"Onlar başa düşmürlər ki, bir insan normalda 1 vəzifəni icra edər"
Tarix: 4-02-2016, 10:05 | Çap et
"Onlar başa düşmürlər ki, bir insan  normalda 1 vəzifəni icra edər"
“Çingiz Abdullayevin elə də çox vəzifəsi yoxdur. Görünən vəzifələr sadəcə olaraq ictimai işlər xarakteri daşıyır. Yəni o insan özündə olan istedadı və enerjini indiki vaxtda bu formada dövlətin ictimai işlərinə həsr edirsə, ona sadəcə olaraq sağ ol düşür”.

Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında söyləyib.

Sabir Rüstəmxanlı deputat Zahid Orucun yazıçı Çingiz Abdullayev haqqında dediyi fikirlərə münasibət bildirərək deyib ki, eyni zamanda bir neçə vəzifə daşımaq fikri dövlət qulluğunda olanlara aid edilməlidir :

“Bu sözü dövlət qulluğunda olan insanlar haqqında demək olar. Çingiz Abdullayev haqqında belə sözlərin deyilməsi düzgün deyil.

Amma prinsipcə Zahid Orucun bu fikri xoşniyyətli bir fikirdir. O, fikirlərində təbii ki, baş nazirin müavini, həm hər hansı bir komitənin sədri, yaxud başqa orqanların rəhbərini nəzərdə tutur.

Bu mənada təbii ki, bu çox doğru fikirdir. Ancaq bunu sırf etalon və ehkam kimi qəbul etmək də olmaz”.

Keçmiş millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, bu kimi yanaşmaları bəzən müəyyən sahələr var ki, ora aid etmək olmaz.

“Elə adamlar var ki, hansısa xüsusi bir sahədə kafedra müdiridir. Yəni o sahəni həmin adam daha yaxşı bilir, peşəkardır. Həm də başqa bir ciddi dövlət vəzifəsini tutur.

Buna görə də xüsusən təhsil sahəsində bu cür prinsipləri tam tətbiq etmək çətindir. Bu işlərə tam fərdi yanaşmaq lazımdır.

Yəni o şəxs o işdə var və olmalıdır, ora lazımlıdırsa ona mane olmaq mənasızdır.

Amma bir məsələ də var, kimsə nədənsə sui-istifadə edib bir neçə dövlət vəzifəsini tutursa, bu çox təhlükəli tendensiyadır.

Bu qanuna hörmətsizlikdir. O insanlar indiki vəziyyətdə öz güclərini, potensiallarını nəzərə almırlar . Yəni onlar başa düşmürlər ki, bir insan normalda 1 vəzifəni icra edər və bunu gözəl bacara bilər.

Bu yanaşma, bir çox deputatlara da aiddir. Onların çoxu mühüm yerlərdə şirkət başçısı, biznes sahibidirlər.

Elə vəzifə adamları var ki, insanlar onlara 1 sənədə qol çəkdirmək üçün həftələrlə dallarınca düşürlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net