“Bu insanlar uşaqlarından nə yaratmağı düşünürlər? Canlı bombalarmı?”
Tarix: 21-12-2015, 11:00 | Çap et
“Bu insanlar uşaqlarından nə yaratmağı düşünürlər? Canlı bombalarmı?”
2015-ci ilin bitməyinə çox az zaman qalmasına baxmayaraq, ölkə üçün bir çox hadisələrlə yadda qaldı. Bu ilin ölkədaxili yekunları ilə bağlı PİA. AZ deputat Zahid Orucun fikirlərini öyrənib.

PİA.AZ ölkədə baş vermiş hadisələrə özünəməxsus münasibət bildirən deputat Zahid Orucla geniş müsahibənin ikinci hissəsini oxucularına təqdim edir:

Müsahibənin birinci hissəsini burdan oxuya bilərsiniz.

- Bildiyiniz kimi, neftin qiyməti getdikcə ucuzlaşmaqda davam edir. Bir çox ekspertlərimiz neftin ucuzlaşmasının müsbət tərəfini onda görürlər ki, bu ölkədə qeyri-neft sektorunun inkişafına şərait yaradacaq. Sizcə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün neftin ucuzlaşmasını gözləmək vacib şərt idimi?

- Əslində neft resursuna malik olan ölkələrin hamısının həyatında iqtisadi tsiklin dəyişməsi prosesi yaşanır. Bəli,SOCAR bir brend olaraq iqtisadiyyatın lokomotivi,yaxud alternativ büdcə olmaqdan çıxır. Çünki əsas maliyyə dövriyyəmizin 100-də 90%-i neftdən formalaşırdı. İndi pulu xərcləyən institutlara deyil, qazanmağı bacaran həqiqi texnokratlara ehtiyac birə-min qat artıb. Lakin unutmaq olmaz ki, hələ Sovet dövründən bizdə inkişaf edən sahələr neft sənayəsi, maşınqayırma zavodları digər sferaları kölgədə qoyurdu. Ona görə də neft amilini bötövlükdə inkar etmək mümkün olmayacaq.

Əgər neftin qiyməti beynəlxalq arenada geosiyasi savaş fonunda Rusiyanı çökdürmək, onu Suriyadan geri daşındırmaq, həmçinin İrana zərbə vurmaq üçün süni yolla aşağı salınırsa, bu o deməkdir ki, biz çox qısa dövr ərzində başqa platformalara keçməliyik.Yəni,alternativ sahələrin və çevik maliyyə, bank və gömrük siyasətinin dəyişməsi hesabına üstümüzə gələn böhrandan xilas ola bilərik.

Əsas diqqət bölgələrin inkişafına yönəldilməlidir və sənaye strukturları yaradılmalıdır. Həmçinin kənd təsərrüfatı nə qədər subsidiyalara ehtiyac duysa da ona xüsusi diqqət ayırılmalıdır. Çünki aqrar potensialı böyük olan bir ölkənin əhalisinin yarısı ÜDM-ə cəmi 9 fazilik töhfə verir. Halbuki istənilən Avropa dövlətində həmin rəqəm 30 faizdən aşağı deyil.

Zahid Oruc: “Bu insanlar uşaqlarından nə yaratmağı düşünürlər? Canlı bombalarmı?”

- Sovet dövründə planlı kənd təsərrüfatı sistemi var idi. Amma üzümçülüyü Qorbaçov dağıtdı və ona uyğun sənaye obyektləri də məhv edildi. Əsas şərab zavodlarının böyük əksəriyyəti bizdə qurulmuşdu. Bunların hamısını 80-ci illərin sonlarında yaşadıq. 90-cı illərdə pambıqçılıq sənayesi məhv edildi. İndi rayonlarımız da pambıq zavodları olsa da, onlar işləmir. 1990-cı illərdə həyata keçirilən 40 günlük matəm mərasimləri, tətillər də bizi əliyalın qoydu. Amma artıq kənd təsərrüfatını inkişaf etdirməyə məcburuq. Bu gün Avropanın qabaqcıl kənd təsərrüfatı modellərini bu ölkəyə sürətlə daşımaq lazımdır. Gördüyünüz kimi, aqroservislər qurulub, müxtəlif layihələrə kreditlər verilir, subsidiyalar ayrılır, amma bu yetərli deyil. Azərbaycan iqtisadiyyatının əsas problemi iqtisadiyyatın və ÜDM-nin sahə və ərazi quruluşunun proporsional paylanmamasıdır. Bütün iqtisadi ağırlıq Bakıda formalaşıb. Bu isə kəndlərdə problemlərin yaranmasına səbəb olur.

Kənddə dolanışıq ağır olduğuna görə gənclər bir qayda olaraq, Bakıya axın edirlər. Ölkənin ən önəmli məsələlərindən biri mənzil təminatının aşağı səviyyədə olmasıdır. Tikilən binaların ümumi kvadratı fonunda 100 minlərlə insan var ki, qiymətlərə görə mənzilləri ala bilmirlər. Bu problem ildən-ilə dərinləşir. Hər il ölkədə 130 min şəxs orta məktəbi bitirir. Bu fonda 3-5 il sonra həmin şəxslər ailə qururlar. Bu o deməkdir ki, hər il 65 minə yaxın cütlük yaranır və bu proses davamlı xarakter daşıyır. Yəni, faktiki olaraq, hər il mənzil bazarına 65-70 min, əmək bazarına isə təqribən 100 min insan gəlir. Bu insanlar həm işlə, həm də mənzillə təmin olunmalıdırlar. Və biz ipoteka krediti ayırmışıq ki, gənclərimizin bir qismini mənzillə təmin edək. Həmin vəsait maksimal həddə 50 milyon manatdır. Mən bilmirəm o məbləğə hardan ev almaq mümkündür. Ayrılan həmin 50 milyon manata cəmi 1000 adamın ev alması mümkündür, yəni, biz hər il maksimum 1000 adama ev almaq üçün ipoteka krediti verə bilərik.

Deyək ki, hər il 65 min yeni ailənin 10 minə yaxını da valideynlərinin köməkliyi ilə evlə təmin olunur, 1000 nəfər isə ipoteka ilə mənzil alır. Yerdə qalan 50-55 min nəfərə yaxın hissə mənzilsiz qalır. Bəs bunu necə həll edə bilərik? Düşünürəm ki, ipoteka siyasətimizi və digər alternativ iqtisadi tədbirlərimizi təzədən gözdən keçirməliyik. Məsələn, mən parlamentdə Qarabağı təmsil edirəm. Bərdə rayonundan seçilmişəm. Təmsil etdiyim 60-65 kəndin görüşlərində insanlar məndən tibb məntəqəsi və uşaq bağçası istəyir. İndi düşünün ki, bir dairə çərçivəsində bunu yaratmaq üçün milyardlarla dollar lazımdır. Bəs bunun üçün nə etməliyik?

İmkan verməliyik ki, bağçasını kənddə rüşvət almamaq səbəbilə vətəndaş özü tiksin. Yəni, bütün sosial sahələrdə özəl sektoru inkişaf etdirməliyik. Buna ehtiyac var. Çünki insanlar ilk növbədə öz övladlarını formalaşdırmaq istəyirlər. Bu halda rayondakı sahibkar kəndin tələbinə uyğun bağçaları tikib yaratmalıdır. Əsas məsələ ona mane olmamaqdır. Eyni zamanda bu kənddə iş yerinin yaranmasına da səbəb olacaq, dövlət bağça tikmək ehtiyacından azad olacaq və s... O cümlədən, sahibkarlara imkan yaratmaq lazımdır ki, kəndlərdə infrastrukturlar yaratsınlar. Bu halda heç bir ali təhsili olmayan şəxs Bakıya üz tutmağa məcbur qalmayacaq. Kəndi dirçəltmək lazımdır ki, şəhərin boğazına bu yük gəlməsin. Bakının infrastrukturu 2 milyon insan üçün hesablanıb. Ancaq Bakıda 4 milyon insan yaşayır. Deməli, burda 1 tikəyə 2 əl uzanır. Bu isə iqtisadiyyatda natarazlıq yaradır, qeyri-bərabər paylaşmaya səbəb olur, sosial balans pozulur və paytaxtın sosial-iqtisadi quruluşunu öldürür.

Bilirsiniz, Azərbaycanda sosial, siyasi, ictimai və digər mədəniyyət hadisələrindən hamı danışır, amma aqrar mədəniyyət sözü məşhur deyil. Aqrar mədəniyyət bilirsiniz nədir? Misal üçün ata dülgər, bənna, rəngsaz və ya yaxşı təsərrüfatçıdırsa, bunu oğluna ötürür. O cümlədən, ata əkinçidirsə, bunu oğluna da ötürməlidir. Ancaq bizdə bu yoxdur. Çünki əkinçilikdə gəlir mütənasib deyil. İndi kənddən gələn gənclərimiz neft buruğuna öyrəşib, tikinti sektorunda cəmləşib və onları geri, kəndə qaytara bilmirik.Çünki kənddə sürətli internet yoxdur, yolları palçıqlıdır, kommunal şəraiti zəifdir. Biz bu şəraitləri kənddə qursaq, əminəm ki, dövlət milyardlarla manatlıq yükdən azad olar. Və bu halda Bakıda sıxlaşma yaranmaz. Digər tərəfdən, bizə xaricdən kənd təsərrüfatı mallarının və başqa məhsulların ölkəyə gəlməsi təqribən 40%-ə qədərdir. Biz niyə bunları xaricdən almalıyıq? Bu ölkənin təmin etmək üçün tam imkanları var. Müdafiə Nazirliyinin rəhbərliynin dəyişməsi fonunda sadə bir parametrdə-qidalanmada, ərzaq məsələlərində milli məhsula keçməyimiz yetərli oldu ki, kənd təsərrüfatına kiçik də olsa bir stimul yaransın. Vətəndaş istehsal etdiyi məhsulların bir qismini gətirib orduya verir və orada istifadə olunur. Ancaq hələ də onların geyim məsələlərinin yerli malla təchiz olunmasında çatışmazlıqlarımız var. Biz dərini Türkiyəyə göndəririk, onlar orada öz dərimizdən geyimlər tikib geri qaytarırlar. Halbuki o fabriklərin, sexlərin çoxu burada qurulmalıdır. Qeyd edim ki, qurulanlar da var. Biz bu işi təşkil edə bilsək, neft üzərində qurulmuş iqtisadiyyat normal sahibkarlıqla əvəzlənəcək.

- Zahid bəy, Azərbaycanı sosial problemlər ölkəsi adlandırmaq olar. Bununla yanaşı, dünyada dini ekstremizm həddindən artıq geniş yayılıb. Sizcə, Nardaranda nə baş verdi? Nardaran hadisələri dövlətə qarşı üsyan idi, yoxsa sosial problemlərdən yaranan hansısa bir etiraz idi?

- Əsrlərdir ki, din mühüm ideologiyaya çevrilib. Əslində hər hansı etiqada malik olmaq sadəcə vətəndaşla Allah arasındakı inanc hadisəsi deyil. İnsan evində bir hücrəyə çəkilib, orada inandığı ilahi qüvvəyə təzim eləməkdənsə, bunu meydanlarda kütləvi nümayişə çıxarır. Demək ki, burada din artıq öz məcrasından çıxır və real siyasi marağa çevrilir. Mənim üçün hər nə qədər ağrılı olsa da qeyd edirəm ki, 1813-1828-ci illərdə Rusiya-İran müharibələrindən sonra Şimali Azərbaycan Rusiyanın payına düşsə də ölkəmiz müstəqillik qazandıqdan sonra belə, sanki Nardaran İran tərəfdə qalıb. Yəni,həmin qəsəbədəki ictimai ənənələr,digər əhali qruplarla assimilə olmamağn nəticəsində qapalı bir system yarandı və dövlət orqanlarının mövqeyi tanınmadı.

- Maraqlıdır ki, bir kənddə bu necə baş verə bilir?...

- Orada pir və ocaqların çox olması, əhalinin sivil normaları tanımaq istəməməsi, müəyyən dövrlərdə də hakimiyyətin buna dözümlə yanaşması qeyd olunan vəziyyəti ortaya çıxartdı. Dini ekstremizim təhlükəsi təkcə Nardaranda deyil, cənub zonasında da xarici təsirlərin hesabına özünə xeyli dayaqlar tapmışdı. Şimal zonasında isə başqa cərəyanlar özünə ünvan qurub. O cümlədən, Gəncə zonasında da müxtəlif insanlar kimlərinsə təsirinə uyurlar. Din siyasi maraqlar üçün istismar olunur.

Zahid Oruc: “1813-1828-ci illərdə Rusiya-İran müharibələrindən sonra Şimali Azərbaycan Rusiya tərəfdə qalsa da, ölkəmiz müstəqillik qazandıqdan sonra belə, sanki Nardaran İran tərəfdə qalıb”

Faktiki olaraq, Nardaranda işsizlik probleminin olduğu görünürdü, amma bunun yaranmasının səbəbi sırf dövlətdən qaynaqlanmır. Əgər bir yerdə insanların 30%-ə qədəri şəxsiyyət vəsiqələrini almayıbsa,onda adamlar dövlətlə münasibəti necə quracaqlar? Sual olunur, şəxsiyyət vəsiqəsi almaqdan imtina edən bu insanlar özlərini vətəndaş saymırlarmı? Baxmayaraq ki, Nardaran milli azadlıq mübarizəmizə töhfə vermiş qəsəbədir, ancaq bununla yanaşı, onlar şəhidlik mübarizəsində 1 nəfər də olsun itkiləri yoxdur. Bu bir həqiqətdir. O cümlədən, illərdir Nardarandan bir nəfər də hərbi xidmətə getməyib. Bunun fonunda Nardaranda dinin əsarət elədiyi insanları öz arxalarında saxlayır, onları dövlət əleyhinə qaldırmağa zəmin formalaşdırırlar. Uşaqlarını məktəbdən yayındırıb şəriət dərslərinə buraxırsa, dini siyasətlə birləşirir və hakimiyyətin dünyəvi modelini həzm etmir. Bu insanlar uşaqlarından nə yaratmağı düşünürlər? Canlı bombalarmı? Məsələn, tələb edirlər ki, Ramazanda ekran qaraya bürünmür və yaxud məhərrəmlik dövründə verilişlər ancaq dini mövzulara aid edilmir?!.

Əslində onların ölkəyə gətirmək istədikləri sivil dini islahatlar deyil, xaricdən bura gətirdikləri İslamın qara rəngidir, dini cəhalət şüarlarıdır. Məsələn, Nardaran deyirlər ki, Nəsurullahın orduları məğlubedilməzdir. Allah hər zaman onların üstündədir. Söhbət “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahdan gedir. Cəlil Məmmədquluzadənin də bir başqa Şeyx Nəsrullahı var idi. Bu cür paralelləri də apara bilərik , amma bu bizim dini inancımıza hansısa bir xeyir gətirəcəkmi? Onların islahat adıyla dinimizə gətirdikləri İslam ağlaşma janrıdır, mərsiyyə, sinədöymə, başyarma, zəncirvurmadır. Bu cəhalət neçə yüz il əvvəl Azərbaycanın həyatında mövcud olub. Biz təzədən savadsızlığa,çarşaba və hicabamı qayıtmalıyıq?!

Zahid Oruc: “Ölkə “Nardaran”laşsa, sivil insanlarımız doğrudanmı bunu qəbul edəcək?”

Bu ölkənin mütəffəkirləri olaraq, 1900-cü illərdə Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Firudun Bəy Köçərli insanlarımıza uşaqlarını Qori seminariyasına göndərmək üçün yalvarırdılar. Cəlil Məmmədquluzadə yazırdı ki, ordan bura gələn bir neçə müəllim Azərbaycan balalarını tapmaq üçün ot tayalarının altında uşaq axtarırdılar və tapırdılar. Onları aparırdılar ki, 5-10 nəfər müəllim yaransın. Sonra Qazax seminariyasını yarandı. Bilirsiniz, məktəbi məscidlə əvəz edəndə cəhalət tüğyan edir. Nardaranda Peyğəmbər əleyhisalama istinad edirlərsə, Peyğəmbər əleyhissalam məktəbi məsciddən yuxarı qoyurdu. “Elm Çində olsa da, onun dalınca gedin” - deyib, Peyğəmbərimiz. Alimin mürəkkəbini şəhid qanından üstün tutub. Ölkə “Nardaran”laşsa, sivil insanlarımız doğrudanmı bunu qəbul edəcək? Bu gerçək və normal davranış deyil. Hətta ən qatı totalitar quruluşlar belə insanların geyimini diqtə edə bilmir. Adamların özünün zövqü var. Kimi necə istəyir, geyinir. İnsanın mini-mum və ya maksi-mum geyinməsinin kiməsə dəxli yoxdur.

Gəlin görək, şəriət qanunları ölkədə bərqərar olanda nə baş verəcək? Bizim xarici siyasətimizı bu şəriətlə necə quracaqlar, neft sənayemizə və digər alternativ sahələrimizə nə edəcəklər. Özləri kimisə Yezid adlandırırlar, ancaq özləri Yezidə çevriləcəklər, dünya ilə toqquşacaqlar. Bu dövlətin başçısı ölkənin normal sifətini dünyaya çıxarıb ki, bizdə İslam ictimai həyat prosesi kimi yaşanır, amma dövlətin həyatına müdaxilə etmir. İndi təsəvvür edin ki, bayrağımızda iki rəngi kənara atırıq, müasirlik və türküçülüyümüzü qırağa qoyuruq və ancaq yaşıl rəngi saxlayırıq. “Yaşıl” inqilab 1979-cu ildə İranda baş verib, o sanksiyaların altından hələ tam çıxa bilməyib. Amma bundan sonra mən prezidentin Nardarana ayırdığı diqqət və vəsaitlər nəticəsində yeni Nardaranın yaranacağına əminəm.

- Tam olaraq, 1989-cu ildən Nardaran problemi var. Bu problemin həlli üçün niyə indiyə kimi qəti ddımlar atılmırdı? Və dediyiniz kimi, bundan sonra orada tamamilə yeni mühit formalaşacaqsa, 10 il əvvəl bu addım niyə atılmırdı?

- Buna dəfələrlə cəhd olunub. Siz gedib Nardaranda qəbirstanlıqlara baxsanız görəcəksiniz ki, bir nəfərin qarşısında “şəhid” sözünü yazıblar. Kimdir o? 2002-ci ildə polislə vuruşanda həyatını itirmiş adamlardan biridir. Dəfələrlə Bakı şəhəri İcra hakimiyyəti , baş nazir müavini və digər insanlar ora göndərildi. Dövlət düşündü ki, onları normal həyata qaytarmaq olar. Nardaranlıların dini inancı bu qədərmi böyükdür? Məscidi siyasi partiya qərargahına çevirəndə sabah oradan İŞİD törəyəcək. Bəzi qüvvələr deyirlər ki, guya dövlət Nardanı lokal ərazi kimi Qərbi şantaj etmək üçün saxlayıb ki, demokratiya və insan haqları mövzusunda üzərimizə basqı ilə gələndə Nardaranı alternativ göstərəcək. Bu fikrin heç bir əsası yoxdur. Azərbaycanda mədəni, sivil quruluşa malik olan insanların sayı milyonlarladır. Yəni, bu ölkə min illərlə dini inancını yaşayıbsa, da bunu ictimai həyatına qatmayıb.Azərbaycanda din dövləti qurmaq üçün gərək o insanları məhv edəsən. Dövlət sivil quruluş alətləri ilə Nardarandakı insanları özünə qaytarmağa çalışdı, amma alınmadı. Və son illər Nardaranda Tale Bağırzadə peyda oldu. Düşünürəm ki, ölkədə olan inanc yerlərinə, ziyarətgahlara, pirlərə yığılan vəsaitlərin monitorinqi olmalıdır. Nardaranın dini seperatizm məkanından çıxması hamının xeyrinədir. Düşünün ki, bizim siyasi müxalif kəsim zəiflədiyinə görə informasiya vasitələri Tale Bağırzadəni tirajladılar və ona ideya dəstəyi verdilər. Eyni zamanda, Aşura mərasimləri ilə bağlı Nardaran insanları deyil, bizim siyasi müxalif kəsim qan ağlayır,esse və matəm ruhlu yazılar yazırdılar. Bu artıq siyasətin məhək daşlarının çökməsi idi.

Zahid Oruc: “Düşünürdülər ki, Nardaranı özlərinə cəlb edib hakimiyyətlə toqquşducaqlar və iqtidar uğrunda mübarizədə yolu dindarlar açacaq”

- Yəni Nardaranda özlərinə inam qazanmaq üçün onlara dəstək verirdilər?

- Eynən. Məsələn, mən Əli Kərimlinin bir neçə statusunun məhz bu mövzuya yönəldiyini görmüşəm. Onlar düşünürdülər ki, partiyalar zəifləyəndə din hərəkat kimi meydana çıxacaq. Düşünürdülər ki, Nardaranı özlərinə cəlb edib hakimiyyətlə toqquşducaqlar və iqtidar uğrunda mübarizədə yolu dindarlar açacaq. Ona görə də bunlar İmam Hüseyn (ə) üçün yox, özləri üçün ağlayırlar.

- Bir çox ziyalılarımız kimi sizdə təyyarə krizində Rusiyanın tərəfini tutdunuz. Rusiyanın Ukraynada və Suriyada etdiklərinə haqq qazandırırsınız?

- 1990-cı ildən başlayaraq, Azərbaycanın siyasi palitrasında çox maraqlı tendesiyalar gedir. O dövrdə anti-Rusiya mövqeyi tutanlar indi tamamilə Türkiyə tərəfə keçiblər. Hətta bir qismi Türkiyədə özlərinə yaşayış məkanları seçiblər və oradan Azərbaycan siyasətçilərini təftiş edirlər, qiymət verirlər. Sanki insanlar Türkiyəyə olan münasibətlərini onların müdafiə etdiyi o qüvvələrin icazəsi ilə qurmalıdırlar. Bu gün Rusiyanın hansısa addımına müsbət mövqe göstərmək cəmiyyət içərisində bir damğa ilə ləkələnməyə səbəb olur. Ona görə də Azərbaycan insanı və siyasətçisi normal olaraq ölkə mənafeyininə uyğun olan mövqeni göstərməkdən uzaq durur. Rusiyanın tarix boyu Azərbaycan əleyhinə həyata keçirdiyi məlum işğallar, seperatizmin müdafiə olunması və Qarabağla Bakını əldə saxlamağa çalışması hər zaman pislənəcək keçmişdir. Ancaq türkçülüyə olan münasibət meydan eyforiyasına söykənməməlidir.

Siyasət real həyat hadisəsidir. Bu sadəcə mənəvi istəklərlə, arzularla qurulmur. Burada simpatiyalar və antipatiyalar rol oynamır. Biz dərk etməliyik ki, Rusiya ilə qonşuyuq. Bu ölkənin böyük imkanları var. Rusiyada xeyli soydaşımız yaşayır, siyasi-iqtisadi münasibətlərimiz xeyli dərindir. Azərbaycan Rusiya ilə hərbi əlaqələrini genişləndirməklə Ermənistanın Rusiyanın əli ilə bizə zərbə vurmaq cəhdlərini də xeyli neytrallaşdırıb. Digər tərəfdən, Türkiyə bizim üçün əvəzolunmaz ölkədir. Qardaş dövlətdir, strateji mütəffiqdir. Son illərdə Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması fonunda Azərbaycan ciddi diplomatik uğurlar əldə edirdi. Hərbi sahədə də Türkiyə ilə ciddi əməkdaşlıq yaranmışdı və Türkiyə yaxşı münasibətləri olan Rusiya bütün bunlara dözümlə yanaşırdı.

Türkiyə Cənubi Qafqazda aktiv oyunçu halına gəlmişdi. Tarixdə 12-13 dəfə Rusiya-Türkiyə müharibələri olub və bunun əksəriyyətini də Rusiya qazanıb. Ancaq bunun bizə nə faydası olub? İndiki şəraitdə Türkiyə- Rusyia qarşıdurması bizə nə verəcək? Bu qarşıdurmadan ancaq ziyan çəkəcəyik. Ermənistan isə maksimum şəkildə bu qarşıdurmadan yararlanmağa çalışacaq. Rusiya ilə Türkiyə arasında müharibə olanda biz həmişə itirmişik. İndi bəziləri deyir ki, Rusiya-Türkiyə gərginliyi fonunda qida və ərzaq məhsullarını Rusiyaya ixrac edə bilərik. Yükdaşımalar ancaq bizim üzərimizdən gedəcək. Xeyr, bu belə olmayacaq.

- Bəs necə olacaq?

- Rusiya-Türkiyə münasibətləri bundan da artıq pisləşsə, onun ziyanının bir tərəfi də mütləq bizə gəlib çatacaq. Bu illər ərzində Azərbaycan o toqquşmalardan yan keçməklə özünün marağını qoruya bilirdi. Sabah Türkiyənin burda təyyarəsi uçanda onun on qat artığını da Qarabağda Rusiya ermənilərin əli ilə edəndə bu bizim ziyanımıza olacaq. Bu bizi düşündürməlidir. Ona görə yox ki, Türkiyə bizə kömək etməyəcək,lakin tarixən qazılmış döyüş səngərlərində artıq ermənilər və ruslar birgədilər. Ancaq bu gün hadisələrin bu şəkildə cərəyan etməsi fonunda Azərbaycan özünü Rusiya -Türkiyə savaşında provakasiya edən tərəf kimi göstərməklə, özünə ziyanlar gətirəcək. Mən Türkiyənin Rusiyadan üzr istəməyini də qəbul etmirəm.Vaxtilə imperiya dövləti olmuş Türkiyə bu gün Yaxın Şərqə, Qafqazlara, Asiya qitəsinə çıxacaq mühüm bir mərkəz halına gəlib və maraqlarının qarşısında Qərb dayanır. Eləcə də, bu Rusiyaya aiddir. Rusiya SSRİ-nin mirasına sahib durub, amma SSRİ-nin siyasi uğurunu təkrarlaya bilmir. Avrasiya İqtisadi Birliyi qurub, amma ona məhdud sayda ölkələr qoşulub. Ortada Türkiyə ilə də uğurlu əməkdaşlıq vardı və bu iki xalq arasında son 500 il müddətində qurulmuş ən uğurlu əlaqələr idi. İndi yenə hər şey köhnə məcrasına dönür. Bəs Avropa Birliyi Türkiyəni qəbul edirmi?

Türkiyə qəzetlərində yazıblar ki, “Birlik yenidən şərtlərini gətirir”. 87 şərtdən cəmi 17-18-ni ratifikasiyadan keçirə biliblər. Amma indi Rusiya ilə savaş ortamı yaradılıb, iki ölkəni toqquşdururlar və qazanclı tərəf onlar olacaq. Tarix boyu bu belə olub. Avropa həmişə bu iki dövlətlərin savaşından mənafe əldə ediblər. Suriyaya gəlincə, o ölkə “nifaq alması”na dönüb. Türkiyənin maraqları başa düşüləndir, orada təkcə türkmən amili yoxdur. Türkiyə Suriyada təsir zonalarına ayrılan maraqlarını Qərbdən çox, Rusiya ilə daha rahat həyata keçirə bilərdi. Amma bütün bu imkanların üzərindən xətt çəkili. Qərb İraqda Türkiyəyə nəyi verdi?! Heç bir şey. Yenə də elə olacaq.

- Bəs Rusiya nə etdi? Suriya məsələsində İsraillə razılaşdı, Türkiyəni isə heç saymadı.

-Əslində Bəşər Əsədin hakimiyyətdə saxlanılması üzərində qurulan bu proses Yaxın Şərqə ixrac olunan xaos siyasətidir. Yəni, 2011-ci ildə Bəşər Əsəd İran, Rusiya və həmçinin Suriya qazını elə Suriya vasitəsilə Qərbə çıxaracağına dair qol çəkmişdi. Amma alternativ təkliflər meydana çıxdı. Qərb dedi ki, bunu Qətər vasitəsilə etməlisən, Bəşər Əsəd buna getmədi. Bu vəziyyətdə Talibanın böyük terror qruplarını İraqdan Suriyaya transfer etdilər.


Zahid Oruc: “Problem ondan ibarətdir ki, Rusiya imperiyaya malik olmuş dövlət kimi Yaxın Şərqdə olan payını istəyir”.

Altını çizərək bunu demək istəyirəm ki, terror, xaos şəraitində, hakimiyyətsizlikdə inkişaf edir. İraq xalqı bu şəkildə Səddam Hüseyn dövründə qırılmayıb. 10 gün bundan öncə Böyük Britaniyanın parlamentində Xarici İşlər naziri bildirdi ki, Suriya problemini həll edəcək cəmi 1 nəfər var. Bu şəxs Putindir. O,sadəcə Əsədə zəng vurub, getməyini istəsə Əsəd gedəcək. Bu belədirsə, onda Rusiyaya qarşı bu isteriya nədəndir? Doğrudanmı bu şərtlərlə Bəşər Əsəddən sonra Yaxın Şərqə sülh və əmin-amanlıq gələcək? İraqda Səddam Hüseyndən sonra gəlmədi axı.

- Sadəcə Rusiya Yaxın Şərqdə olan bütün dayaqlarını itərəcək...

- Rusiyaya qədər həmin qüvvələrin hamısı Suriyada öz maraqlarını sürdürməkdə idilər. Türkiyənin Suriyanı Rusiya ilə birgə öz nüfuz dairəsində bölməyi bunu Qərblə etməsindən daha əlverişli idi. Sizcə, İŞİD kimdir? İŞİD Talibandan qopmuş qüvvələr, Səddamın hakimiyyətdən qovulmuş generalları və sünni cihadçılar, Qərbdən və Şərqdən qara bayrağın altında cihad savaşına qoşulmuş ekstremistlərdən ibarətdir. Onların konkret dini mənsubiyyətləri də yoxdur. Bu əslində Samuel Hantingtonun məşhur “Sivilizasiyaların toqquşması” nəzəriyyəsidir. Ancaq Berlin divarı sökülsə də, bu gün dinlər arasında böyük divar çəkilib. Amerika silahı İŞİD-in əlində deyilmi?

Mən hələ Bəşər Əsədə qarşı vuruşan Suriya xalqını görməmişəm. Suriyanı on milyonlarla insan tərk edir, amma Bəşər Əsədə qarşı onlarla qruplaşma savaşır. Kimdir bu qruplaşmalar? Suriya xalqını təmsil edirlərmi? Halbuki xalqın gücündən böyük heçnə yoxdur. Orada vuruşanların hamısı xaricdən gətirilmiş muzdlulardır. Əslində NATO-nun, Qərbin əli ilə devirilmiş prezidentlərinin əvəzində terrorçular yetişdirilir. Bəşər Əsədin getməyi ilə məsələ həll olunmur. Problm ondan ibarətdir ki, Rusiya imperiyaya malik olmuş dövlət kimi Yaxın Şərqdə olan payını istəyir.Bu da həzm olunmur.

- Azərbaycanın müstəqilliyinə dair təhlükəni Qərbdən görürsünüz, yoxsa Rusiyadan?

- Mən on illər ərzində Azərbaycanı NATO-da təmsil etmişəm. Qərbin beyin mərkəzlərini, siyasi institutları və iş prinsiplərinə bələdəm. Generallarının çoxu ilə söhbət etmişəm. Qərbin bizə nələr verə biləcəyini təxmini bilirəm. Biz bu gün Qərbin siyasi, iqtisadi, başqa xarakterli layihələrində yer almalıyıq və yer alırıq. Qərbdə üz çevirmək qətiyyən olmaz. Həmin ölkələrin texnoloji müasirliyi, gücü, infrastrukturu, səhiyyə imkanları, qanunçuluqları həsəd aparılacaq səviyyədədir və bütün bunları Azərbaycana gətirməliyik. Amma Qərb daxildə nə qədər cazibədardısa, beynəlxalq siyasətdə bir o qədər möhtəkirdir.Amerika Əfqanıstan, Liviya, Suriya, İraqda uddumu? da ortadadır.İndiki dövrün sualı budur-növbəti qurban hansı ölkə olacaq? Bu xaos nəzəriyyəsidir. Çünki dünyada əhali artıb. Onlar deyirlər ki, yeyən ağızlar artıb. Dünyada cəmi 1 milyard əhali qalmalıdır. Ona görə də Azərbaycan ancaq öz maraqlarının keşiyində durmalıdır. Bu Rusiya ilə də normal münasibətlər tələb edir. Eyforiya dövrümüz artıq keçib. Qərbdə bizi yüz il əvvələ indeksləndiyimizə görə qınayırlar. Qərb ölkələri böyük ustalıqla ayrı-ayrı qurbanlar seçirlər və Rusiya ilə döyüşdürürlər.

- Bəs çıxış yolu nədir?

Çıxış yolu ondan ibarətdir ki, Azərbaycan daxildə ədalətini gücləndirməli,vətəndaş haqqlarının daha yüksək təminatına nail olmalı, vətəndaş-dövlət arasında oynayan qüvvələrə zərbə vurmalı, qanunçuluğu bərqərar etməli, iqtisadiyyatı şaxələndirməli və liberallaşma gücləndirilməlidir. Dövlət daxildə güclü olanda dini və etnik seperatizm bir iş görə bilməyəcək. Ən böyük anti-rus çeçen lideri Cövhər Dudayev idi. Ancaq o ömrünün sonuna yaxın müsahibəsində demişdi ki, “deyəsən biz Qərbin böyük layihəsində kiçik piyadalarıq. Bizi Rusiya ilə döyüşdürüb, öz maraqlarını sürdürürlər”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net