“Onların nəinki psixologiyadan başı çıxır, heç ali təhsilləri də yoxdur” - MM-də yeni qanun hazırlanır
Tarix: 6-01-2016, 09:51 | Çap et
“Onların nəinki psixologiyadan başı çıxır, heç ali təhsilləri də yoxdur” - MM-də yeni qanun hazırlanır
Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. Buna qədər isə komitələrdə yaz sessiyasının gündəliyinə salınacaq məsələlər müzakirə ediləcək. Parlamentin komitələrində iş yanvarın 15-dən başlayacaq. Modern.az saytı ayrı-ayrı komitələrdən yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri və digər məsələlər barədə məlumat öyrənməyə çalışıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, onlar “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Optika haqqında” və “Psixoloji yardım haqqında” qanun layihələri üzərində işləyirlər:
““Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi barədə uzun müddətdir söhbət gedir, amma hələlik ortaya bir şey çıxmayıb. Yəqin ki yaz sessiyasında qanun layihəsinin qəbuluna nail olacağıq.

Optika ilə bağlı məsələ ona görə maraq dairəmizdədir ki, eynəklərin yazılması, satılması, verilməsi ilə bağlı standartlar hazırlansın, onun hüquqi əsasları müəyyənləşsin. Bu gün hər bir kəs istər optik, istər gün eynəyi, istər qar eynəyindən istifadə edir. Bu eynəklərin harada və nə cür satılmasının standartları müəyyənləşməlidir və onları satanlara hüquqi öhdəliklər qoyulmalı, vəzifələri bilinməlidir. Bu barədə hələ ki düşünürük. Bəzi ölkələrdə belə qanunlar var. Bu, bəzi ölkələrdə Nazirlər Kabineti səviyyəsindədir. Bu sahədəki problemlərin hansı şəkildə tənzimlənməsi haqda düşünürük. Bu, bütövlükdə oftolmoloji xidmətin yaxşılaşmasına kömək edə biləcək layihə ola bilər”.

Psixiloji yardımla bağlı hüquqi bazanın olmadığını xatırladan deputat bildirib ki, dünyada baş verən proseslər, depresiyyalar, ailə konfliktləri, kollektivdə işçi ilə münasibətlərin tənzimlənməsi, uşaqların dərsə davamiyyəti, uşaqların bəzilərinin müəyyən psixoloji problemlərlə üzləşərək təhsilini başa vura bilməməsi, davranışına adekvat olmaması və digər məsələlər bütün dünyada psixoloji yardımın göstərilməsini vacib edib:

“Azərbaycanda göstərilən psixoloji yardımların hüquqi bazası yoxdur. Kim psixoloq ola bilər, kim hansı çərçicədə psixoloji yardım göstərə bilər, harada göstərilməlidir, dövlət və özəl sektorda psixoloji yardımı göstərməkdən ötrü sertifikat kimdən alınmalıdır, onlara kim icazə verilməlidir, ailə, uşaq, tədris psixologiyası və digər məsələlərlə kim məşğul olmalıdır, diplomlar hansı səviyyədə tanınmalıdır - bunlar müəyyənləşməlidir. İndi kimin ağlına nə gəlirsə edir, bir küncdə kabinet açıb, üzərinə “Psixoloji yardım” yazır. Araşdıranda məlum olur ki, onun nəinki psixologiyadan başı çıxmır, heç ali təhsili yoxdur. Belə faktlar da var. Ona görə də belə bir qanunun olması vacibdir. Komitədə müzakirə etmişik, psixoloqların iştirakı ilə mütəxəssislər dəvət etmişik. Yəqin ki, yaz sessiyasındakı komitə iclaslarının birində öz layihəmizi ortaya qoya biləcəyik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net