Ana Sayfa > Müsahibə > Seyfəddin Əsəd: “Ət immuniteti qaldırmır, orqanizmi yorur, çörək isə...”

Seyfəddin Əsəd: “Ət immuniteti qaldırmır, orqanizmi yorur, çörək isə...”


20-06-2020, 10:37. Yazar: admin

Seyfəddin Əsəd: “Ət immuniteti qaldırmır, orqanizmi yorur, çörək isə...”
Tanınmış həkim yayda immuniteti gücləndirməyin sadə yollarından danışdı
Artıq yayın qızmar günləri başlayıb. Pandemiya dövrünü də nəzərə alsaq, indi hər kəsi daha çox necə düzgün qidalanıb, immuniteti gücləndirmək məsələsi maraqlandırır. Bəs yayda necə qidalanaq ki, həm immunitetimiz virusla qarşı dözümlülük göstərə bilsin, həm də cibimizə uyğun olsun.

Təbii üsullarla müalicə üzrə mütəxəssis, həkim Seyfəddin Əsəd bu və digər məsələlər ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırdı:

- Bu il meyvə-tərəvəz xeyli boldur. Yəni immuniteti qaldırmaq üçün ilk növbədə daha çox meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Bundan əlavə gün ərzində ən azı 3 litr su qəbul etmək lazımdır. Yaponlar deyir ki, yuxudan duran kimi 4 stəkan su için. Onun içinə limon, bal da əlavə etmək olar, bunun ziyanı yoxdur. Bu zaman gecə ödə yığılan xaric olur. Yoxsa nə yesən, qana keçəcək və sağlamlığına təsir göstərəcək. Eyni zamanda, qatıq-süd məhsullarına da müraciət etmək lazımdır. Zəncəfil dəmləməsi, sumax, darçın, bal, tut bəhməzindən də istifadə etmək olar. Adını çəkdiyim məhsullar ölkəmizdə hər zaman olur. Yay mövsümündə həmçinin noxud, lobya qidaları da qəbul etmək faydalıdır. Yəni maksimal dərəcədə yüngül və təbii qidalanmaq lazımdır.

- Bəs ət necə? Bəziləri qeyd edir ki, ət immuniteti artırır, bunun üçün pandemiya dövründə ət və ət məhsullarının qəbulu əhəmiyyətldir.

- Diqqət etsəniz görərsiz ki, bundan əvvəl sadaladığım qidalar arasında ətin adını çəkmədim. Ümumiyyətlə, ət immuniteti qaldırmır, orqanizmi yorur. Şəxsən mən uzun illərdir ki, qırmızı ətdən istifadə etmirəm və bunun xeyrini də görmüşəm. Qırmızı ətdən istifadə etdikdə insanı ətdən başqa heç nə doydura bilmir və əsəbləri gərgin olur, yuxusuzluq yaranır, həzm prosesi yaxşı getmir. Yeməkdə qırmızı ətdən istifadə etdikdə lazımdır ki, onu başqa qida ilə qarışdırmasınlar. Məsələn, Azərbaycanda qırmızı əti daha çox kartofla yeyirlər. Halbuki kartof turşuluğu götürür, bu zaman ətin həzmi yaxşı getmir və bağırsaq daşına çevrilir ki, bu da insanın əsəblərinə təsir edir. Uşaqlara qırmızı ət verilə bilər, lakin diqqət etmək lazımdır ki, onu kabab kimi qızardılmış deyil, soyutma, sulu vəziyyətdə versinlər. Beləliklə, uşaqlara hər gün deyil, müəyyən vaxtlarda müəyyən ölçülərlə vermək məsləhətdir.

Artıq bir müddətdir ki, dünyada qırmızı ətə qarşı müharibə elan edənlər var. Bunun da əsas səbəblərindən biri xərçəng xəstəliyinin aradan qaldırılması ilə bağlıdır. Məlum olduğu kimi, xərçəngin yayılmasında zülalların böyük rolu var ki, həmin zülallar da daha çox qırmızı ətin təkibində olur. Ətə alternativ olaraq noxud, lobya, qoz-fındıq, paxlalardan istifadə edə bilərik. Bu qidaların tərkibindəki zülallar ətdə olandan daha keyfiyyətlidir.

- Həkim, yay mövsümündə çörəkdən nə qədər istifadə etməliyik?

- Bu gün yediyimiz çörəklər normal qaydada hazırlanmır. Məlum olduğu kimi, əsas vitaminlər buğdanın qabığında olur, lakin çörək istehsalında həmin qabıqdan istifadə edilmir. İnsanlar daha çox ağ çörək yeyir ki, onun da içərisində heç nə yoxdur. Unun rəngi nə qədər ağdırsa, bir o qədər zərərlidir. Ona görə də insanları aldatmaq üçün qara çörək adı ilə onun tərkibinə müxtəlif rənglər qatıb, baha qiymətə satırlar. Bunu da araşdırmaq üçün çörəyi suya salırsan, bu zaman əgər çörəkdə rəng olarsa, keçir suya, onun rəngləndiyinin şahidi olursan. Bu baxımdan birmənalı şəkildə buğdadan deyil, çörəkdən imtina etmək lazımdır. Təqribən gündə 100 qram buğda bir günlük çörəyin tələbatını verir və saçdan tutmuş dırnağa qədər xeyirlidir.

Əksər xalqlar çörək yemir, bunun əvəzinə düyüdən istifadə edir. Çörəyin içərisində olan maya köp verir, həzm sistemini pozur, həmçinin insanı kökəldir. Bundan başqa, çörəyi isti şəkildə qəbul etmək çox ziyanlıdır. Mütləq şəkildə çörəyi aldıqdan bir gün sonra qəbul etmək lazımdır. Çünki bir gündən sonra onun tərkibindəki maya demək olar ki, sıradan çıxır. Çörəyə vurulan maya orqanizm üçün zərərlidir. Bu gün artan qastrit, mədə yarası xəstəliklərinin yaranmasında çörəyin tərkibinə vurulan mayanın təsiri var. Xatırladım ki, Azərbaycan mədə-bağırsaq, ağız boşluğu xərçənginə görə ön sıranı tutur.

- Pandemiya, karantin rejimi ilə əlaqədar olaraq, hazırda çox az sayda insan dənizə günəşlənməyə gedir və yaxud açıq havaya çıxır. Bəs immunitet faktoru olan D vitamini deposunu bədəndə necə yaratmalıyıq?

- Qeyd edim ki, rayon və kəndlərdə günəşdən aldığımız D vitamini daha təmiz olur, nəinki dənizdə. Çünki insanlar dənizə, çimərliklərə isti havada, günorta saatlarında gedirlər, bu da orqanizmə mənfi təsir göstərə bilir. Bunun üçün məsləhətdir ki, günəşdən aldığımız D vitamini əsasən səhər və yaxud axşam saatlarında qəbul edək.
Geri dön