Beyləqanda Tofiq Sadıqov macəraları: ilginc olaylar
Tarix: 29-02-2016, 09:53 | Çap et
Beyləqanda Tofiq Sadıqov macəraları: ilginc olaylar
Azərbaycanda təhsilin durumu ağırdır. Orta məktəblərin vəziyyəti də göz qabağındadır. Əyalətlərdəki orta məktəblərdə isə vəziyyətin kritik həddə olmasını danmaq belə mümkün deyil. Amma durum ortadaykən, yenə də mövcud problemləri aradan qaldırmaq yerinə, ülgücü naşı adamların əlinə verməkdə davam edirlər.
Beyləqanın Tofiqi
Tofiq Sadıqov Beyləqan Təhsil Şöbəsinin uzun illərdən bəri müdiri vəzifəsində çalışır. Ali təhisli 11 ilə başa vuran şöbə müdirinin bilik və bacarığı onun idarəçiliyində, gördüyü işlərdən də özünü «göstərir». Çünki Beyləqan rayonunda təhsil yerinə, bazarın olduğunu düşünməkdən başqa çarə qalmayıb. Rayon müəllimlərindən biri yazır ki, Tofiq Sadıqovun Beyləqanda əhali arasında maraqlı bir ayaması var. «Şorgöz müəllim» deyə tanınan şöbə müdirinin bu adı qalanmasının da səbəbləri konkretdir.
Tofiq Sadıqova «şorgöz müəllim» adının verilməsinin səbəbini yazan müəllim qeyd edir ki, hadisə Biogəhdəki sanatoriyalardan birinda vaqe edib. «Təsəvvür edin ki, dəniz kənarındasınız, sanatoriyalardan birində istirahət edirsiniz. İlin, günün qış vaxtında dəniz kənarında istirahət etmək bir başqa aləmdir. Sərin hava, dənizin sakitləşdirici səsi, arabir güclənib-səngiyən külək… Ancaq istirahətinə rəng qatmaq üçün ocaq qalamaq, qaladığın ocağın istisinə isinmək istəyi də keçir könlündən. Bu istəyini də həyata keçirib, ocağı qalayırsan… Ocağın istisi rahatlıq və rahatlıqdan doğan dərin əyləncə istəyi yaradır. İstəyini həyata keçirmək üçün dostlarını, rəfiqə kimi çıxış edən “xanımları” yığırsan başına. Dostlar, “xanımlar” əhatəsində özünü unudub səs-küy salırsan. Amma yadından çıxır ki, yerin də qulağı var. Həm də, dəniz kənarında yerləşən Bakımızda həmişə külək var. Səs isə küləklə yayıla bilir. Düzdür, Tofiq müəllim uzun illərin savadlı, təcrübəli müəllimidir, fizikadan xəbəri var. Yaratdığı səs-küy də ele həmin küləklə gəlib Beyləqana qədər çatıb, camaat da çox hörmətli Tofiq müəllimə öz arasında belə bir ad qoyub».
«Qoca at arpa yemir?»
Tofiq Sadıqov hər nə qədər istiqanlı biri kimi tanınsa da, qaladığı «ocaq»ların tüstüsünə kor olanlar da az olmayıb. Elə bu səbəbdəndir ki, onun qaladığı ocağın ətrafına Beyləqan İcra Hakimiyyətindən də yığılanlar az olmur. Bir çox hallarda bunu elə Tofiq müəllimin özü təşkil edir.
Müəllim qeyd edir: Onu tanıyanlar hörmətli müəllimin artıq 63 yaşı haqladığıni bilirlər. Bu yaşda əyləncələrdən qalmadığından söz düşəndə isə, – Nədir, qoca at arpa yemir? – deyə sual verirlər. Yeyir, kim deyir ki yemir? Yeyir, amma ehtiyyatla. Nahaq deməyiblər ki ehtiyyat igidin yaraşığıdır. Adama deyərlər ki, ay Tofiq müəllim, “Bilgəh”də yaratdığın səs-küyün əks-sədası elə güclü oldu ki, orda daha qəbul etmədilər səni. İndi də “Qaranquş”a gedib çıxdın, orda da eyni mənzərə. Daha bunun harası ehtiyyat oldu?»
Beyləqanlı müəllim daha sonra qeyd edir: «Bilgəhdə yaratdığın səs-küyün müzakirəsi həmkarlar təşkilatlarının rəhbərlərinin əsas mövzusu olmuşdu. Yenidən müzakirə edəsi olsalar, bu sanatoriyalara göndəriş verməyəcəklər axı. Onda ocağı harada qalayacaqsan, ay müəllim? Bax, bizim Tofiq müəllim belə müəllimdir. Gərgin işin stresini elə çıxarır ki, səsi aləmə yayılır. Bu cür “uğurları” Beyləqan İcra Hakimiyyəti adına “müsbət” xallar yazır. Xəbər tutan deyir ki, bax, kişi adamdır, neyləsə də, icra başçısı onunla bacarmır. Bu yaşında qaladığın ocaqların tüstüsü nəinki Beyləqanı, bütün aləmi bürüyüb. Bəzən tüstünün qoxusu adama xoş gəlir. Payız yarpaqlarını toplayıb yandıranda çıxan tüstü kimi. Amma nə qədər xoş qoxulu olsa da, tüstü göz yaşardır. İgidliyi yox, ehtiyyatsızlığı yerə qoysanız, bəlkə də Beyləqanda el arasında qazandığınız ad üstünüzdən götürülər».
“Ay alan, attestat satıram!!!”
Mənbə yazır ki, uzun illərin iş təcrübəsinə malik olan hörmətli Təhsil Şöbə müdiri, həm də şəxsi attestasiya proqramı ilə tanınır Beyləqanda. Onun sözlərinə görə, Sadıqovun işinə, gənc müəllimlərə həssas yanaşması sayəsində arzu edən və arzu olunanları təqdim edə bilən hər bir şəxs rayonda müəllim kimi çalışa bilər. «Yəni, Beyləqan sakini olan, pedaqoji təhsil almış istənilən kimsə Tofiq müəllimə müraciət etməklə işsizliyə son qoya bilər. Bunun üçün diplomun olması kifayətdir. Diplomun Azərbaycan Respublikasında tanınıb-tanınmaması əsas deyil. Təhsil Şöbəsinin müdirinin bu diplomu tanıması kifayətdir. Diplomun tanınma proseduru, həmçinin Sadıqovsayağı “attestasiya” qaydaları fərdi söhbət zamanı tam olaraq detalları ilə izah olunur. Nəzərinizə çatdıraq ki, artıq 30 nəfərdən çox təhsil işçisi müsabiqədən keçə bilmədiyi halda Tofiq Sadıqovun “attestasiyasından” keçə bilib. Təcrübə öz bəhrəsini verir».
Beyləqanlı müəllim yazır ki, son vaxtlar müəllimlərin işə götürülməsində mərkəzləşdirilmiş qəbul prinsipinin tətbiqi mahiyyətcə yerlərdə müəyyən xoşagəlməz halların aradan qaldırılmasına yönəlmiş addımdır. «İşə qəbulun attestasiya ilə həyata keçirilməsi şərəfli müəllim adını daşımağa layiq olanların təhsil ocaqlarında müəllim olaraq işə başlamalarını, eyni zamanda həqiqətən bu adı daşımağa tam hazır olduqlarını təsdiq etmək üçün bir meydandır. Digər tərəfdən, attestasiyadan keçsə də, təyinat yerində işləməyə razı olmayan gənc pedaqoqlarımız da olur. Onların təyinat yeri üzrə işləməkdən imtina etdikləri zaman hər hansı bir rayon, yaxud kənd məktəbində vakant elan olunmuş müəllim ştatı doldurulmamış qalır. Yəni, növbəti attestasiyaya qədər vakansiya açıqdır. Bu zaman Beyləqanda Sadıqovun “attestasiya” fəaliyyətinə start verilir. Təhsil Şöbəsinə çox yaxın mənbədən əldə olunan məlumatlara görə, bu zaman Tofiq Sadıqov 1000-1500 AZN (məktəb və kəndə görə qiymət dəyişə bilir) qarşılığında vakant yerlər üzrə 1 illik müqavilə bağlamaqla müəllimlərin işə götürülməsini həyata keçirir. Müqavilənin 1 il müddətinə bağlanması isə mövcud vakansiyanın növbəti attestasiya zamanı açıq elan olunmasına imkan yaradır. Bununla da həm vakansiyanın mövcud elan olunması təmin olunur, müqavilə müddətində hər hansı bir işsiz pedaqoq işlə təmin edilir və nəhayət, uzun illər təhsil sahəsində əməyi olan Tofiq müəllim öz xərclərini qarşılamaq üçün gəlir əldə edir».
Mənbə bildirir ki, bu gəlirin əldə olunması təkcə vakant yerlərə qeyd olunan qaydada müəllimlərin işə götürülməsinə bağlı deyil. Onun sözlərinə görə, məktəblərdə gənc pedaqoqlarla yanaşı, artıq təqaüd yaşını haqlamış müəllimlər də az deyil. «Əmək Qanunvericiliyinə əsasən, 63-65 yaşına çatmış hər bir kəs artıq təqaüdə getməlidir. Təhsildə göstərdiyi müəyyən xidmətləri və ya fəxri adları olmayan hər hansı pedaqoqun bu yaşda təqaüdə çıxması normal haldır. Ən azından, təqaüdə çıxmış müəllimin əvəzinə gənc bir pedaqoq işlə təmin olunur, ali təhsil aldığı illərdə çəkdiyi əziyyətlərin hədər getmədiyinin şahidi olur. Gəlin baxaq – həmişə belə olurmu? Sirr deyil ki, verilən suala hamı birmənalı şəkildə müsbət cavab verə bilməyəcək. Bu hal tək Beyləqanda deyil, demək olar ki, Respublikamızın bütün bolgələrində müşahidə edilir. Beyləqanda bu halın mövcudluğunun təminatçısı yenə də Tofiq Sadıqovdur. Belə ki, onun rəhbərlik etdiyi Təhsil Şöbəsinin tabeçiliyində olan məktəblərdə təqaüd yaşına çatmış, hətta bu yaş həddini keçmiş müəllimlərin sayı kifayət qədərdir. Bu yaş qrupuna daxil olan pedaqoqlar sadəcə 500 AZN ödəməklə rəhbərliyin gözündə görünməz olurlar. İnsafını kənara qoymadan danışsa, hörmətli Tofiq müəllim də bu deyilənləri təsdiqləyər».
Beyləqan ayrıca “respublika”ymış…
İşin bir xeyli maraqlı tərəfləri də varmış. Azad.Mediaya yazan müəllim vurğulayır ki, Beyləqanda rast gəlinən hallardan biri də Təhsil Nazirliyi tərəfindən tanınmayan diplomlarla müəllimlərin orta məktəblərdə çalışmasıdır. «Rəsmi olaraq tanınmayan diplom Respublikanın bolgəsində tanınaraq qəbul edilirsə, bu halda Beyləqanın müstəqil dövlət olduğu fikri yaranmaq istəsə də, bu fikri uzaqlaşdırırıq özümüzdən. Çünki Beyləqanın Azərbaycan Respublikası daxilində bir ərazi vahidi olduğunu bilirik. Belə olan halda qeyd olunanlar necə meydana çıxır? Bu sualı yalnız hörmətli Tofiq müəllim Sadıqov tam olaraq cavablandıra bilər. Sadalanan halların meydana çıxmasının əsl səbələrini dəqiq bilməsək də, bir ehtimalımız var. Bu ehtimal da Beyləqan RTŞ müdirinin uzun müddət ali təhsil almasıdır. Məlumdur ki, SSRİ-də ali pedaqoji təhsil müddəti 5 il idi. Tofiq müəllimin ali təhsil haqqında diplomunda isə bu müddət 11 ildir – 1968-1979-cu illər. Görünür, hörmətli müəllim 5 ildə pedaqoqikanı, qalan müddətdə isə qeyd olunan halların texnologiyasını öyrənib. Yaxud da, özünü müəllimlərə o qədər sevdirib ki, onu gözlərindən uzağa qoymaq istəməyiblər. Hər halda yenə də bu məsələdə ən dəqiq cavabı onun özündən almaq olar».
Şagirdlər harada istirahət edə bilərlər?
Söhbət yenə də Beyləqan RTŞ müdiri Tofiq Sadıqovdan gedir. Müəllim vurğulayır ki, rayonda təhsilin inkişafı üçün bütün mümkün addımları atan Tofiq müəllim, hətta şagirdlərin asudə vaxtının “səmərəli” keçməsi üçün kafe-restoran da inşa etdirib. «Müasir məktəblilərin zövqünün də müasir olduğu dəqiq bilən pedaqoq bu addımında əsasən məktəb bufetində əldə edilə bilən qida, içki vasitələri ilə kifayətlənməyən şagirdləri düşünüb. Təqdirəlayiq haldır. İnşa edilən kafe-restoranda qonaqların tam rahat və sərbəst istirahət etmələri üçün bütün zəruri olan hər bir şərait mövcuddur – kabinet, divan, kreslo… Şagirdlər asudə vaxtlarını burada keçirə, məktəbdə öyrəndiklərini bölüşə, sual-cavab edə bilərlər. Ən “təqdirəlayiq” hal isə odur ki, bəhs edilən kafe-restoran 6 saylı orta məktəbin ərazisində inşa edilib».
Mikayıl Cabbarova müraciət
Beyləqanlı müəllim təhsil naziri Mikayıl Cabbarova da müraciət ünvanlayıb. O müraciətində qeyd edir ki, bir nazir olaraq Beyləqan rayonunun təhsil şöbəsində baş verənləri araşdırarsa, o zaman daha dəhşətli halların üzə çıxmasına şahid ola biləcək. Onun sözlərinə görə, Mikayıl Cabbarovun Beyləqan təhsilini etibar etdiyi Tofiq Sadıqovun əsas işi pul qazanmaq olsa da, «şlogöz müəllim» kimi ad çıxarmasının da mənfi tərəfləri var. Və nazir bu məsələ ilə maraqlanıb tədbir görməlidir. Əks təqdirdə, rayonda insanlarla şöbə müdiri arasında yaranacaq qalmaqalın məsuliyyəti elə nazirin üzərində qalacaq.
Mənbə vurğulayır ki, hal hazırda Beyləqan təhsili tənəzzül dövrünü yaşayır. «Tofiq Sadıqovun başı pul qazanmaqla yanaşı, eyş-işrətə də qarışıb. Rayonda bibarıçı durum yaşanır və bu aradan qaldırılmasa, yekunda söz yenə də Təhsil Nazirliyinə deyiləcək. Ona görə ki, nazirlik prosesə nəzarət etməyə borcludur. Əks təqdirdə, edə Tofiq Sadıqovun dedikləri təsdiqini tapacaq. O deyir ki, nazirliyin rəhbərlərinə aylıq haqq verir. İndi nazir Mikayıl Cabbarov təsdiqləsin görək, həqiqətən belədir, yoxsa, Sadıqov belə deyir?» (AzadMedia) Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net