“Atatürkün üzüyünü Elçibəyə hədiyyə gətirmişdilər” - MÜSAHİBƏ
Tarix: 24-06-2020, 10:57 | Çap et
“Atatürkün üzüyünü Elçibəyə hədiyyə gətirmişdilər” - MÜSAHİBƏ

24 iyun çağdaş Milli Azadlıq Hərəkatının lideri, mərhum Prezident Əbülfəz Elçibəyin doğum günüdür.

Türk dünyasının böyük şxəsiyyəti, XX əsr Azərbaycan siyasətinə damğasını vurmuş böyük öndər yaşasaydı, 82-ci yaşını qeyd edəcəkdi.

Elçibəyin doğum günündə onun yaxın silahdaşlarından biri, eyni zamanda şəxsi köməkçisi olmuş Əli Mürsəloğlu ilə söhbətləşdik.

Əli Mürsəloğlu Elçibəylə bağlı xatirələrini Cebhe.info ilə bölüşüb.

“O anları həm sevinc, həm də kədərlə xatırlayıram”

-Əli bəy, bu gün Elçibəyin doğum günüdür. Hansı hisləri keçirirsiz?

-Bu sual sadə görünsə də, mənası çox ağırdır. Hər bir insan kimi, mən də çox narahat oluram. Yaşadığım xoş günləri, anları bir tərəfdən sevinc, bir tərəfdən də kədərlə xatırlayıram. Əl- Fərabi deyir ki, bir dahi şəxsiyyət dünyasını dəyişdiyində ona ağlamayın, yerdə qalanların halına ağlayın. Sualın cavabı budur.

“Bəy eldən gedən insandır”

-20 ildir ki, Bəy aramızda yoxdur. Elçibəysevərlər deyir ki, ona o qədər bağlanmışdıq ki, sanki həyatımıza bir ayar verirdi. Bəydən sonra yaranmış mənəvi boşluğu hələ də hiss edirsiz?

-Onu necə hiss etməmək olar? Elə şeylər var ki, onlar izah olunmur. Məsələn, bunun da bir izahı yoxdur. Bəzən deyirlər ki, əvəzolunmaz insan yoxdur. Bunlar boş sözlərdir. Əvəz olunan insan var? Hər bir insanın özünün dəyəri var. Ata dəyərini kim verə bilər? Heç kim! Kimsə bunun əksini deyirsə, yalan deyir. Atasız övlad və övladsız ata sualının cavabı yoxdur. Biri var evdən, biri var eldən gedən insan. Bəy eldən gedən insandır. İndi hərə bir cür deyir, öz anladığı kimi danışır. Fatif Qısakürək deyirdi ki, Ayasofiya nə məbəddir, nə əsərdir, nə də muzeydir. Ayasofiya anlayan üçündür. Kim onu anlayırsa, onun üçündür, anlamayan üçün deyil. Birinin atası dünyasını dəyişəndə deyir ki, sən getdin, mənə pulu kim verəcək? Amma zaman-zaman görür ki, əslində itkisi daha böyükdür. Hər bir şey onu xatırladır. Bəzən deyirlər ki, Elçibəy pul, təhsil, test, ordu qoydu getdi, biz nə etdik, nə edirik? Biz onları yaşada bilirik?

Orda bir yol var, uzaqda
O yol bizim yolumuzdur!
Görməsək də, varmasaq da,
O yol bizim yolumuzdur!

Yəni sən nə edirsən et, axırda ora gedəcəksən. Hər bir insanın özünün yolu var. Mən heç vaxt insanlara yaxşılıq etməkdən vaz keçmərəm. Mən belə alışmışam. Sən burda mənə pislik etsən də, mən o tərəfdə yaxşılıq edəcəm. Elçibəy də deyirdi ki, sən yaxşılıq et! Yaxşılıq edəndə sənin sevinməyin sənə yetər. Əgər sən yaxşılıq edib, yaxşılıq görsən, elə hamı yaxşılıq edər. Sən yaxşılıq edib pislik görməlisən. Çünki əvəzini Allah verəcək. Yəni bu gün biz fərdlər üçün yaşamamalıyıq. Bəy deyirdi ki, nə edirsiz edin, Əbülfəz onsuz da götürəcək. Ancaq elə edin, Allah götürsün. Bir var arzular, biri var Tanrı haqqı.

“Elçibəy insanlara güvən verirdi”

-Bəyi insanlara sevdirən nə idi?

-Bəy insanlara cəsarət verirdi. Məsələn, Bəy birdən-birə durub deyirdi, bizim pırıl-pırıl gənclərimiz var. Küçədə görürdü ki, bir uşaq ağlayır. Gedib ondan niyə ağladığını soruşurdu, ona cəsarət, ümid verirdi. Çünki ağlamaqla düzələn bir şey deyil. Hər bir insanın inandığı bir yol var, onun inamını qırmaq olmaz. Bəy bir dəfə mənə söhbət edirdi: Uzaq kəndlərin birində uzun müddət yağış yağmır. Deyirlər ki, dağlar Tanrıya yaxındır. Gəlin yığışaq gedək dağlara, Allaha yalvaraq ki, yağmur yağdırsın. Qalxırlar dağa. Bu zaman görürlər ki, bir yaşlı insan əlində çətir götürüb. Soruşurlar ki, çətiri niyə götürmüsən? Deyir ki, axı yağış yağacaq. Bunun adına inam deyirlər. Bilir ki, dağa çıxacaq və yağış yağacaq.
Məsələn, ata uşağını göyə atıb-tutur. O uşaq bilir ki, atası onu buraxmayacaq, mütləq tutacaq. Bu güvən, inam insanlar üçündür. Hər bir insan istəyir ki, ona güvənsinlər, inansınlar. Ən pis olan inamın, güvənin olmamasıdır. Bəy o inamı, güvəni verirdi insanlara.

“Müğənniyə dedi ki, sızıldama, cəngavər kimi oxu”

-Bəzən deyirlər ki, onu tez aparan ürəyini hər bir insanın dərdi ilə yükləməsi idi. İnsanları dinləyir, onlardan mənfi enerjini alır, müsbət enerji verirdi...

-Bu Elçibəyin missiyası idi və onu da həyata keçirirdi. Məsələn, 100 manat pul itirirsən. Biri gəlib deyir ki, o cibə pul qoyarlar? O cibə pul qoysan, itər. Mən də, sən də o sözü deyərik. Amma Elçibəy deyirdi ki, mən də elə bildim 1000 manat itirmisən. Elə bil dostlarınla yedin-içdin, qutardı getdi. Olmuş hadisə haqqında rəy vermək çox asandır. Əsas odur ki, o yaranı sağaldasan. Biri dünyadan köçəndə biri var qışqır-bağır salasan, biri də deyəsən ki, bu qəzavü-qədərdir. Qədər danışanda insan susar! Biz Türkiyədə olanda “Təbriz” mahnısını oxuyan Cavid var idi. Bəyin yanında bir az sızıltıynan oxumağa başladı. Bəy dedi ki, nə vaxta qədər bu millət sızıldayacaq? Cəngavər kimi oxuyun, danışın.

“Heç vaxt Bəydən bir narazılıq eşitməmişəm”

-Bizim üçün Bəyin Kələki dövrü maraqlıdır. Kənddə ad günlərini necə keçirirdi?

-Kələkidə ad günləri ənənə halını almışdı. Ad günlərinə Bəyi sevən insanlar, Kələkidəki balaca uşaqlar, Bakıdan bəylər gəlirdi. Hamı o anı gözləyirdi. Türkiyədə gözəl bir söz var:

Könül nə qəhvə istər, nə qəhvəhanə,

Könül söhbət istər, qəhvə bəhanə.

Əslində Bəy doğum günü sevməzdi. Amma ora insanlar yığılırdı, bir söz öyrənirdilər. Gələn qonaqlar hərə bir söz deyirdi. Hər bir sözün də öz dəyəri var idi. İnsanları yaşadan ümiddi, sözdür. Ora gələn insanlar da bundan yararlanırdı. Bunun özü də böyük şeydir. Əgər biz bu gün kiməsə iynənin ucu qədər yardım ediriksə, şükür etməliyik ki, Allah bunu bizə rəva görür. Sahib olduğumuza üzülməkdənsə, sahib olduğumuza şükr etməyimiz lazımdır. Elçibəy kimi nəhəng bir şəxsiyyətə sahib idik. Mən Elçibəyin yanında 7 il bir, bir də 1977-ci ildə də il olmuşam. Heç vaxt Bəydən bir narazılıq eşitməmişəm. Hər zaman hamı haqqında yaxşı fikirdə olub. Mövlanə Cəlaləddin Rumi deyir ki, gözəl danışan gözəl görər, gözəl görən gözəl danışar. Yəni insanlar üçün ən pis şey bədbinlikdir.

“Ona Atatürkün, Rəsulzadənin şəklini hədiyyə gətirirdilər”

-Kəndə hədiyyə göndərən olurdumu? Bu hədiyyələrin yaddaqalanı hansı olmuşdu?

-Bəli. Ən çox Məhəmməd Əmin Rəsulzadənin, Atatürkün, Bəyin öz şəklini hədiyyə gətiriblər. Bir çox hədiyyələr gəlirdi. Amma onlar önəmli deyil. Önəmli olan düşünməkdir. İnsanlar bir-birini düşünürsə, bu bəs edər. Siz bu gün mənə zəng etmisiniz, mən sizə balaca bir ümid verirəmsə, bu, böyük bir şeydir.

“Ona Moskvadan Atatürkün üzüyünü gətirmişdilər”

-Bəyin daim yanında saxladığı hədiyyə var idi? Onu kim göndərmişdi?

-Biz Ankarada olanda bir nəfərin uşağı dünyaya gəlmişdi. Bəy ona ad verdi. Onda da bir nəfər Moskvadan Bəyin yanına gəlmişdi. Bəyə Atatürkün üzüyünü gətirmişdi. Hər zaman yadımda qalıb ki, Bəyin belə bir hədiyyəsi var idi.

“Qızı gözlərinə baxanda Bəy xoşbəxt olurdu”

-Bəy ailəsinə çox bağlı idi. Ad günlərində ailə üzvlərini xüsusi şəkildə təbrik edirdimi?

-Ən çox Çilənay xanım onun gözlərinə baxanda Bəy xoşbəxt olurdu. Kələkidə Bəy bütün uşaqların alnından öpürdü. Öz oğlu Ərturquta gələndə dayanırdı. Soruşdular ki, Ərturqutu niyə öpmədin? Deyirdi ki, onun mənim kimi dədəsi var! Hamınız Elçibəyin oğludur deyə onu sevirsiz, amma o biriləri sevmirsiz.

“Dostu Rəşid bəy gələndə çox sevinirdi”

-Bəyin dostları çox idi. Daha çox kimdən təbrik gözləyirdi? Daha çox kim qapısını açanda sevinirdi?

- Türkiyədən Rəşid Çaşıroğlu var idi. Bəy həmişə ona “qardaşım” deyirdi. Bakıda Hacı Zakir var idi, Bəy ona “Qızıl Zakir” deyirdi. Biz Türkiyədə olanda Dövlət Baxçalı hər zaman çox hörmətlə, izzətlə Bəyin görüşünə gəlirdi. Ən çox güvəndiyimiz, Bəyi tez-tez axtaran Rəşid bəy idi. Başqaları da var idi, amma mənim üçün Rəşid bəyin xüsusi yeri var.

“Bakıda 3 dəfə Bəyə doğum günü keçirmişik”

-Kələkidən Bakıya qayıdandan sonra ad günlərini necə keçirirdi?

-Bəyin sonuncu, 62-ci ad günü Bakıda Çay fabrikinin yanında olub. Onu da Tofiq Seyidov və dostları təşkil etmişdi. Hacı Zakir Bəyə hədiyyə olaraq 3 at təsviri olan şəkil gətirmişdi. O foto Bəyin evinə vurulmuşdu, sonra bilmədim necə oldu. Ümumi olaraq 1997-2000-ci illər ərzində Bakıda 3 dəfə Bəyə doğum günü keçirmişik.

“Bəy, təvazökar, insana bağlı şəxsiyyət idi”

-Bəylə sizin ən yadda qalan xatirəniz nə olub?

-Bir dəfə Bəy məndən kofe istədi. Deyirdi ki, ərəb ölkələrində kofe, siqaret və su menyu sayılır. Bəy kofeni çox sevirdi. Kofe dəmləyəndən sonra deyirdim ki, Bəy, birini də hazırlayım?

Deyirdi ki, axı sənə əziyyət olar. Deyirdim ki, yox, Bəy, siz sözü elə deyirsiz, adam istəyir bir də deyəsiz. Yəni o qədər təvazökar, insana bağlı şəxsiyyət idi. Bəy insan sərrafı idi. İnsanın qəlbini ala bilirdi. Bəyin gözəl bir sözü var idi. Deyirdi ki, sən bilirsən niyə mənim yanımdasan? Çünki sən bilirsən ki, burda dayanmaq lazımdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net