Ramiz Mehdiyevin Qərblə bağlı mövqeyinə reaksiyalar
Tarix: 3-06-2016, 09:28 | Çap et
Ramiz Mehdiyevin Qərblə bağlı mövqeyinə reaksiyalar
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev gələcək kitablarından bir bölməni 1news.az saytında dərc etdirib. “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın əksi kimi” adlı bölmədə Azərbaycanın dəyişkən siyasi və sosial-iqtisadi məkanda yeni təhlükələrə cavab vermək üçün hansı keyfiyyətlərə malik olmasından bəhs edilir.

R.Mehdiyev bildirib ki, Azərbaycandakı dövlət hakimiyyəti güclü dövlət ideyasından imtina etməyi və dövlətin bir çox funksiyalarının xarici ölkələr tərəfindən maliyyələşdirilən mülki strukturlara ötürülməsi barədə Qərbin hədə və şantajlarına uymur: “Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni özündə cəmləşdirən Azərbaycan regionun ən vacib dövləti olduğunu get-gedə daha aydın anlayır”.

Məqalədə diqqətçəkən məqamlardan biri də Qərbin ünvanına xeyli tənqidi fikirlərə yer verilməsidir. R.Mehdiyev yazır ki, Azərbaycan yalnız güclü dövlət qurmaqla öz suverenliyini Qərbin təsirindən qoruya bilər. Bu gün qətiyyətlə demək olar ki, Qərbin siyasi arenasında öz intellekti və siyasi bacarıqlarına görə İlham Əliyevə bərabər lider yoxdur: “Qərb dövlətləri və beynəlxalq təşkilatların başında həmin strukturlara rəhbərlik etməyə imkan verən özəlliklər yoxdur və onlar dünyanın siyasi proseslərinə müsbət təsir etmək imkanından məhrumdurlar”.

Qərb dövlətlərinin siyasi sistemlərini tənqid edən R.Mehdiyev “milli liderlərin” olmamasını onların başlıca nöqsanı kimi görür: “Bir çox Qərb ölkələrindəki vəziyyət göstərir ki, onlarda rəhbərliyə ümumilikdə millətin yox, korporativ qrupların maraqlarını ifadə edənlər gəliblər”. Prezident Administrasiyasının rəhbəri amerikalı politoloq Paul Kreyqdən sitat gətirib: “Amerikanın indiki liderləri Vladimir Putinin və ya Çin, Boliviya, Venesuela, Argentina, Braziliya, Hindistan liderlərinin əlinə su tökməyə layiq deyil”.

Qeyd edək ki, Azərbaycanla Qərb, xüsusilə ABŞ arasında münasibətlərin son vaxtlar istiləşdiyi, yaxınlaşma meyllərinin artdığı müşahidə edilir. Prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə 27 mayda keçirilən dövlət tədbirində çıxışında Avropa Birliyi ilə yeni əməkdaşlıq təkliflərinin masa üzərində olduğunu bəyan edib. Son günlərdə bir sıra hakimiyyət rəsmiləri açıqlamalarında Qərbin, ABŞ-ın ünvanına xoş sözlər işlədiblər.
İyunun 1-də Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı olub.

Bu münasibətlə ABŞ prezidenti Barak Obama Azərbaycan rəhbərliyi və sərgi iştirakçılarına xoş sözlərlə zəngin təbrik məktubu ünvanlayıb, Azərbaycanı dünya enerji resurslarının tədarüklərində həlledici rol oynayan ölkə kimi xarakterizə edib, ölkəmizi ABŞ-ın etibarlı tərəfdaşı adlandırıb. Sərgiyə ABŞ hökumətinin rəsmi nümayəndələri də qatılıb.

Diqqətçəkici mühüm məqamlardan başqa biri Obamanın məktubunda Vaşinqtonun təkcə energetika sahəsində deyil, siyasi sahədə islahatlarla bağlı gözləntilərinin də yer almasıdır. “Son 20 il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə transformasiya dövrü olub” ifadəsi buna işarədir. Maraqlıdır ki, ABŞ-la mühüm yaxınlaşma və anlaşma olayı kimi dəyərləndirilən prezident Əliyevin son Amerika səfərindən sonra Azərbaycanda bu sahələrdə də kövrək irəliləyişlər qeydə alınıb, Qərb-Bakı münasibətlərində böyük əngəl olan siyasi məhbus problemi xeyli dərəcədə yoluna qoyulub və yəqin ki, prosesin davamı gələcək.
Uzun müddət ABŞ-ı Azərbaycana qarşı ədalətsiz mövqe tutmaqda qınayan, hətta onu dövlət çevrilişi, “məxməri inqilab” cəhdlərində suçlayan iqtidar mediası da bu arada Amerika siyasətini, Barak Obamanı tərifləməyə başlayıb.

Bəs maraqlıdır, Qərblə münasibətlərin nəzərəçarpacaq səviyyədə yaxınlaşma prosesinin getdiyi bir vaxtda Azərbaycan Prezident Administrasiyasının rəhbərinin Qərblə-ABŞ-la bağlı tənqidlərin yer aldığı yazısının yayılması nə ilə bağlıdır?

Deputat Zahid Oruc bildirdi ki, Ramiz Mehdiyev hakimiyyətin ierarxiyasında yer tutmasına görə bizlərin bilmədiyi bir çox informasiyalara, bilgilərə malik şəxsdir. Odur ki, onun yazdıqları ilə bağlı verilən mülahizələr mükəmməl görünməyə bilər. Lakin heç bir addım təsadüf sayılmamalıdır. Eyni zamanda heç bir halda hakimiyyət içərisində fərqli bir siyasət yürütmək, dövlətin birinci şəxsinin iradəsinin əleyhinə fəaliyyət kimi sayıla bilməz: “Ramiz Mehdiyev kifayət qədər təcrübəli, peşəkar, Azərbaycanın milli maraqlarını nəzərə alan, dövlət başçısının xəttinin ideoloji-siyasi, elmi təbliğini həyata keçirən bir şəxs olub. Onun kitabları həmişə cəmiyyətdə geniş reaksiyalar doğurub, uzun müddət gündəmi tutub. Xüsusilə də Azərbaycanda maraqları olan dövlətlər bu əsərləri, bəyanatları, müsahibələri mühüm bir mənbə kimi özləri üçün götürüblər və onların ətrafında da siyasətlər, proqramlar qurublar. Hörmətli Ramiz Mehdiyev haqqında söhbət gedən yazısında prezident İlham Əliyevi bir lider kimi çox gözəl xarakterizə edib. Ramiz Mehdiyevin Qərblə, ABŞ-la bağlı fikirləri Rusiyaya xoş getməsi üçün edilmir.

Qərbin, ABŞ-ın dünya çapında bəzən ayrı-ayrı hakimiyyətləri devirmək, əvəzində özlərinin idarəçiliyində olan Amerika rejimləri qurmaq, həmin dövlətləri öz yaxın coğrafiyasındakı qonşuları ilə toqquşdurmaq və sonra da yarı-yarımçıq oranı tərk eləmək praktikası olub. Qətiyyən düşünmürəm ki, hakimiyyət Ramiz Mehdiyevin dili ilə Qərbə qarşı ikinci cəbhə açıb və ya yenidən münasibətlərin pisləşməsini istəyir. Son aylarda ABŞ-ın dövlət katibi və digər rəsmi şəxsləri tərəfindən Qarabağ məsələsinə isti reaksiyalar var və Azərbaycan hakimiyyəti bu mövqelərə müsbət qarşılıq verib, uzanan əllərə öz əlini verib, əməkdaşlıqda maraqlı olduğunu göstərib. Azərbaycan Rusiyanın forpostu adlanmır. Ancaq biz Qərbin də forpostu olmaq istəmirik. Çünki bunu real vəziyyət tələb edir. Ona görə də hesab edirəm ki, Ramiz Mehdiyev kimi şəxsin qiymətləndirmələri, təhlilləri ona səbəb olacaq ki, Qərb Azərbaycanla münasibətlərdə daha diqqətli mövqeni seçəcək. Qərb Ermənistana, separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımlarını kəssə, Xədicə İsmayıla verilən diqqətin milyonda birini Qarabağ üçün göstərsə, Ermənistana sanksiya tətbiq eləsə, problem çoxdan həllini tapardı. Heç kəsin şübhəsi olmasın ki, Ramiz Mehdiyevin yanaşmaları Azərbaycanın mənafeləri üçün edilir”.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, anti-Qərb fikirləri Azərbaycanın son vaxtlar ABŞ-la yaxınlaşmasına Rusiyadan ola biləcək təpkini neytrallaşdırmaq məqsədi daşıyır. Bu, balans siyasətinin davamıdır: “Hazırda həm geopolitik durum, həm Azərbaycan reallıqları tələb edir ki, Azərbaycan balanslı-tarazlaşdırılmış siyasəti davam etdirsin. Azərbaycan o zaman balanslı siyasətdən imtina eləməlidir ki, ona qarşı olan ikili standartdan imtina edilsin, beynəlxalq hüquq təsbit olunsun. Yalnız bu halda ölkəmiz arxayın şəkildə birtərəfli istiqamətdə siyasi kurs götürə bilər. Mənə elə gəlir ki, indiki halda Azərbaycan hakimiyyətinin balans siyasəti aparması, bu siyasətin yüksək səviyyədə nümayiş etdirilməsi Qərbin, Avropanın ikili standartına cavabdır. Açığını deyim ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Geopolitik münasibətlərdə tarazlaşdırılmış siyasət aparılması ölkə üçün lazımdır. Ramiz Mehdiyevin dövlətçiliklə bağlı bir çox ideyaları var ki, mən aktuallığı düzgün müəyyən edilmiş ideyalar hesab edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net