“MM-də Qarabağ məsələsi üzrə işçi qruplar yaradıla bilər”
Tarix: 18-04-2016, 09:04 | Çap et
“MM-də Qarabağ məsələsi üzrə işçi qruplar yaradıla bilər”
Son 24 illik atəşkəs dövründə bir neçə dəfə Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi komitənin yaradılması kimi təkliflər irəli sürülüb. Lakin belə bir qurumun yaradılması məqsədəuyğun sayılmayıb. Görəsən, aprelin 2-5-də düşmənlə təmas xəttində sözügedən müddətdə görünməmiş gərginliyin yaşanmasından sonra məsələyə münasibət dəyişibmi? "Həftə içi" və hafta.az-ın parlament üzrə müxbiri MM-in Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvləri Zahid Oruc və Aydın Mirzəzadənin bu mövzuda fikirlərini nəzərinizə çatdırır:

Zahid Oruc:

- Mən bu gün də belə bir komitənin yaradılmasının əleyhinəyəm. Çünki bu hər hansı bir problemi yalnız bir qurumun sərəncamına vermək olardı. Və bu, belə bir mənzərə yaradardı ki, Qarabağ probleminə cavabdehliyi yalnız Milli Məclis daşıyır. Amma düşünürəm ki, parlamentimizdəki bütün komitələrin nəzdində Qarabağ məsələsi üzrə işçi qruplar yaradıla bilər. Və bu istiqamətdə faciələrimizi tanıtdırma, görülən işlərin hesabatı və s. kimi işlər görülməlidir. Əslində, Qarabağ məsələsi bütün ölkə əhlinin, bütün azərbaycanlıların problemidir. Və onun ədalətli həlli istiqamətində əlindən gələni etmək hər bir vətəndaşımızın vəzifəsidir. Son 4 günlük döyüşlər də göstərdi ki, Azərbaycan xalqının böyük əksəriyyəti bu mövqeyi paylaşır. Və əmr verildiyi anda hamı dövlətin, ordumuzun yanında olacaq…

Aydın Mirzəzadə:

- Zənnimcə, bu cür bir quruma indi də heç bir ehtiyac yoxdur. Bu, qanunauyğun da deyil. Çünki parlament qanunverici orqandır. Bu qurumun hansısa bir konkret məsələnin təhlili, həlli ilə, siyasətlə məşğul olması doğru deyil. Bu, biz deputatların vəzifəsinə də uyğun gəlmir. Bunun üçün Azərbaycanın icra hakimiyyətində Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumlar var. Milli Məclisdə isə icra hakimiyyəti strukturlarının normal fəaliyyəti üçün müvafiq qanunların hazırlanması bizlərin vəzifəsidir…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net