Gədəbəy meşələrinin yeni qənimi
Tarix: 14-12-2015, 09:19 | Çap et
Gədəbəy meşələrinin yeni qənimi
Artıq uzun müddətdir ki, Vertikal.az-ın ünvanına daxil olan məlumatlarda Gədəbəy meşələrinin acınacaqlı duruma gəlməsi barədə açıqlamalar təqdim olunmaqdadır. Həmçinin yaranmış vəziyyət barədə rayon ictimaiyyəti tərəfindən müxtəlif instansiyalara ünvanlanan həyəcan dolu məktublarda da bildirilir. Bu mövzuda redaksiyamıza gələn məlumatlarda qeyd olunur ki, Gədəbəy meşələri neçə ildir ki, mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Rayonun təbii qazla təmin olunmayan bəzi kəndlərində hələ də yanacaq kimi odun işlədilir. Həmçinin rayondakı vəzifəli şəxslərə məxsus sexlərə qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınır. Mənbələr hətta iddia edirlər ki, Gədəbəy meşələrində artıq bir neçə növ qiymətli ağacların nəsli kəsilmək üzrədir. Məlum olduğu kimi bu ilin əvvəlindən Gədəbəy rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri vəzifəsinə Pərviz Əliyev təyin olunmuşdur. Lakin müəssisənin rəhbərliyində olmuş bu dəyişiklik gədəbəylilər tərəfindən heç də rəğbətlə qarşılanmamışdır. Səbəb isə budur ki, Pərviz Əliyevin bu təyinata qədər, Qazax rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri vəzifəsində işlədiyi zaman törətdiyi əməllər barədə Gədəbəy sakinləri də kifayət qədər məlumatlıdırlar. Bu barədə ölkə mətbuatına təqdim olunan açıqlamalarda bildirilir ki, Qazax Rayon Meşə Təsərrüfatı İdarəsinə (müəssisənin köhnə adı) müdir təyin ediləndən sonra Pərviz Əliyev ilk növbədə kəsilməsi qadağan olunan palıd, çökə, qozalı çinar, şam və digər adda ağacları kəsdirərək baha qiymətə satmağa başladı. Vəzifəcə özündən yüksək olan insanlara pay-püş etdi. İdarədə ondan əvvəl işləyənləri və özünün sonradan götürdüklərini də işdən uzaqlaşdırarq yerlərinə 2000-2500 manat pul alaraq təzə işçilər götürdü. Ən əsas idarəyə yalan danışmaq, kimlərisə gözü baxa-baxa aldatmaq, borc alıb qaytarmamaq, günahsız insanları ayaqlamaq və s. kimi yeniliklər gətirdi. Hətta, icra başçısı Rauf Hüseynovun dövründə meşələr yoxlanılaraq çoxlu sayda ciddi nöqsanlar üzə çıxmışdı. Pərvizin məsələsinə rayon şurasında baxıldı. Onun işdən azad olması haqqında şura qərar verdi və nazirliyə göndərildi. Lakin Pərviz Əliyev yerində qaldı. Bu da onu göstərir ki, Pərviz Əliyevin arxasında kifayət qədər nüfuzlu himayədarı var. Bu məmur Qazax meşələrini dağıdaraq, işçilərin əməyini istismar edərək çoxlu varidat əldə edib. Nahaq yerə Qazaxda ona “Meşə Pərviz” demirlər. Adicə Qazaxın “Çinar Dibi” deyilən yerdən üzü aşağı gedəndə, Qazax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus 100 hektara yaxın Əriklik bağından 60 sot sahəni qeyri-qanuni zəbt edərək özünə yaxın olan işçilərinin və yaxınlarının adlarına sənədləşdirdi. Həmin 60 sot sahəni 4 sotdan, hər 4 sotu da 3000-3500 manatdan satdırarq, külli miqdarda vəsait əldə etdi. Bu gün isə, Pərviz Əliyevin fəaliyyəti nəticəsində artıq Gədəbəy rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişlər. Məlum olduğu kimi Gədəbəy həm də səfalı təbiəti ilə turizmin inkişaf etdirilməsi üçün əlverişli şəraitə malikdir. Lakin bu həm də istirahət mərkəzi kimi pərdələnmiş müxtəlif qeyri-qanuni fəaliyyət göstərən əyləncə mərkəzləri təsis edən işbazlar üçün cəlbedici bir məqamdır. Rayonun icra başçısı tərəfindən qanuni biznes quraraq yeni iş yerlərinin açılması, xüsusilə Gədəbəydə turizmin inkişaf etdirilməsi məqsədilə təşəbbüs göstərən iş adamlarına qarşı hansı təpkilər nümayiş etdirildiyinə dair biz artıq qəzetimizin ötən saylarında kifayət qədər danışmışıq. Bunun müqabilində isə, ətraf mühitin məhvi hesabına daha çox şəxsi gəlir əldə etməyi bacaran “işbazlar” Gədəbəy RİH rəhbərliyinin himayəsinə və Pərviz Əliyevin dəstəyinə tam güvənə bilərlər. Daha sonra bizimdovr.az-a gələn məlumatlarda qeyd olunur ki, yeni müəsisə müdiri meşə gözətçilərindən də hər ay konkret məbləğdə rüşvət tələb edir. Öz növbələrində gözətçilər də bu pulu çıxarmaq üçün ağaclara qənim kəsilirlər...

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net