Ana Sayfa > Ölkə > Baş Prokuror: “Azərbaycan Ordusu cəbhədə irəlilədikcə Ermənistan tərəfindən dinc əhaliyə qarşı bu kimi terror aktları törədilir”

Baş Prokuror: “Azərbaycan Ordusu cəbhədə irəlilədikcə Ermənistan tərəfindən dinc əhaliyə qarşı bu kimi terror aktları törədilir”


29-10-2020, 12:13. Yazar: admin
Baş Prokuror: “Azərbaycan Ordusu cəbhədə irəlilədikcə Ermənistan tərəfindən dinc əhaliyə qarşı bu kimi terror aktları törədilir”
“Azərbaycan xalqına qarşı növbəti cinayət törədilib”.

APA-nın yerli müxbirinin məlumatına görə, Baş Prokuror Kamran Əliyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

Baş Prokuror deyib ki, bu cinayət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı əsasında törədilib: “Bir daha tam məsuliyyətlə qeyd edirəm ki, bu, Azərbaycanın döyüş bölgəsində uğurları ilə bağlıdır. Biz artıq təhlil, müqayisə aparmışıq. Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, Ermənistan silahlı birləşmələrinə zərbələr endirdikcə, daim Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu kimi göstərişlər verilir və dinc əhaliyə qarşı bu kimi terror aktları törədilir ”

K. Əliyev qeyd edib ki, baş verənlərlə bağlı təbii olaraq cinayət işi başlanıb: “İstintaq-əməliyyat qrupu dünəndən Bərdə şəhərində işləyir, zəruri olan bütün sübutlar toplanır və toplanılacaq. Tam məsuliyyəti ilə deyirəm ki, dünyada, tarixdə heç vaxt belə cinayətlər törədən şəxslər məsuliyyətdən qaça bilməyiblər və qaça da bilməyəcəklər. Yaxın zamanlara da baxsaq, görərik ki, dünyanın hər yerində bəşəriyyətə, insanlıq əleyhinə, mülki əhaliyə qarşı bu kimi cinayətlər törədən şəxslər son nəticədə məsuliyyətə cəlb ediliblər. Biz də tərəfimizdən lazım olan bütün tədbirləri görəcəyik. Amma bu cinayətin hüquqi tərəfindən başqa mənəvi bir tərəfi də var. Mənəvi tərəfi odur ki, Ermənistan rəhbərliyinin bundan sonra hakimiyyətdə olmağa hansı haqqı var? Uşaqlara, qadınlara qarşı belə cinayət törədilib. Dünən Bərdədə 21 nəfər dünyasını itirib, onların hamısı qadınlar, ahıl, yaşlı insanlardır. Yaralananlar içərisində çoxlu azyaşlı uşaq da var. Ondan bir gün qabaq da Bərdənin Qarayusifli kəndində 5 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Həmin terror aktı zamanı həlak olanlardan biri də 7 yaşlı qızcığazdır. Hesab edirəm ki, bundan sonra Ermənistan rəhbərliyinin, şəxsən Paşinyanın hakimiyyətdə qalmağa heç bir mənəvi haqqı yoxdur. Əminəm ki, bu məsələ də gec-tez həllini tapacaq”.

Baş Prokuror vurğulayıb ki, Bərdə Azərbaycanın qədim diyarıdır: “Azərbaycanı hər bir diyarı gözəldir, hər birinin özünəməxsusluğu var. Bərdə öz tarixi, mədəniyyəti, qədimiliyi, özünəməxsusluğu ilə Gəncə kimi Azərbaycanda seçilən bir rayondur. Bərdə camaatı çox mərddir. Heç bir şübhəm yoxdur ki, bu insanlar Prezident İlham Əliyev ətrafında sıx birləşəcək və bu hadisəni çox soyuqqanlılıqla qəbul edəcəklər. Bu hadisələr Azərbaycan xalqını daha da möhkəmləndirir, daha da mətin edir”.


Geri dön