Ana Sayfa > Ölkə > Noyabrda təkrar seçkilər keçirilə bilər... - Gözlənti

Noyabrda təkrar seçkilər keçirilə bilər... - Gözlənti


12-08-2020, 11:05. Yazar: admin
Noyabrda təkrar seçkilər keçirilə bilər... - Gözlənti

Ötən həftə Azərbaycan Ağsaqqallar Şurasının sədri, 116 saylı Qəbələ seçki dairəsinin deputatı, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatı ilə qanunverici orqanda boş qalan yerlərin sayı 5-ə yüksəldi. Bundan öncə 9 fevralda keçirilən parlament seçkilərindən sonra 33 və 35 saylı Xətai, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv olunmuşdu.

Hazırda 200 mindən çox seçici deputatsız qalıb. Boş qalan dairələrdə seçkilərin nə zaman baş tutacağı məlum deyil. Hətta bu prosesin baş tuta bilməyəcəyi ehtimalları da meydana çıxıb. Bu da təsadüfi deyil.

Çünki hakimiyyət dəhlizlərində bu barədə “pıçıltı” belə eşidilmir. Çoxları koronavirusun seçkiləri ləngitdiyini, ən azından 5 dairənin bu il deputatsız qalacağını düşünür.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev nəticələri ləğv edilən qonşu dairənin problemlərini də qarşıladığını söylədi və seçkilərin keçirilməsinin vacibliyini vurğuladı: “Mənə elə gəlir ki, boş qalan yerlərə seçkilər keçirilsə, çox yaxşı olardı. Hal-hazırda mən 79 saylı seçki dairəsində olan seçicilərin problemləri ilə yanaşı, həm də 80-ci dairədə olan seçicilərin problemləri ilə məşğul olmalı oluram. Bu isə üst-üstə 90 min seçici deməkdir. Bunun qarşısında dayanmaq çox çətin bir məsələdir. Onun üçün də çox yaxşı olardı ki, boş qalan bütün dairələr üzrə seçkilər keçirilsin və orada olan vətəndaşlar öz deputatlarına problemləri ilə bağlı müraciət edə bilsinlər. Nəticədə problemləri də həll edilmiş olsun. Çünki hər bir deputatın üzərinə bildiyim qədəri ilə 35-50 min seçici düşür. Bu seçicilərin demək olar ki, 50-60 faizi deputatın seçildiyi müddət ərzində ona müraciət edir. Hətta elə dairələr var ki, 80 faiz müraciətlər olur. Bunun üçün də həmin dairələr üzrə seçkilərin keçirilməsi vacibdir ki, biz də yolumuza 125 deputatla davam edək”.

Azərbaycan müxalifətinin 5 deputat yerinə marağın olub-olmaması, eləcə də, seçkilər olarsa, iştirak edib-etməyəcəkləri ilə maraqlandıq.

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, tez bir zamanda bu seçkilər keçirilməlidir: “Əslində ləğv olunmuş dairələr üzrə parlamentdə boş qalmış yerlərə seçkilər çoxdan keçirilməli idi. Lakin müxalifət olaraq biz də qəbul edirik ki, pandemiya ilə əlaqədar bu məsələ də təxirə salınıb. Ancaq bu o demək deyil ki, boş qalmış yerlərə seçkilər keçirilməsin. Çünki zatən biz belə hesab edirik ki, 10 milyonluq əhali üçün 125 millət vəkili sayı çox azdır. Hələ buna rəğmən də 125 yerin bu və ya digər səbəbdən 5-i hələ də boşdursa, görün vəziyyət nə qədər acınacaqlıdır. 5 dairə üzrə seçicilərin ümumi sayı iki yüz min nəfərdən çox edir. Bu da iki yüz mindən artıq vətəndaşın sözünün və mövqeyinin parlamentdə təmsil edilməməsi deməkdir. Düşünürəm ki, tez bir zamanda bu yerlərə seçkilər keçirilməlidir. Pandemiya dönəmində seçki keçirilməsi nümunələri də kifayət qədər mövcuddur. Yəni o dövlətlərin praktikasından yararlanmaq da olar. Biz AĞ Partiya olaraq belə hesab edirik ki, bu beş yer üzrə müxalifət nümayəndələri parlamentdə təmsil olunsa daha məqsədəuyğun olar. Heç olmasa ən az sayla belə olsa qanunverici bir orqanda müxalifət partiyaları olmalıdır. Bu demokratik cəmiyyət quruculuğu istiqamətində ilkin addım sayıla bilər. AĞ Partiya olaraq biz təklif edirik ki, keçiriləcək boş yerlərə seçkilərdə nə YAP, nə də onun dəstəklədiyi hansısa namizədlər iştirak etsinlər. Eyni zamanda bu dairələrdə keçiriləcək seçkilər demokratik və azad şəkildə keçirilməlidir ki, demokratiya hansısa formada təcəllə olunsun”.

ALDP rəhbəri Fuad Əliyev: “Hesab edirəm ki, hər şey hakimiyyətin mövqeyindən asılıdır. Qərarı dövlət başçısı verir. Keçən parlamentdə bir neçə yer boş qalmışdı. Amma seçkilər keçirilmədi. Ola bilər ki, bu dəfə də belə olsun. Bizlər seçkilərdə iştirakın tərəfdarıyıq. Seçkilərin keçirilməsinə qərar versələr, biz də öz qərarımızı verəcəyik. İndi 200 min seçicinin problemlərini Milli Məclisdə qaldıran deputat yoxdur. Ona görə də, biz hələ 2002-ci ildən proporsional seçki sisteminin ləğvinə yox demişik. İllər boyu bu sistemin bərpasını istəmişik. Bir neçə dəfə bununla bağlı kampaniya da aparmışıq. Proporsional seçki sistemində boş qalan deputat yerini digər namizədlə əvəz etmək olur. Yəni siyahıda seçilən deputatdan sonra olan namizəd onun yerinə keçir. Yəqin ki, yaxın gələcəkdə proporsional seçki sistemi bərpa olacaq. ALDP olaraq, seçkilərin yüz faiz bu sistemlə keçirilməsinin tərəfdarıyıq”.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli diqqətçəkən ehtimallar irəli sürdü: “Təkrar seçkilərin vaxtı hələ bilinmir. Amma olacaq. Ehtimal edirəm ki, təqribən bu ilin noyabrında seçkilər keçiriləcək. Hətta 5 dairə yox, məncə daha çox dairələr üzrə seçkilər olacaq. Ola bilər ki, bir neçə dairə də ləğv olunsun. Keçiriləcək təkrar seçkilərdə iştirak etməyi düşünürük. Sadəcə hansı dairələrdə olacaq, əlavə dairələr olacaqmı, strategiyamız bundan çox asılı olacaq. Boşalan dairələrdə REAL-ın öz namizədləri ilə iştirak etmək fikri var”.
“Yeni Müsavat”

Geri dön