"Biz Naxçıvan hava limanında düşəndə artıq Fərəc Quliyevə yaxın şəxslər orada idi"
Tarix: 14-06-2016, 09:53 | Çap et
"Biz Naxçıvan hava limanında düşəndə artıq Fərəc Quliyevə yaxın şəxslər orada idi"
1993-cü il iyunun 17-də mərhum prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Naxçıvana, oradan isə doğulduğu Kələki kəndinə gedib.

Bu zaman Azərbaycan öz ictimai-siyasi dövrünün ən kritik mərhələsini yaşayırdı. Elçibəy Bakını tərk etməzdən 13 gün əvvəl Gəncədə dövlətə qarşı qiyam baş vermiş, hərbi müxalifətlə siyasi müxalifət birləşmişdi. Əsas məqsəd Elçibəyi hakimiyyətdən salmaq, ölkəni bir neçə yerə parçalamaq, Azərbaycanı düşməni Ermənistan qarşısında pis vəziyyətdə qoymaq idi. Elçibəy bütün bunları bildiyi üçün belə ssenariləri prezidentlikdən getmək bahasına da olsa, poza bildi.

Heydər Əliyevin dönəmində isə ölkənin hərbi müxalifəti tam sıradan çıxarıldı, siyasi müxalifətin satqın və ölkəsinə qənim kəsilən hissəsi sərt formada cəzalandırıldı.

Bütün bunlarla yanaşı Azərbaycan cəmiyyətinin böyük hissəsi hesab edir ki, prezident Elçibəyin 23 il əvvəl gecə vaxtı heç kimə demədən Bakını tərk edərək Kələkiyə getməsi sirdir və bu, hələ də açılmayıb.

Teleqraf.com sabiq prezidentin ən yaxın adamlarından biri, Kələki səfərindən tutmuş ölənə qədər onun yanında olmuş Oqtay Məmmədovla Elçibəyin Bakıdan Kələkiyə getmə anını təqdim edir.

Xatırladaq ki, Oqtay Məmmədov həmin dövrdə prezidentin şəxsi mühafizə xidmətinin rəisi vəzifəsində işləyib, heç bir siyasi marağı olmayıb və siyasətlə də məşğul olmayıb.

“Bu fikri ilk bilən şəx mən idim”

Oqtay Məmmədov 1993-cü ilin 17 iyununda prezidentin Bakını tərk edərək Kələkiyə getmə anını belə xatırlayır:

“Bəli, çox böyük ehtimalla prezidentin Kələkiyə getməsi haqda fikrini ilk bilən şəxs mən oldum. Həmin dövrdə vəziyyət çox gərginləşmişdi. Artıq iyunun 16-da bizə məlum olurdu ki, Bakıda qalmaq çətin olacaq. Əlbəttə, söhbət bizim və prezidentin taleyi ilə yanaşı ölkədə baş verəcək vətəndaş müharibəsindən gedirdi. Azərbaycanın düşmənləri bunu istəyirdi. İyunun 17-də əlimizə müəyyən məlumatlar daxil olmuşdu. DİN və MTN-də əldə olunan faktlar təhlil ediləndə gəlinən nəticə belə oldu ki, vəziyyət çətin mərhələyə daxil olacaq. Bununla paralel olaraq Elçibəyin nəzarətində olan qüvvələr artıq müqavimət göstərə bilmirdi. Məsələn, Daxili Qoşunlar demək olar ki, fəaliyyətsiz idi. Bilinmirdi ki, nə oyun gedir. Odur ki, biz mümkün qədər ayır-sayıq olmağı üstün tuturduq. Məqsəd Azərbaycana qarşı düşmənlərin cızdığı ssenarilərin, pisliklərin qarşısını dayandırmaq idi ”.

“Elçibəy Bakı kəndlərindən birində qalmaq qərarında idi”

Prezidentin şəxsi mühafizə xidmətinin rəisi deyir ki, Elçibəyin Kələkiyə getməsi variantlardan biri idi:

“Əvvəl belə qərar var idi ki, prezident Bakının kəndlərindən birində qalsın, onun mühafizəsi təmin edilsin. Ancaq sonradan bu qərar dəyişdi. Çünki Bakının kəndlərinə getməyin mənası olmayacaqdı. Aldığımız informasiyalar bunu deməyə əsas verirdi. O zaman bu məsələ müzakirə edilən zaman mən qeyd etdim ki, Bakının kəndlərindən birinə getməyin mənası yoxdur. Bundan sonra Əbülfəz bəy belə qərara gəldi ki, Naxçıvana gedilsin. Açığı, Kələki heç mənim ağlıma gəlmirdi. Hətta belə fikir var idi ki, Naxçıvanda Məclisin binasında oturulsun, oradan proseslərə nəzarət edilsin və s. Ancaq sonradan nə olduğunu bilmədim, gedib Kələkiyə çıxdıq”.

Oqtay Məmmədov qeyd edib ki, Bakının kəndlərindən birinə sığınmaq və ya Kələkiyə getmək fikri şəxsən Əbülfəz Elçibəyin özünə məxsus olub:

“Müzakirə də öz aramızda gedirdi. Bu kiçik dairədə aparılırdı və rəhbərlik səviyyəsində deyildi. Yəni özü düşünürdü və mənə aid olan məsələləri mənimlə məsləhətləşirdi. Başqa məsələ yox idi. Təbii ki, həmin dövrdə yüksək post tutan şəxslərin də bundan məlumatı yox idi”.

“Heç kim bilmirdi ki, prezidenti aparırıq”

Müsahibimiz qeyd edib ki, son anda iyunun 17-si axşam saatlarında Naxçıvana getmək qərara alınıb və onlar bunun üçün hazırlıq işləri görüblər:

“İyunun 17-si, gecə saat 01:30-da Bakını tərk etdik. Biz yol polisini prezidenti müşayiət etmə prosedurundan kənarlaşdırmışdıq, ancaq özümüz gedirdik. Yəni yolda hiss edilmirdi ki, prezident gedir. Hava limanına qədər bu cür getdik. Biz hava limanına çatanda artıq prezidentin təyyarəsi hazır vəziyyətdə idi. Çünki ona əvvəlcədən təlimat vermişdik. Təyyarədə prezident, mən, məndən başqa üç mühafizəçi, Fərəc Quliyev və onun yanında bir nəfər var idi. Prezidentin köməkçisi Oqtay Qasımov isə iyunun 18-də arxamızca gəlməli idi. Oqtay Qasımov bu məsələdən məlumatlı idi, sadəcə görəcəyi işlər var idi, onu görüb arxamızca gəldi. Biz Naxçıvan hava limanında düşəndə artıq Fərəc Quliyevə yaxın şəxslər orada idi. Onlar bizi qarşıladılar və oradan birbaşa Kələkiyə getdik. Səhər saat 6-da artıq Kələki kəndində idik. Qeyd edim ki, Kələkiyə biz xəbərsiz getdik, kənddə bilmədilər nə məsələdir, nə baş verir. Kənd camaatı Elçibəyin kəndə gəlməsinə çox sevindilər. Hesab edirəm ki, bu kənd haqqında ayrıca danışmaq lazımdır, çünki Kələki qəhrəman kənddir. Mən iyunun 17-dən 26-na qədər Kələkidə oldum. Hər gün ora 3 mindən çox adam gəlirdi. Kənd camaatı hər gün bu qədər insanı çay və çörək vermədən yola salmazdı, hamını gülər üzlə qarşılayırdılar. Təsəvvür etmirəm ki, dünyada ikinci belə bir kənd ola bilər”.

“Türk mütəxəssislər özləri ilə telefon gətirmişdilər...”

Oqtay Məmmədov qeyd edib ki, prezident Əbülfəz Elçibəy Kələkidə yerləşdikdən sonra guya onun mühafizəsini türklərin təşkil etdiyi, burada çoxlu sayda türk hərbçilərinin olması haqda xəbərlər əsassızdır:

“Türklər mühafizəni təşkil etməyiblər. Əbülfəz Elçibəy Kələkiyə getdikdən az sonra Türkiyədən iki mütəxəssis ora göndərdilər. Onlar ancaq rabitə işlərinə baxırdılar. Özləri ilə xüsusi antenası olan telefon və cihazlar gətirmişdilər. Bizdə belə texnika yox idi. Həmin telefonla Əbülfəz Elçibəy danışırdı. Bizimkilərin bu telefondan başı çıxmırdı. Türklər ancaq rabitəyə nəzarət edirdilər. Elçibəy bu rabitə vasitəsilə dünyanın istənilən nöqtəsinə zəng edə və ya ona zəng açıla bilərdi. Həmin vaxt Əbülfəz bəy hər yerlə danışırdı, Bakıdan da ona zəng edirdilər. Normal fəaliyyəti var idi”.

“Prezidentin təyyarəsinə bir neçə gündən sonra güllə dəymişdi”

Mühafizə xidmətinin sabiq rəisi son illər guya prezidentin şəxsi təyyarəsinin Naxçıvan hava limanında endikdən sonra zədələnməsi, təyyarənin uçuşa yararsız vəziyyətə gətirilməsi haqda iddianı da şərh edib:

“Belə şey olmayıb. Bir güllə məsələsi var. Söhbət ondan gedir ki, hava limanının ərazisini hərbiləşdirilmiş dəstə mühafizə edirdi. Biz Kələkiyə getdikdən bir neçə gün sonra onlardan birinin əlindən təsadüfən güllə açılmışdı və təyyarənin qanadına dəymişdi. Laki bu ciddi zədə deyildi. Təyyarə sonradan həmin formada da Bakıya uçdu. Yəni bu məqam təyyarənin uçuşuna hər hansı formada təsir etmirdi”.

“Elçibəy Bakıya dönmək istəyirdi, amma...”

Sonda Oqtay Məmmədov qeyd edib ki, Əbülfəz Elçibəy Kələkiyə getdikdən az sonra Bakıya qayıtmaq haqqında düşünüb:

“Sonra nə oldusa, bundan vaz keçdi. Əvvəl belə bir söz dedi. Bildirdi ki, Bakıya qayıtmaq lazımdır. Ancaq sonradan bu qərarından vaz keçdi. Niyə vaz keçdiyini bilmirəm. Mən iyunun 26-da Bakıya qayıtdım. Sonra dəfələrlə Kələkiyə gedib-gəlirdim, həftələrlə orada qalırdım”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net