi. Deyə bilərdi ki, burada siyasi sığınacaq alıb. Amma Azərbaycandan aparılanda, hökmən sərhəd nəzarətindən keçməlidir. Burada isə, sənəd təqdim olunur. Yalnız saxta sənədlə bu mümkün ola bilər. Əgər bunlar yoxdusa, demək, Emin Hüseynov hökumətlə razılıq əldə edərək, Azərbaycanı tərk edib".

Hüquqşünas bu halın ciddi qanun pozuntusu olduğunu da qeyd edib.

Müzəffər Baxış Emin Hüseynova qarşı qaldırılan cinayət işinin icraatının dayandırılacağını da söyləyib: “Hakimiyyətin özü də yaxşı bilir ki, RATİ-yə qarşı irəli sürülən ittihamlar qondarmadır. Elə işlərdə heç bir cinayət halı yoxdur. Azərbaycanda Emin Hüseynov tutulsaydı, heç bir sübut olmadan məhkəməyə veriləcəkdi. Məhkəmə də ittiham hökmü çıxaracaqdı. İndiki halda yəqin ki, Emin Hüseynov barəsindəki cinayət işi dayandırılacaq. 311-ci maddədə qiyabi icraat nəzərdə tutulub. Ola bilsin ki, bu yoldan istifadə olunsun. Əgər cinayət törətmiş şəxs ölkəyə gəlməkdən imtina edirsə, qiyabi işinə baxıla bilər. Amma buna inanmıram”.

Qeyd edək ki, E.Hüseynov ötən ilin avqustunda RATİ- də aparılan axtarışlardan sonra İsveçrə səfirliyinə sığınmışdı. (musavat.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net