Şəhid ailəsi qəzalı vəziyyətdə olan daxmada qalır - BİABIRÇILIQ
Tarix: 14-10-2016, 07:50 | Çap et
Şəhid ailəsi qəzalı vəziyyətdə olan daxmada qalır - BİABIRÇILIQ
Bu gün şəhid və məcburi köçkün ailələrinə dövlət qayğısı yüksək səviyyədədir. Lakin bu diqqət və qayğıdan kənarda qalanlar da var. Belə ailələrdən biri də Ağdam rayonundan məcburi köçkün düşmüş şəhid anası Zümrüd Şirinovanın ailəsidir.
Üzləşdiyi çətin vəziyyətlə bağlı şəhid anası ölkə başçısına və “Həftə içi”qəzetinə şikayət məktubu ünvanlayıb. Onun sözlərinə görə, Ağdam rayonunun Əlimədədli kənd sakinləridirlər: “Kiçik oğlum Qədir Aslan oğlu Şirinov Ağdam döyüşlərində qəhrəmanlıqla şəhid olub. Böyük oğlum Əli Şirinov Qarabağ döyüşlərində iştirak edib. Ağdamın işğalından sonra Bakı şəhərinə gəlmişik».
Şəhid anası bildirdi ki, 20 ilə yaxındır, Bakı şəhəri Sabunçu qəsəbəsi Nəsib Məmmədov küçəsi, 7-də fəaliyyət göstərən Bakı şəhər 67 saylı tam orta məktəbin gözətçi otağında, uçuq, kiçik bir daxmada oğlu Əli Şirinovun ailəsi ilə birlikdə məskunlaşıb. Ailə üzvlərinin sayı isə 8 nəfərdən ibarətdir.

Şəhid ailəsi qəzalı vəziyyətdə olan daxmada qalır - BİABIRÇILIQ

Şəhid ailəsinin məskulaşdığı ünvana baş çəkdik. İçi balaca və alçaq olan darısqal otaqlar, sanki keçmiş dövrdə tikilmiş türmələri xatırladırdı. Otağın heç bir pəncərəsi yoxdur. Hündürlüyü çox alçaq olduğundan, payızın bu soyuqlu-yağışlı havasında belə, nəfəs almaq mümkün deyil. Bina qəzalı vəziyyətdədir, hər tərəfi zibillə əhatələnmiş çöl divarı artıq uçmaq təhlükəsi ilə üzləşib.
Əli Aslan oğlu Şirinov dedi ki, 90 yaşlı anası xəstə olduğu üçün bu şəraitdə qala bilmir: «Ona görə də müvəqqəti olaraq rayona - qohumlarımızgilə aparmışıq. Evdə yaşamaq üçün heç bir şərait yoxdur. Otaqlar beton döşəmə olduğundan, böyrəklərimiz də cürüyüb. Otaqlar ilin bütün fəsli rütubət və nəmişlik içindədir. Yağış yağanda hər tərəfə qazan qoyuruq. Məcbur olub ərzaq məhsullarını, çörəyi göydən asırıq. Gecələr siçovullar bizi dişləyir. Bir sözlə, antisanitariya şəraitində yaşayırıq.
Kiçik bir təkan olsa, ev uçacaq. Ona görə də gecələr qorxudan yatmırıq, hər gün stress, həyəcan keçiririk. Aidiyyəti qurumlar gözləyirlər ki, ev başımıza uçsun. Bu evin 110 ildən çox yaşı var, artıq yaşamaq üçün yararlı deyil. İki il bundan öncə məktəbin binası dövlət tərəfindən əsaslı təmir edildi. Amma adıçəkilən təhsil müəssisəsinin nə bufeti, nə də biz qalan yardımçı ev təmir olundu. Məktəbin direktoru İradə Bayramova hər dəfə bizi görəndə deyir ki, özünüzə yer tapın, tezliklə bura söküləcək və yerində idman zalı tikiləcək”.

Şəhid ailəsi qəzalı vəziyyətdə olan daxmada qalır - BİABIRÇILIQ

Ə. Şirinov yaşayış tərzlərinin dözülməz olduğu və məktəbin rəhbərliyi tərəfindən sıxışdırıldığı barədə dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etdiyini söylədi: “Təəssüflər olsun ki, RİH başçısı Adil Vəliyevin qəbuluna düşüb, dərdimizi ona deyə bilmirik. Hər həftənin cümə günü başçının qəbuluna yazılsaq da, bizi onun qəbuluna buraxmırlar. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini müraciətimizlə bağlı göndərdityi Ş-12/5 20 may 2015 saylı məktubunda bizi Füzuli rayonundan məcburi köçkün kimi bildirib. Başçının 1-ci müavini bilmir ki, biz hansı rayonun sakiniyik. Rayon İcra Hakimiyyəti bizim ərizəmizə baxılması və mənzillə təmin edilməsi üçün müraciətimizi “Dövlətqaçqınkom”un üstünə göndərir. “Dövlətqaçqınkom”da Sabunçu Rayon İcra Hakimiyyətinə - beləcə, “ötür-ötür” oyunu gedir. Hətta Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da qəbuluna getdik. Orada bizi sədrin qəbuluna buraxmadılar. “Dövlətqaçqınkom”un Məskunlaşma, miqrasiya, məşğuluq və status şöbəsinin müdiri Sənan Hüseynov hər dəfə yazdığımız müraciətə belə cavab verir ki, Bakı ərazisində məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdə boş mənzil fondu olmadığından, sizi yaşayış sahəsi ilə təmin etmək hələlik imkan xaricindədir”.

Şəhid ailəsi qəzalı vəziyyətdə olan daxmada qalır - BİABIRÇILIQ

Ümidlərini ölkə başçısına bağlayan şəhid ailəsi deyir ki, onlar sakinləri olduğu Ağdam rayon ərazisində də mənzillə təmin edilməsinə razıdırlar: “Təki bizi bu qəzalı evdən çıxarsınlar, yaşamağımız üçün normal şərait olsun”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhər Sabunçu rayon üzrə sektor müdri Akif Rufullayevlə də görüşdük. Sektor müdri şikayətlə bağlı “Həftə içi”nə bildirdi ki, köçkün ailəsi Bakı şəhərində mənzillə təmin ediləcək. Onun sözlərinə görə, əgər tələsirlərsə, onlara rayondan da ev verə bilərlər. Ümid edirik, şəhid ailəsinin üzləşdiyi bu acınacaqlı vəziyyət tezliklə müsbətə doğru öz həllini tapacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net