“Torqovıda qızları görüb hallana-hallana gəzirəm…” - Bu bir “Azərcell” xidmətidir
Tarix: 30-01-2017, 12:09 | Çap et
“Torqovıda qızları görüb hallana-hallana gəzirəm…” - Bu bir “Azərcell” xidmətidir
“Azərcell”in abunəçilərə “xidmət” tələsinə niyə son qoyulmur?

Bu, “Azərcell”in öz abunəçilərinə yükləməyi təklif etdiyi bayağı, yeniyetmələr üçün zərərli vərdişləri təlqin edən bir mahnının sözləridir. Şirkətin “online” formada göndərdiyi təklifə əlin çaşıb “Ok” düyməsinə dəysə, nə az-nə çox – 55 qəpiyindən olacaqsan. Üstəlik, “Türkiyədə Üzeyirin mahnısı üstündə dava… Oxumaq üçün “ok” seçin. Qiymət 0,24 AZN” kimi əttökən xəbərlərin axını nə sənə, nə də telefonuna dincəlməyə imkan verməyəcək.

“Azercell”in müştəri xidmətlərinə zəng vurduqda isə sənin “Simurq” xidmətinə qoşulduğunu deyib, üzünə dayanacaqlar. Və sən heç bir xidmətə qoşulmadığını sübut edə bilməyəcəksən… Bəxtin gətirsə, insaflı opretor çıxacaq qarşına, nömrəndə xidməti bağlayacaq. Gətirməsə isə bağlayacam desə də, mesaj axını dayanmayacaq.

“Torqovıda qızları görüb hallana-hallana gəzirəm…” - Bu bir “Azərcell” xidmətidir

“Azercell” abunəçilərinin narahatlığına səbəb olan digər reklam təklifləri müxtəlif tanışlıq çatlarına dəvətlə bağlıdır. Bu barədə redaksiyamıza müraciət edən yaşlı xanım telefonuna müxtəlif tanışlıq qruplarından dəvətlər gəldiyini, bunun qarşısını ala bilmədiyini deyir: “Müştəri xidmətlərinə zəng vururam, deyir, guya nə vaxtsa belə çatlardan birinə daxil olmuşam, nömrəmi ordan götürüblər. Mənim yaşımın hansı vaxtıdır ki, tanışlıq saytına girim? Evdə də elə cavan adam da yoxdur ki, kiminsə telefonumdan girməsindən şübhələnim. Mən heç interneti açmamışam nömrəmdə, necə girə bilərəm belə qruplara?”

Qeyd edək ki, tanışlıq qruplarına dəvət mesajlarına görə hətta gənc ailələrdə ciddi problemlərin yarandığına dair məlumatlar yayılmaqdadır. “Azərcell” isə bu problemin həll olunması üçün hansısa addım atmaq niyyətində deyil.
Əhalinin kasıblaşması ilə gəlirləri azalan “Azercell”, eləcə də digər mobil operatorlar başqa üsullarla itkilərini azaltmağa çalışırlar. Bu üsullardan biri də abunəçiləri az qala oğurluq yolla online oyun-əyləncə biznesinə qoşmaqdır. Qeyd edək ki, hazırda “Azercell” Azərbaycanda ən bahalı internet tarifi olan mobil operatordur. İstifadə olunan trafikə görə ödənişin yüksəkliyi bu operatorun müştərilərinin ən çox şikayətləndiyi məqamdır. Məsələn, “Azercell”dən pul verib alınan 1 Gb trafiklə digər operatorlarda olduğundan az qala 2-3 dəfə az həcmdə internetdən yararlanmaq mümkündür. Bahalıqla yanaşı, “Azercell” müştərilərinin sözün həqiqi mənasında soyulmasına şərait yaradır. Belə ki, interneti aktiv olan abunəçilər bir də onda ayılırlar ki, hansısa pullu oyun-əyləncə saytına daxil olublar(!?), üstəlik, o saytın təklif etdiyi hansısa xidmətin abunəçiliyini də qəbul ediblər və buna görə hər gün balanslarından xeyli vəsait silinir. Son zamanlar “Azercell” abunəçilərinin daha çox üzləşdiyi bu problem sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır. Məsələn, bu günlərdə Azad İstehlakçılar Birliyinin sədr Eyyub Hüseynovun paylaşdığı məlumatdan aydın olur ki, Emil İsmayılov adlı “Azərcell” abunəçisi (tel 0506446779) şirkət tərəfindən hüququnun pozulduğunu bildirib: “Ondan xəbərsiz olaraq telefonunu abunə xidmətinə qoşublar.”

Xatırladaq ki, bir neçə il əvvələdək mobil operatorlar müştəriləri reklam xarakterli SMS-lərlə bezdirmişdilər. Bu məsələ hətta Milli Məclisdə də geniş müzakirə olundu, məsələyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi də qarışdı. Hər iki nazirlik tərəfindən bezdirici reklam SMS-lərinin qarşısını almaq üçün “Telekommunikasiya haqqında” qanuna müvafiq dəyişiklik layihəsi də hazırlandı. Lakin hansısa qüvvələrin təsiri ilə o dəyişiklik heç müzakirəyə belə çıxarılmadı. Əvəzində 2015-ci ilin aprelində “Reklam haqqında” yeni qanun qəbul olunarkən ora mobil operator abunəçilərinin hüquqularının müdafiəsinə yönəlik 23.1-ci maddə daxil edildi.Həmin maddəyə görə, “Telekommunikasiya operatoru və provayderi reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Telekommunikasiya operatoru və provayderi abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçiyə yalnız arzuladığı reklamın yayımlanması üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya bu Qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.” Qanun prezident tərəfindən təsdiqlənib qüvvəyə minəndən sonra bezdirici reklamlar kəskin azalsa da, yerini internet və müxtəlif xidmətlərə abunə fırıldaqçılığı tutdu.

Son aylarda xüsusilə insanları narazı salan bu fırıldaqçılığı mobil operatorlar ölkə qanunvericiliyini pozmaqla bilavasitə təşviq etməkdədilər. Azərbaycanda ən çox abunəçisi olan “Azərcell” şirkəti də müştərilərinin haqlı narazılıqlarını hər dəfə bir bəhanə ilə qulaqardına vurmağa davam edir. Əldə etdiyimiz məlumata görə, RYTN və İN-in “Telekommunikasiya haqqında” qanunda etmək istədikləri dəyişikliklər mobil operatorların bu istiqamətdəki qanunsuzluqlarının da qarşısını almağa yönəlibmiş. Elə bu səbəbdən də onun qəbul olunmasına imkan verilməyib.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bezdirici SMS-lərdə olduğu kimi, müştərilərin özlərindən xəbərsiz internet oyun-əyləncə xidmətlərinə qoşulmasına şərait yaratmaqla mobil operatorlar ciddi qanunsuzluğa yol verirlər: “Mobil operatorların hər hansı 3-cü tərəfə müştərilərinin nömrələrini verməsi hər bir halda qanunsuzdur. Eyni zamanda vətəndaşın öz razılığı olmadan hansısa xidmətə abunə edilməsi də ciddi qanun pozuntusudur. Bu məsələdə bir məqam da var ki, bəzən vətəndaşlar özləri internetdə gəzişərkən hansısa saytlara daxil olub, səhvən hansısa xidmətə qoşula bilərlər. Bu zaman da vətəndaşa həmin xidmətdən imtina etmək imkanı verilməlidir – asan və sadə yolla.”

Mütəxəssis deyir ki, vətəndaşlar bu qanunsuzluğun qarşısını almaq üçün ilk növbədə nömrə alarkən diqqətli olmalıdılar: “Bir çox hallarda həmin müqavilələrə formal bir sənəd kimi baxılır. Lakin mobil operatorlar müqavilələrə müəyyən bəndlər daxil etməklə öz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırlar. Birtərəfli qaydada müştərinin zərərinə olan müddəaların müqaviləyə salınmasının özü də qanunsuzluqdur. Bu qanunsuz müddəaları məhkəmə yolu ilə asanlıqla ləğv etdirmək mümkündür.”

O.Gündüz hesab edir ki, ümumiyyətlə, rəqəmsal, digital, internet, telekommunikasiya sahəsində istehlakçıların hüquqlarının müdafiəsi sahəsində yetərli tədbirlər görülmür: “Çox təəssüf ki, İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların hüquqlarını qoruyan xidmətin, eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədəki çox böyük problemlərin həlli istiqamətində fəaliyyətini yetərli hesab etmək mümkün deyil. Halbuki hüquq pozuntuları kütləvi xarakter alıb, insanlar çox incidilir. Çox böyük cəzasızlıq mühiti var.”



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
06-10-2017 07:50
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net