Nazirlik rəsmisi: “Daşınar əmlak girovu ilə irihəcmli kredit götürmək mümkün olacaq” - MÜSAHİBƏ
Tarix: 16-06-2020, 15:21 | Çap et
Nazirlik rəsmisi: “Daşınar əmlak girovu ilə irihəcmli kredit götürmək mümkün olacaq” - MÜSAHİBƏ
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə tətbiq olunacaq yeni mexanizmlərlə bağlı Oxu.Az-ın suallarını İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifələrini icra edən Samir Hümbətov cavablandırıb.

- Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub. Bu kreditlər hansı sahələrə ayrılır? Qaydalarda hansı dəyişikliklər var?

- Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq edilib və kreditlərin verilməsində bir sıra dəyişikliklər olunub. Dəyişikliklərə əsasən, sahibkarlar üçün əlavə maliyyə alətləri də tətbiq olunacaq.



Ümumiyyətlə, dövlətin güzəştli kreditləri ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı prioritet sahələrin maliyyələşdirilməsinə yönəldilir. Bu məqsədlə hər ilin əvvəlində Fondun Müşahidə Şurası tərəfindən güzəştli kreditlərinin verilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri daha çox kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək.

Güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə yerləşdirilməsinə nəzər salsaq görərik ki, kreditlər daha çox aqrar sektorun inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldilir. Bunun da əsas səbəblərindən biri ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac imkanlarının artırılmasıdır.

Bilirsiniz ki, emal sənayesi əlavə dəyərin yaradılmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan, regionlarda kiçik və orta ölçülü aqro-emal müəssisələrin yaradılmasının təşviq edilməsi 2020-ci il üçün əsas prioritet istiqamətlərdən dir. Digər prioritet istiqamətlərə intensiv bağçılıq, cins heyvandarlıq, əkinçilik, tərəvəzçilik, müxtəlif sənaye məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və s. sahələri aid edə bilərik.

Yeni qaydalara uyğun olaraq, sahibkarlığın inkişafı üçün əhəmiyyətli olan yeni maliyyələşmə alətləri tətbiq ediləcək ki, bu da həm sahibkarlıq subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını daha da artıracaq, həm də müvəkkil kredit təşkilatlarının maliyyə dayanıqlılığının qorunmasına əlavə imkanlar yaradacaq.



Əsas dəyişikliklərdən biri kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçik və orta həcmli kreditlər üzrə kredit müddətinin iki il artırılması və kredit dövrünün yarısının güzəşt müddəti olaraq müəyyən edilməsidir.

Qaydalarda daha bir yenilik daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Başqa sözlə, sahibkar daşınar əmlakı, yəni aldığı yeni avadanlığı girov qoymaqla güzəştli krediti əldə edə biləcək.

- Fondun nizamnaməsində əsas dəyişikliklər hansılardır?

- Bilirsiniz ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də, koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək mexanizmlərinin tətbiq olunması zərurəti yaranıb.



Cənab Prezidentin müvafiq Fərmanı ilə Sahibkarlığın Inkişafı Fondunun Nizamnaməsinə edilmiş əlavə və dəyişikliklər Fondun fəaliyyət istiqamətlərini daha da genişləndirib. Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərinin subsidiyalaşdırılması mexanizminə əsasən, yeni veriləcək 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zamin duracaq, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50% hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılacaq.

Belə ki, girov yetərsizliyi olan sahibkarlara banklardan kredit alarkən həmin kreditlərin 60%-dək hissəsinə dövlət zəmanəti veriləcək. Məsələn, sahibkar 100 min manat kredit götürmək istədikdə göstərilən məbləğdən daha yuxarı likvid dəyərdə olan girov təqdim etməlidir.

Amma yeni mexanizmə görə, sahibkarın 100 min manatlıq kreditinin 60 min manatına dövlət zəmanəti veriləcək ki, bu da sahibkarların kreditlərə çıxış imkanlarını artıracaq. Bu mexanizm üzrə kredit müddəti üç ildən, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil olunacaq.



Misal üçün, əgər sahibkar krediti 15 faizə götürübsə, faizin yarısı dövlət vəsaiti hesabına subsidiyaladırılacaq. Yəni sahibkar aldığı kredit üçün 7,5 faiz ödəyəcək. Bu da sahibkarlar üçün böyük üstünlükdür.

Bu mexanizmləri həyata keçirməkdə əsas məqsəd odur ki, sahibkarların kreditlərə çıxış imkanları asanlaşsın, onlar bu kreditləri daha tez əldə edə və banklar da kreditləri rahat şəkildə verə bilsinlər. Bununla da, dövlətlə kredit təşkilatları arasında risklər bölüşdürülmüş olur.

Xüsusi bir məqamı qeyd edim ki, dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması mexanizminin tətbiq olunması ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən elektron kredit platforması hazırlanır.

Bu platforma üzrə işlər yekunlaşmaq üzrədir və sahibkarlar tezliklə kreditlərin əldə edilməsi üçün onlayn şəkildə müraciət etmək imkanı qazanacaqlar. Müraciət portalda qeydiyyata alınacaq və sahibkar istədiyi kreditin məbləğini və bankı seçəcək, prosesi əvvəldən axıra kimi izləyə biləcək.



Sahibkarın müraciətinə Fond və bank tərəfindən eyni anda baxılacaq. Bütün bunlar isə kreditin verilməsində çevikliyi, şəffaflığı və sahibkar məmmunluğunu artıracaq. Əgər sahibkar bir bankdan müsbət cavab almazsa, digər müvəkkil bankı seçmək imkanı əldə edəcək.

Eyni zamanda, pandemiyanın sahibkarlıq fəaliyyətinə mənfi təsirlərini aradan qaldırmaq üçün zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyalar veriləcək.

Bu mexanizmə əsasən, zərər çəkmiş sahibkarların manatla aldıqları kreditlərin faizlərinin 10 faiz bəndi mart ayından başlayaraq növbəti 12 ay ərzində dövlət tərəfindən maliyyələşdiriləcək (verilmiş 1 milyard manat kredit porfeli üzrə).

Bu məqsədlə 100 milyon manat vəsait nəzərdə tutulub. Bunun 50 milyon manatı dövlət büdcəsinin vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu isə həm zərər çəkmiş sahibkarlara, həm də ölkənin ərzaq təhlükəzisliyinin təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə zəruri ərzaq təchizatçılarına şamil ediləcək.

Bu subsidiyalaşdırma mexanizminin tətbiqi həm kredit təşkilatları, həm də sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, kreditin 10 faiz bəndinin ödənilməsi sahibkarların maliyyə yükünü azaltmış olacaq və banklar qarşısında öhdəliyini yerinə yetirən zaman onların kredit tarixçəsi pisləşməyəcək.

Məsələn, tutaq ki, sahibkarın 18 faizlik krediti olub. Həmin 18 faizin 10 faizlik hissəsi yuxarıda göstərilən vəsait hesabına subsidiya şəklində onlara ödəniləcək. Bu da sahibkarlar və banklar üçün mühüm töhfədir.

Bilirsiniz ki, sahibkarların kredit ödənişlərində baş verən gecikmələr banklarda problemli kreditlərin həcminin artmasına səbəb ola bilər. Bu da bankların məcmu kapitalında adekvatlıq əmsalını aşağı salır. Problemli kreditlərin yaranması risklərinin qarşısının alınması üçün bu mexanizmlərin tətbiqi öz müsbət təsirini göstərəcək.

Fondun Nizamnaməsinə əsasən təsdiq edilmiş digər mexanizm fors-major hadisə ilə bağlı şəraitin dəyişməsi səbəbindən kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.



- Daşınmaz əmlak girovu olmayan sahibkarlara güzəştli kreditlərə çıxış imkanları yaradılır. Sahibkarlar üçün maksimum nə qədər maliyyə vəsaiti nəzərdə tutulur?

- Fondun güzəştli kreditlərinin verilməsi Qaydasına əsasən, daha bir yeni maliyyələşmə aləti tətbiq olunacaq. Artıq sahibkarlar daşınar əmlakı girov qoymaqla da kredit əldə edə biləcəklər. Bu, alınan avadanlıqların girov qoyulması yolu ilə güzəştli kreditlərin verilməsi mexanizmidir. Belə ki, sahibkar aldığı avadanlığı girov kimi rəsmiləşdirməklə güzəştli kredit ala biləcək.

Bu mexanizm yalnız yeni avadanlıqlarının alınması üçün nəzərdə tutulub.

Əvvəllər heç vaxt belə şərtlərlə kredit verilməyib. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edəcək.

Əgər sahibkar avadanlıqları xaricdən gətirirsə, onların dəyərinin ilkin olaraq 20 faizini, yerli istehsal olan avadanlıq alırsa, dəyərinin 10 faizini ödəyəcək. Bu kreditlərin həcmi 5 min manatdan 3 milyon manatadək, müddəti 5 ilədək, güzəşt müddəti 12 aya qədərdir.

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net