Fazil Mustafanın qardaşı: “O, bəlkə də yeganə deputatdır ki, qardaşları heç yerdə işləmir”
Tarix: 23-12-2015, 10:48 | Çap et
Fazil Mustafanın qardaşı: “O, bəlkə də yeganə deputatdır ki, qardaşları heç yerdə işləmir”
Modern.az tanınmış simaların qardaşları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın qardaşı İlqar Mustafayevdir.

-İlqar bəy, harada yaşayırsınız, nə işlə məşğulsunuz?

-Mən Bakıda Zabrat qəsəbəsində yaşayıram. Bakıxanov qəsəbəsində mağazam var idi, kiçik sahibkarlıqla məşğul idim. Lakin 3 ildir ki, müvəqqəti olaraq sahibi olduğum obyekti söküblər. Deyirlər ki, yenidən o obyekti tikib bizi yerimizə qaytaracaqlar. Gözləyirəm. Buna görə də müvəqqəti olaraq işsizəm.

Orta təhsilliyəm, ali təhsilim isə hələlik yarımçıqdır. Rusiyanın Voloqda şəhərində Pedaqoji Universitetin menecment fakültəsinə daxil olmuşam. Maliyyə problemlərinə görə, ali təhsilimi hələ ki davam elətdirə bilmirəm.

-Ailələsiniz?

-Ailəliyəm. İki qızım, bir oğlum var. Oğlum balacadır, altıncı sinifdə oxuyur. Qızlarımın biri Dillər Universitetində ispan dili tərcüməçiliyi üzrə təhsil alır. O biri qızım isə İqtisad Universitetində dünya iqtisadiyyatını ingilis dilində tədris edir.

-Yəqin ki, Fazil Mustafanın çıxışlarına tez-tez qulaq asırsınız. Qardaşlıq amilini kənara qoyaq. Fazil Mustafa bir deputat kimi sizdə hansı təəssüratı yaradıb?

-Azərbaycan xalqı, cəmiyyəti onu qəbul edirsə, mənim haqqım yoxdur ki, onu qəbul etməyəm. Üstəlik nəzərə alaq ki, mən onun qardaşıyam.

-Amma Fazil müəllimin hər fikri birmənalı qarşılanmır, məsələn götürək elə dinlə bağlı mövqeyini.

-Hər kəsin öz şəxsi fikri, düşüncə tərzi var. İndi hərə bir cür yanaşır. Amma yanaşma tolerant olmalıdır. Fazil Mustafanın da yanaşma tərzi belədir və mən onun düzgün olduğu qənaətindəyəm qəbul edirəm.

-Cəmiyyət, o cümlədən biz jurnalistlər qardaşınızın fikirlərinə geniş yer verir. Ailədə necə, Fazil müəllimin hər sözünün çəkisi varmı?

-Ailədə 6 nəfərik -2 bacı 4 qardaş. Mən sonbeşiyəm. Bir qardaşım Naxçıvandan yaşayır, biri də Bakıda. O da demək olar ki, işləmir. Fazil Mustafa bəlkə də yeganə deputatdır ki, onun qardaşları heç yerdə işləmir.

Hamımız Fazil Mustafanı dəstəkləyirik. Bizdə hamı ali təhsillidir. Mənim övladlarım da onun fikirlərinə dəstək verirlər. Mənə elə gəlir ki, Fazil Mustafa düz mövqedədir. Həqiqəti deyən adamı dəstəkləmək hamının borcudur.

-Fazil Mustafadan yardım umursunuzmu?

-Mən özüm çalışmışam ki, cəmiyyətdə yer qazanım. Mənim mağazam olub, yerə gələndə Fazilə mən dəstək olmuşam. Həmişə işlədiyim üçün cəhd etməmişəm ki, kimdənsə yararlanım. Əksinə, çalışıram ki, hamıya yardım edəm. Bu gün, çox şükür, Fazil Mustafa özü dolanırsa, buna ancaq və ancaq sevinirəm.

-Qardaşınız həm də iradəlidir, oğlunu itirəndə təmkinini, soyuqqanlılığını qoruyub saxladı. Hər halda sizin də təsəlliləriniz rol oynamışdı.

-Allah onun oğluna rəhmət eləsin. Bu, çox ağır bir faciə idi. Oğlu rəhmətə gedəndə Fazil burda yox idi, mən yasla bağlı bütün təşkilati məsələləri üzərimə götürdüm. Ona dəstək vermək bizim mənəvi borcumuz idi. Belə bir ağır dərdin altından hər adam çıxa bilməzdi. Fazil isə inanclı, dindar olduğu üçün, Allahını sevdiyini üçün bu hadisəni çox təmkinlə qəbul etdi. Allah heç kimə belə faciə göstərməsin.

-Siyasi fəaliyyətiniz olubmu?

-Siyasətlə məşğul olmamışam və bu fikirdə də deyiləm. Ticarətə daha yaxınam.

-Böyük Quruluş Partiyasına da üzv deyilsiniz?

-Qardaşımın rəhbərlik etdiyi partiyanın üzvüyəm. Bir müddət də Böyük Quruluş Partiyasından 5 il müddətinə bələdiyyə üzvü seçildim.

-Bu gün partiyalar böhran keçirirlər. Etiraf edək ki, partiyalardakı nöqsanlar Fazil müəllimin təşkilatına da xasdır. Bir üzv kimi Böyük Quruluş Partiyası üçün çıxış yolunu nədə görürsünüz?

-Bu gün Azərbaycanda heç bir partiyanın vəziyyəti yaxşı deyil. Bu gün dürüst şəkildə, ləkələnmədən partiyanı saxlamaq çətin məsələdir. Şükürlər olsun ki, Fazil bəy çox uğurla partiyanı qoruyub saxlayır.

-Qardaşınızı nurçu təriqətinə mənsub olmaqda ittiham edirlər Bir qardaş kimi, bu itihamlara nə cavab verərdiniz?

-Hərə bir söz deyir. Kimsə ortaya ağıllı mövqe qoyanda başlayırlar onu nurçuluqda ittiham etməyə. Kimsə elmi dəstəkləyirsə, ona nurçu deyirlər. Ya da kimsə iqtisadiyyatı dəstəkləyirsə, ona alverçi deyirlər. Ona görə də cəmiyyətdə bəzilərinin mənasız reaksiyasına fikir vermək lazım deyil. Qardaşım əsl dindardır.

-Fazil Mustafa Əbülfəz Elçibəyə yaxın adam olub. Siz özünüz də Elçibəylə görüşmüşdünüz?

-Mən rəhmətlik Elçibəylə görüşmüşəm. Mən onunla Bakıda və Kələkidə görüşmüşəm. O adam haqqında çox gözəl təəssüratlarım var. Allah ona rəhmət eləsin! Görüşlərə Fazilin yanında gedirdim.

-Bəs bu görüşlərə niyə qatılırdınız? Maraq üçün?

-Mən həmişə Fazil bəyi dəstəkləmək üçün görüşlərə gedirdim. Həmişə də onun yanında olacağam. Elçibəy Azərbaycan xalqı üçün nə təəssüratı yaradıbsa, mənim üçün də eyni təəssüratı yaradıb. Azərbaycanda kimdən soruşsanız, onun haqqında çox yüksək fikirdə olduğunu deyər. O gözəl, əvəzolunmaz bir insan idi.

-Kələkiyə Əbülfəz Elçibəyə sırf kömək etmək məqsədi ilə gedirdiniz?

-Mən o zaman Bakıda qalırdım. Ara-sıra Naxçıvana yolumuz düşürdü. Ata evimiz Naxçıvandadır. Adətən Fazili Naxçıvana yola salıb qaytarırdıq. Arada mənəvi dəstək üçün Əblüfəz Elçibəyin yanına gedirdik.

-Heydər Əliyevlə də Naxçıvanda görüşmüsünüz?

-Xeyr, görüşlərim olmayıb. Amma o vaxt rəhmətlik Heydər Əliyev Naxçıvana gələndə mən mitinqlərdə iştirak edirdim. Bilirsiniz ki, o vaxt Naxçıvanda hamı aktiv idi. Heydər Əliyev Naxçıvanın Ali Məclisinin sədri seçiləndən sonra artıq mitinqlərə getmədim.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net