Kərəm Həsənov hakimiyyətə qarşı pul xərcləyib
Tarix: 6-11-2015, 10:08 | Çap et
Kərəm Həsənov hakimiyyətə qarşı pul xərcləyib
Ötən günlərdə xəbər vermişdik ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovla sabiq MTN şefini təkcə biznes və deputatlıq məsələləri deyil, həmçinin digər amillər də birləşdirir.

JAM.AZ-ın bununla bağlı apardığı araşdırmalar nəticəsində məlum olub ki, Kərəm Həsənovu Eldar Mahmudova bağlayan bir başqa mətləb də müxalifət özləri üçün xüsusi qruplar saxlamaqdan ibarətdir. Belə ki, bu işin planını sabiq nazir cızsa da, işin maliyyə tərəfini məhz komitə sədri həyata keçirib.

İndi isə işin təfsilatına keçək. Bir xeyli əvvəl yuxarıda qeyd etdiyimiz plana əsasən ölkənin ən aparıcı siyasi partiyalarından birinə yanaşan Kərəm Həsənov oradan özünə tərəfdaş tapır. Davud Məmmədov Meydan Hərəkatından gəlməklə yanaşı, siyasi fiqur olaraq da tanınırdı. Mahmudovun təlimatı əsasında Davud Məmmədovla anlaşan Həsənov onun bütün maliyyə məsələlərini üzərinə çəkir və şərait yaratmağa başlayır.

GAM.AZ-ın araşdırmalarına görə, Davud Məmmədov təmsil olunduğu partiyada yaxşı nüfuza malik olub. Üstəlik, komitə sədrinin ona verdiyi pulları həmin partiyada özünə tərəfdaş toplamaq üçün xərcləməyə başlayıb. Etibarlı mənbədən aldığımız məlumata görə, partiya funksionerinin əsas missiyası bu tərəfdaşları başına yığaraq, onların zərurət olduğu təqdirdə imkanlarından istifadə etməkdən ibarət olub. Burada «zəruri hal» heç də həmin partiyanı parçalamaq anlamına gəlmir. Mənbə israrla bildirir ki, niyət məhz Kərəm Həsənov və ya Eldar Mahmudovun maraqlarına toxunulacağı təqdirdə etirazların təşkili və ya qarşıdurmalar yaratmaqdan ibarət olmalıymış.

Məsələn, Sabirabad hadisələri zamanı əhalini qızışdırıb ortaya atanların başında məhz Davud Məmmədov dayandığı deyilir. Üstəlik, bu, Eldar Mahmudova hava və su kimi lazım olduğu bir məqamda baş verib. Məqsəd həmin aksiyanı aradan qaldırmaqla yuxarıların yanında etimad qazanmaq olub. Amma bu etirazlar necə təşkil olunub? JAM.AZ-ın araşdırmalarına görə, həmin vaxt rayonda etiraz edənləri qızışdırıb, küçələrə çıxaranlardan biri elə Davud Məmmədovun atası Zabulla kişi olub. Amma Zabulla Məmmədov həm də Kərəm Həsənovun verdiyi pulları etirazçılara çatdırmaqla məşğul olub.

Hadisənin təfsilatından belə anlaşılır ki, Eldar Mahmudov və Kərəm Həsənov Aran bölgəsində ciddi etiraz dalğası yaratmaq üçün həm pul, həm də güc sərf ediblər. Nəticədə isə qazanan camaat deyil, bu iki məmur olub.

JAM.AZ-ın araşdırmalarına görə, hadisələrin gedişatı Davud Məmmədov üçün heç də uğurlu olmayıb. Bir müddət sonra həmin partiyanın rəhbərliyi məsələdən xəbər tutaraq, onunla yollarını ayırmaq məcburiyyətində qalır. Amma Kərəm Həsənov Davud Məmmədovu sahibsiz buraxmır. Onu əvvəlcə 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsində işə götürür. Ardından isə özünün bütün biznesinin mühasibatlığını ona həvalə edir.

Mənbə bildirir ki, Kərəm Həsənov Davud Məmmədovu əvvəlcə DYP-nin keçmiş binasının yerində inşa edilmiş binanın altındakı hipermarketin mühasibatlığını tapşırır. Ardından isə Qələbə Meydanının yanındakı məşhur «Baku Mall» Ticarət Mərkəzinin də mühasibatlığını ona tapşırır.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Davud Məmmədov hal hazırda Kərəm Həsənovun ən etibarlı kadrlarından biri sayılır və bütün biznesin buxalteriyası da onun əlindədir. Vaxtıyla təmsil olunduğu partiyanın rəhbərliyi ilə münasibəti qalmasa da, üzvlərlə əlaqələrini saxlamaqda davam edir. Hətta onların bir çoxunu Kərəm Həsənovun obyektlərində işə düzəltməyə belə nail olub.

P.S. Növbəti araşdırmamızda Kərəm Həsənovun dərman biznesində də olan qardaşının Akif Çovdarovla ortaq işləri barədə geniş məlumat verəcəyik. Qarşı tərəfi dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net