Ana Sayfa > Müsahibə > Məhərrəm Əliyev: “Bu cür açıqlamalar heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz”

Məhərrəm Əliyev: “Bu cür açıqlamalar heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz”


2-09-2020, 13:54. Yazar: admin

Məhərrəm Əliyev: “Bu cür açıqlamalar heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev sia.az saytına müsahibə verib.

Musavat.com həmin müsahibəni oxucularına təqdim edir:

- Cənab general-polkovnik, bugünlərdə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski tanınmış jurnalist Roman Qolovanova verdiyi müsahibədə növbəti dəfə ölkəmizə, ərazi bütövlüyümüzə, xüsusilə Naxçıvanın tarixinə qarşı qərəzli mövqe nümayiş etdirməklə, bir sıra faktları təhrif edib, açıq-aşkar əsassız fikirlər səsləndirib. Siz bu qərəzə hansı müstəvidən yanaşardınız?

- İlk öncə qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır və heç bir qərəzli mövqe, yanlış, əsassız fikir, qeyri-ciddi münasibət bu faktı kölgə altında qoya bilməz. Onu da qeyd edim ki, Vladimir Jirinovski ümumiyyətlə müxtəlif siyasi dairələrdə, o cümədən Rusiyada qeyri-ciddi fiqur kimi tanınır və onun eyni zamanda, özünü “şərqşünas” qismində təqdim etməsi heç də siyasi çəkisini artırmır, əksinə, daha da nüfuzdan salır. Lakin biz ona da əminik ki, bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz.

Bu şəxsin fikirlərinə diqqət yetirərkən, onun Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Naxçıvana qarşı qərəzli, qeyri-peşəkar mövqe sərgiləməsindən təəssüf hissi keçirirəm. Hesab edirəm ki, RLDP rəhbərinin bu kimi davranışları və qərəzli baxışları yalnız Azərbaycanı sevməyən, dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləyən dairələr qarşısındakı uğursuz piar kampaniyasıdır. Yəni onun Naxçıvan barədə danışdıqları da birbaşa yalanlar üzərində qurulmuş riyakarlıqdır. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil və gec, ya da tez həqiqət, ədalət öz yerini tutur.

- Məhərrəm müəllim, Jirinovski sözügedən müsahibəsində elə danışıb ki, guya o dediklərini elmi əsaslarla sübuta yetirir və s. Sizə elə gəlmirmi ki, onun həmin fikirləri arxasında sifariş xarakterli məqamlar da dayanır?

- Ümumiyyətlə, onun Naxçıvanı “erməni ərazisi kimi” təqdim etməsi heç bir elmi – tarixi əsası olmayan uydurma, əfsanədir. Əminəm ki, tarixçilərin, eləcə də bir çox nüfuzlu tarixi mənbələrin Naxçıvan haqqında verdikləri elmi arayışlardan xəbəri olan Jirinovski bu faktları yaxşı bilir, sadəcə ermənilərin sifarişləri qarşısında bu cür səbatsız fikirləri ilə sözün əsl mənasında, siyasi rola girir. Bu, onun ilk belə rolu deyil və daha əvvəllər də bənzər halların şahidləri olmuşuq. Əgər o həqiqətən də özünü “şərqşünas” kimi təqdim edibsə, yenə də bu məsələdə ciddi yanlışlığa yol verib, xüsusilə şərqşünaslıq elminin adına ləkə vurmağa çalışıb. Çünki bildiyimiz kimi, ermənilər Qafqaza və Anadoluya gəlmələrdirlər, bunu isə tarixi faktlar isbat edir. Bəllidir ki, VI-VII əsrlərdə Qafqazda, eyni zamanda, Şərqi və Naxçıvan Anadoluda erməni mənşəli heç bir iz, nişanə belə mövcud olmayıb. Mən tarixçi deyiləm, amma buna baxmayaraq, nəinki Naxçıvanın, o cümlədən Azərbaycanın tarixi barədə kifayət qədər məlumatlıyam. Məsələn, İrəvan xanlığının və xanlıq ətrafının, həmçinin Zəngəzur mahalının qədim Azərbaycan torpaqları olması bütün tarixi aspektlərdən özünü sübuta yetirib. Ona görə də, bəzi məkrli siyasətçilər düşünməməlidirlər ki, onlar bənzər fikirləri ilə Azərbaycanın tarixini saxtalaşdırıb beynəlxalq aləmi çaşdıra bilərlər. Bu, heç də belə deyil.

- Cənab general-polkovnik, Azərbaycanın beynəlxalq siyasi arenadakı yeri və rolu artdıqca ərazi bütövlüyümüzün dəstəklənməsi ətrafındakı uğurların da şahidlərinə çevrilirik. Ümumiyyətlə, diplomatik qələbələrimizlə yanaşı, hərbi uğurlarımız arasında hər hansı bağlılıq ola bilərmi?

- Düşünürəm ki, əldə edilən bütün uğurlarımız bir-birinə bağlıdır və əlbəttə, hər bir zəfər qalibiyyətə doğru atılan növbəti addımdır. İstər diplomatik, istərsə də hərbi qələbələrimiz bir məcrada – güclü dövlətçilik adı altında birləşməklə, Azərbaycanımızın adını daha çox yüksəklərə qaldırır. Söz yox ki, beynəlxalq hüququn birmənalı olaraq ərazi bütövlüyümüzü tanıması da həmin uğurların bir parçasıdır. Lakin onu da unutmamalıyıq, Azərbaycan dövlətinin hərbi gücü və strategiyası da imkan verir ki, işğal altındakı torpaqlarımızı qısa müddətdə azad edək, hətta tarixi torpaqlarımızda anti-terror əməliyyatları aparaq. Bunu cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev də öz çıxışlarında qətiyyətlə vurğulayıb. Məhz bu dönməz siyasi xətt, qətiyyətli mövqe növbəti qələbələrə aparan yol kimi təcəssüm oluna bilər. Azərbaycan xalqı bunu bilir, dərk edir və əlbəttə ki, dəstəkləyir. Əbəs deyil ki, artıq ölkəmizdə dövlət-xalq-ordu birliyi özünü ən ali dərəcədə tərənnüm etdirməkdədir.

- Məhərrəm müəllim, Nikol Paşinyanın bu yaxınlarda yenidən Dağlıq Qarabağa etdiyi qanunsuz səfəri və səfəri çərçivəsində Tovuz rayonu ilə sərhəd ərazilərində təxribat törədən hərbi qulluqçuları mükafatlandırması Ermənistanın işğalçılıq mövqeyindən geri çəkilməyəcəyi anlamını daşıya bilərmi?

- Bilirsiniz, bir hərbiçi olaraq, bu kimi məsələlərdə də mövqeyimi hərbi yöndən ictimailəşdirməyə çalışıram. Lakin bununla yanaşı, qeyd etmək istərdim ki, aparılan uğurlu siyasət və diplomatik nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün qorunub-saxlanılmasına, möhkəmləndirilməsinə tam təminat verir. Əgər bu gün işğalçı ölkənin rəhbəri torpaqlarımıza səfər edirsə, bu səfərlərin hər biri diqqətimizdə saxlanılır və ümumiyyətlə, düşmənin hər addımı bizim tam nəzarətimiz altındadır. Bayaq da qeyd etdiyim kimi, işğalçıların bu kimi addımları davam edənə qədər onlar Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin ağır zərbələri altında qalacaqlar, yəni ərazilərimiz tam şəkildə azad olunana qədər. Bu baxımdan, hesab edirəm ki, əgər Paşinyan təxribatçı əsgərlərini mükafatlandırırsa, artıq onun özü də həmin təxribatçıların bir hissəsinə çevrilir və bu əməlinin də cavabını alacaq.

Ancaq son olaraq xatırlatmaq istərdim ki, Naxçıvan, Qarabağ ətrafında bənzər manipulyasiyalara yol verən qərəzli siyasətçilər və onların ermənipərəst havadarları da yaxşı bilirlər ki, publikaya oynadıqları məkrli oyunlarının heç bir əsası yoxdur, əksinə, onlar özlərinə zərər edirlər.

-Müsahibənizə görə çox sağ olun.
Geri dön