İmişli camaatı təslim: Vilyam Hacıyev rayonun dizini bükə bilib...
Tarix: 16-09-2015, 10:21 | Çap et
İmişli camaatı təslim: Vilyam Hacıyev rayonun dizini bükə bilib...
Hazırda bir sıra rayonlarda vəziyyət bərbad durumdadır. Bu isə rayona rəhbərlik edən icra başçılarının yarıtmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Problemlər məngənəsində çabalayan regionlardan biri də İmişlidir. İmişli rayon icra başçısı Vilyam Hacıyevin fəaliyyəti rayon camaatını razı salmır. İcra başçısı sakinlərin problemləriylə maraqlanmır.

Bu şəxs yalnız və yalnız öz maraqları üçün çalışır. Ona görə də rayonda sosial durum ürəkaçan deyil. Demək olar ki, rayon sakinləri icra başçısının əlindən təngə gəlib. Vilyam Hacıyevin vəzifədən getməsini tələb edən sakinlər bir sıra qurumlara müraciət ünvanlasalar da, heç bir nəticəsi olmayıb. Rayonda o qədər problem var ki, əhali dərdini kimə danışacağını bilmir. İmişlidəki işıq, qaz, su problemləri artıq sakinləri təngə gətirib. Elə kənd var ki, orada vəziyyət həddindən artıq pisdir. Xüsusilə soyuq aylarda kəndlərdə camaat elektrik, qaz üzünə həsrət qalırlar.

Vertikal.az-a rayondan verilən məlumata görə, rayonun kəndlərində sanki həyat olmur. Hətta yollar o qədər bərbad duruma düşür ki, qış aylarında kəndlilər rayona belə gələ bilmirlər. Camaat bu cür şəraitsiz durumda yaşamaqdan beziblər. Kənd sakinlərini soyuq aylarda odunla belə təmin etmirlər. Bütün bu kimi hallar isə rayonun icra başçısının vecinə də deyil. Vilyam Hacıyev bütün qurumlara öz adamlarını təyin edib. Ona görə də rayonda heç bir qurum vətəndaşları razı salacaq səviyyədə fəaliyyət göstərmir. Hacıyev bütün qohum-əqrəbasını rayondakı qurumlara təyin etməklə rayon camaatının vəziyyətini çətinləşdirib. Sanki bütün qurumlar söz veriblər ki, rayonun xeyrinə heç bir iş görməyəcəklər. Hamısı isə icra başçısının onların işinə olan nəzarətsizliyinin nəticəsidir. Qurumların əksəriyyəti icra başçısının maraqlarını təmin etdiyinə görə, Vilyam Hacıyev də onların işinə qarışmır. Ona görə də İmişlidə özbaşınalıq, məmur laqeydliyi, məsuliyyətsizliyi baş alıb gedir. Rayonda fəhləsindən tutmuş, məmuruna qədər heç kəs icra başçısının xəbəri olmadan bir addım da atmır. Mütləq hansısa iş görəndə icra başçısını görmək lazımdır. Mənbə bildirir ki, icra başçısından xəbərsiz hansısa iş görülsə, bədəli çox böyük olur. Sahibkarlar icra başçısının əlindən təngə gəliblər. Sahibkarlar hər ay icra başçısına şirinlik verməsələr, fəaliyyətlərinə dərhal son qoyula bilər.

Vilyam Hacıyev sanki rayon sakinlərinin axırına çıxmaq niyyətindədir. Etibarlı mənbələrin verdiyi məlumata görə, icra başçısı büdcədən ayrılmış vəsaitləri düzgün xərcləmədiyinə görə, rayonda həll olunmamış kifayət qədər problemlər var. Təmirə ehtiyacı olan lazımi qədər yol var. Qaz, su, elektrik enerjisi üzünə həsrət qalan kifayət qədər kənd var.

O, sakinləri isə ümumiyyətlə, saya salacaq qədər münasibət saxlamır. İcra başçısı qəbuluna gələn şikayətçiləri birtəhər başından edir ki, sabah ona hansısa irad bildirilməsin. Vəzifəyə gəlməmişdən öncə vətəndaşlara çoxlu vədlər verən icra başçısı vəzifəyə keçəndən sonra verdiyi vədləri yadından çıxardı.

Bundan başqa, işsizliyin səviyyəsi də dəhşətli həddədir. Bəzi insanların çörək dalıyca Rusiyaya getdiyi, bəzilərinin də rayonda qalaraq, güzəranlarını qurmağa çalışdıqlarını bildirən sakinlər deyirlər ki, durum hər gün pisləşir.

Sakinlərin sözlərinə görə, hal-hazırda rayonda hər şey icra strukturunda çalışanlara məxsusdur. Yəni daşı-daş üzərinə qoyduqda belə onların xəbəri olmalıdır. Əks təqdirdə, ya vergi müfəttişləri, ya polis, ya da başqa dövlət qurumlarının nümayəndələri gəlib, süni əngəllər yaradırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net