QSC sədrinin təəssüf doğuran seçki təbliğatı
Tarix: 16-10-2015, 09:44 | Çap et
QSC sədrinin təəssüf doğuran seçki təbliğatı
123 saylı Kəlbəcər rayon seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürmüş Cavid Qurbanov təbliğat-təşviqat kampaniyasına başladığından o, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri səlahiyyətlərini yetərincə icra edə bilmir. Səbəb isə qeyd etdiyimiz kimi, onun təbliğat-təşviqat kampaniyasına start verməsidir.
Məlumata görə, QSC sədri Bakıdakı bəzi mühüm işlərini kənara qoyaraq əsas diqqətini seçki təbliğatına yönəldib. Belə kampaniya çərçivəsində növbəti görüş Goranboy rayonun EKO qəsəbəsində məskunlaşımış Kəlbəcər rayon sakinləri və rayon səhiyyə işçiləri ilə olub. Aylarla Goranboy rayonun EKO qəsəbəsində məskunlaşımış Kəlbəcər rayon sakinlərinə baş çəkməyən Cavid Qurbanov və onun tərəfdarları indi həmin ailələri yada salıblar.
Məqsəd heç də onların üzləşdikləri problemlərlə maraqlanmaq yox, təbliğatını aparmaqdır. Ki, aylarla maraqlanmadığı Kəlbəcər rayon sakinləri seçki günü ona səs versinlər. Cavid Qurbanovun seçki taktikası təkcə bununla yekunlaşmır. O, mediada özünü geniş təbliğ edir. QSC sədri özünə yaxın saytlarda və qəzetlərdə seçki təbliğatını aparmağa başlayıb.
Cavid Qurbanovun hansı fəndlərdən yararlandığını görmək üçün QSC sədrinin mətbuatdakı təbliğat materialından sitata diqqət etmək kifayətdir. Çıxış edən natiqlərdən biri ölkə başçısının məcburi köçkünlərin yaşam şəraitinin yaxşılaşdırılması üçün gördüyü işlərə diqqət yetirib, Cavid Qurbanovun ölkə başçısının siyasətini əməli baxımdan dəstəklədiyini vurğulayıb: “Kəlbəcərlilərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yaşayış evləri tikilib istifadəyə verilmişdir. Keçən bu on il ərzində millət vəkili kimi Cavid Qurbanov dövlətimizin və dövlət başçımız cənab İlham Əliyevin yorulmaz səyləri nəticəsində soydaşlarımızın qarşılaşdıqları sosial problemlərinin, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, təhsil, səhiyyə və digər infrastruktur obyektlərinin təmir və inşasına və sair sahələrə köməklik edilməsinə qismən də olsa həllinə çalışıb.
Yeni məktəb binaları tikilmiş və təmir edilmiş avadanlıqlarla təmin edilərək müəllimlərin və şagirdlərin istifadəsinə verilmişdir. Kəlbəcər rayon Uşaq İncəsənət məktəbi üçün yeni sinif otaqları tikilmiş və avadanlıqlarla təmin edilmişdir. 30-dan artıq artezian quyusu qazılmış və 35-dən artıq xeyir-şər obyekti tikilmiş və avadanlıqlarla təmin edilmişdir”. Sonu “misdir”, “muşdur”la bitən cümlələr Cavid Qurbanovun mətbuata yerləşdirdiyi materialın əvvəlcədən kimlərinsə tərəfindən yazıldığını göstərir. Axı hansı natiq qeyri-rəsmi tədbirdə “misdir”, “muşdur”la danışır”. Bütün bunlar bir yana, Cavid Qurbanovun seçki təbliğatına cəlb etdiyi şəxslər dövlətimiz tərəfindən görülən işləri QSC sədrinin adına yazırlar.
Təhsil şöbəsinin müdiri ölkə təhsilinin inkişaf yolundan söz açıb, millət vəkili Cavid Qurbanovun da rayon təhsilinin inkişafındakı xidmətlərinə toxunub: “Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi, parçalanmaq təhlükəsindən qurtardı, cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev xüsusi diqqət göstərir. Cavid Qurbanov Kəlbəcər təhsili üçün də əlindən gələni əsirgəməyib. Bu sahənin inkişafı üçün millət vəkili kimi bütün imkanlarını səfərbər edir. Hər bir kəlbəcərlini seçkilərdə Cavid Qurbanova səs verməyə çağırıram”.
Ondan artıq sözdən ibarət uzun cümlələrdən ibarət çıxışlar bu mətnlərin əvvəlcədən hazırlandığını göstərir. Üstəlik bunların Cavid Qurbanova yaxın mətbu orqanlarda yerləşdirilməsi QSC sədrinin özünəməxsus seçki taktikasından istifadə etdiyini göstərir. Bu arada digər maraqlı faktlara da toxunmaq yerinə düşür. Bu, Cavid Qurbanovun müxalif mediadan öz məqsədləri üçün yararlanmasıdır.
Belə ki, QSC sədri daim hökuməti tənqid edən, müxalifətə yaxın mediada özünün təbliğatını qurub. Bu, Cavid Qurbanovun həm də müxalifətə yaxın media ilə əlaqələrindən xəbər verir. Üstəlik, QSC sədri bu istiqamətdə digər fəndlərdən də yararlanır: “Kəlbəcər Ziyalılar Cəmiyyətinin toplantısı keçirilib. Yığıncaqda cəmiyyət üzvləri 1 noyabr parlament seçkiləri ilə bağlı müzakirələr keçirib, Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürən şəxslərlə bağlı fikir mübadiləsi aparılıb. Toplantının sonunda cəmiyyətin Kəlbəcər əhalisinə müraciəti qəbul olunub. Sənəddə deyilir: “22 ildən artıqdır erməni işğalı nəticəsində yurd-yuvasından məcburi köçkün düşən kəlbəcərlilər Azərbaycanın 60-a yaxın rayonuna səpələnib. Son 10 ildə Cavid Qurbanov kəlbəcərliləri Mili Məclisdə yüksək səviyyədə təmsil edib. Bu səbəbdən bütün kəlbəcərliləri 1 noyabr parlament seçkisində Cavid Qurbanova səs verməyə çağırırıq”.
Sənədin ixtisarla təqdim etdiyimiz sənədindən də göründüyü kimi, bu, toplantıdan daha çox, Cavid Qurbanovun təbliğat materialıdır. O, öz təbliğatını kəlbəcərlilərin toplantıları ilə də aparır. Üstəlik müxalifətə yaxın qəzet və saytlar ilə. Müxalif mətbu orqanlara gen-bol yazılar ötürən QSC sədri nədənsə təbliğatını rəsmi mediada aparmır. Bütün bunlar həmin saytların və qəzetlərin Cavid Qurbanova yaxınlığını sübut edir.
Şübhəsiz ki, məsələnin içində sifarişi yazılar amili də var. Düşünürük ki, Cavid Qurbanovun müxalif media ilə əlaqələrini bundan yaxşı sübut edəcək faktlar ola bilməz. Rəsmi medianı qoyub müxalif mediaya əl uzadan QSC sədri təbliğatını tənqidi saytlarla aparır./Serhed.info/





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net